Azərbaycan regionda sülhün təmin olunması üçün səylərini artırır
2 İyun 2022 16:00 Siyasət"TEKNOFEST Azərbaycan" Türkiyə ilə həmrəyliyimizi bir daha nümayiş etdirdi
Artıq 30 ildir ölkəmiz dayanmadan inkişaf edir, Azərbaycan xalqı müstəqil xalq kimi yaşayır. Müstəqillik dövrümüzdə bizə ən yaxın, ən çox dəstək olan ölkə qardaş Türkiyə dövləti olub. Hər iki ölkə bir-birinə qarşılıqlı dəstək olaraq birlikdə bir çox işlər görüblər. Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibəti nə qədər çox inkişaf edərsə, regionda sabitlik, sülh bir o qədər artacaq. 44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında - Zəfər Paradında bizlə bir yerdə oldu. Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı dünyaya verilən aydın mesaj idi. Onun sözlərinə görə, qardaşlıq bağlarını gücləndirən digər önəmli hadisə isə keçən il Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış "Şuşa Bəyannaməsi" oldu. Siyasi, iqtisadi, mədəni, ordu quruculuğu və digər sahələr üzrə birlikdə əməkdaşlığı nəzərdə tutan bu bəyannamə müttəfiqliyimizi daha pik həddə çatdıracaq: "TEKNOFEST"in Azərbaycanda keçirilməsi, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarın Azərbaycana gəlməsi, cənab Prezident İlham Əliyev tərəfindən bu vətənpərvər şəxslərin gənclərə örnək kimi göstərilməsi əlamətdar və tarixi hadisə idi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da "TEKNOFEST"də çıxış edərək önəmli mesajlar verdi, səmimi qardaşlıq münasibətlərindən danışaraq bunun əbədi olacağını bildirdi. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Qarabağ müharibəsində düşmənə qarşı vuruşarkən ürəyimizin, sevincimizin, kədərimizin bir olduğunu qeyd etdi. Azərbaycan tarixi və mədəniyyəti eyni olan Türkiyə ilə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün hər iki dövlət səylə çalışır". Millət vəkili Sahib Aliyev qeyd edib ki, müstəqillik günündə "TEXNOFEST"in Bakıda düzənlənməsi, Türkiyə Prezidentinin bu müqəddəs bayramı burada bizimlə birgə qeyd etməsinə reaksiyalar olacaqdı, oldu da: "Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndindəki çıxışında Xocalı faciəsinin müstəqilliyimizin bərpasından cəmi 4 ay sonra baş verdiyini, onun ardından Laçının, Şuşanın və digər torpaqlarımızın işğal edildiyini və burada Ermənistanla yanaşı "xarici amil"in mühüm rol oynadığını elə-belə vurğulamırdı. Yəni diqqətə çatdırılırdı ki, bütün bunların səbəbi bəlli çevrələrin bizim müstəqil olmamızı istəməmələri ilə bağlıydı. Həmən çevrələr nə xislətlərini, nə də mövqelərini dəyişiblər. Ona görə də bizim üçün müqəddəs bir gündə cənab Ərdoğanın ölkəmizə səfərini onlar düzgün olaraq Türkiyənin Azərbaycanın müstəqilliyinə öz özgürlüyü kimi yanaşmasının sərgilənməsi kimi baxır və bundan qıcıqlanırlar. Mayın 28-də Xankəndində keçirilən dırnaqarası etiraz mitinqi də elə bununla bağlıydı.Əsas informasiya dəstəyini kimlərin verdiyindindən duyulur ki, Azərbaycan və Türkiyə əleyhinə keçirilən, arada Paşinyanın da tənqid olunduğu o aksiyanı hansı çevrələr təşkil etmişdi. Rusiyanın Ria Novosti dövlət agentliyi bildirir ki, "60 min əhalinin yaşadığı" Xankəndində mitinqə yüzlərlə adam qatılmışdı. Ancaq həmən agentliyin yaydığı öndən çəkilən panoramsız görüntülər "yüzlərlə adam" kimi təqdim edilənlərin sayının 200-300-ü keçmədiyini və oradakı digər reallıqları üzə çıxarır. Söhbətin hansı reallıqdan getdiyini açıqlamamışdan birincisi onu deyim ki, Qarabağın Rusiya hərbi kontingentinin MÜVƏQQƏTİ kontrolunda olan hissəsində yaşayanların sayı bütövlükdə 25 mini keçmədiyindən Xankəndində "Ria Novosti" nin təqdim etdiyi kimi 60 min adam qala bilməz. Bu dezinformasiyadır. İkincisi, Azərbaycan əleyhinə həm bu, həm də digər təşkil edilmiş aksiyalara qatılanların sayının azlığı, orada daha çox uşaqların yer alması onu göstərir ki, Xankəndi və ətrafında yaşayan hay əsillilərin əksəriyyəti təşkilatçıların müvəqqətiliyini, Ermənistan ordusunun tör-töküntüləri və separatçı-terrorçu ünsürlərlə birgə oradan gedəcəklərini yaxşı anlayır, onlar tərəfindən girov götürülmüş toplum kimi yox, digər Azərbaycan vətəndaşları necədirsə, o cür yaşamaq istəyirlər. Yəni Xankəndindəkilərin çoxu bu hərəkətləri ilə əslində bizimlə birgə olduqlarını göstərirlər. Ona görə onlara da buradan səslənərək "sizin də 28 May dövlət müstəqilliyi bayramınız qutlu olsun",- deyirəm. Ancaq Ağalı kəndindəki çıxışında cənab Prezidentin də vurğuladığı kimi Qarabağdakı hay əsillilər də anlamalıdırlar ki, artıq separatçı ünsürlərə hədlərini göstərməyin vaxtı yetib. Azərbaycan vətəndaşı olaraq yaşamaq istədiklərini dövlətimiz əleyhinə təşkil edilmiş aksiyalara qatılmamaqla ortaya qoymaq mərhələsindən, bunu açıq şəkildə dilə gətirmək və göstərmək mərhələsinə keçməlidirlər. Çünki reinteqrasiya qarşılıqlı istəyə dayanan prosesdir. Reinteqrasiyanın onlara nə verəcəyini bilmək üçünsə beş addımlıqlarındakı Şuşaya və yenidən qurulan "Ağıllı kənd"ə- Ağalıya baxmaq yetər. İndi ağıllı olmaq zamanıdır". Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalının nüfuzu ildən-ilə artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. İlk dəfə "TEKNOFEST"in Türkiyədən kənarda - Azərbaycanda təşkil olunması iki ölkə arasında qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı da dərinləşdirəcək. Dövlətimizin başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "TEKNOFEST Azərbaycan"da çıxışları festivalın əhəmiyyətini, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq. Məlumdur ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deyə bəyan etdi. Bu bəyanat Azərbaycana əlavə güc, ruh və inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Vətən müharibəsindən sonra isə tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqliyə yüksəldi. Bu amil iki qardaş ölkənin əlaqələrinin ən yüksək zirvəsidir. Millət vəkilinin sözlərinə görə, festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qardaşlıq əlaqələrimizi çox yüksək dəyərləndirdi: "Türkiyə Prezidentinin dediyi kimi, Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi. Vətən müharibəsində olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə bundan sonra da öz dəstəyini verəcək. Bölgədə yeni bir səhifə açmağın vaxtının çatdığını deyən cənab Ərdoğan qeyd etdi ki, hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir. Beləliklə, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə yalnız və yalnız irəliyə gedəcək. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. İki ölkənin qətiyyəti regionun gələcəyinin formalaşmasında da həlledici rol oynayır".
Alim