"Heydər Əliyevin respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarması dönüş nöqtəsi oldu" - politoloq Nurlan Qələndərli

"Tarixə nəzəri-siyasi ekskurs etdikdə görürük ki, hər bir xalqın və dövlətin inkişafında həlledici amillərdən biri liderlikdir. Siyasi liderlik təkcə hakimiyyət olimpində olmaq və ya səlahiyyət sahibinə çevrilmək deyil, eyni zamanda, dövləti idarə etmək sənəti və cəmiyyətin, xalqın mənəvi-siyasi enerjisini milli hədəflərə yönləndirmək bacarığıdır. Siyasi lider, həmçinin xalqın dəstəyindən güc alaraq sabitlik, həmrəylik, inkişaf, intibah və tərəqqini təmin edən qüvvədir. Şübhəsiz ki, bəşəriyyət tarixi çoxsaylı lider nümunələri ilə zəngindir. Fərqli nümunələr isə tarixdə iz qoymuş hər bir liderin özünəməxsus ictimai portreti və siyasi imici olduğunu göstərir. Təbii ki, liderin siyasi obrazının möhtəşəmliyi və unikallığı rəhbərlik etdiyi dövlətin tarixdəki yeri və rolu ilə ölçülür. Bir əsrdə iki dəfə dövlət müstəqilliyi qazanmış Azərbaycan xalqı bu baxımdan şanslı və xoşbəxtdir, desək, yanılmarıq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, ümummilli lider Heydər Əliyev iki fərqli dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamızın yüksəlişini, intibahını, inkişafını və tərəqqisini təmin edib. N.Qələndərli söyləyib ki, Heydər Əliyev bir-birindən iqtisadi, siyasi, ideoloji cəhətdən fərqlənən iki dövrdə də ölkəmizə rəhbərliyi zamanı xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb: "Müstəqilliyin ilk illərində xalq müdrik dövlət xadimi, siyasi obrazı Vətənə şərəfli və layiqli xidmətin təzahürü olan Heydər Əliyevə üz tutmaqla sabitlik və inkişaf naminə Azərbaycanın gələcəyini seçdi. Ümummilli lider Heydər Əliyevin respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarması və ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açması dönüş nöqtəsi oldu. Beləliklə, xalqın inam və etimadından güc alan Lider Azərbaycana gerçək, de-fakto müstəqilliyini qazandırdı. Tarix Azərbaycanın timsalında xalq-lider birliyi düsturunun xilaskarlıq dastanına çevrilməsinə növbəti dəfə şahidlik etdi. 15 iyun 1993-cü il tarixində Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi təkcə xalqın deyil, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası, Milli Qurtuluş idi. Bu, həmçinin Azərbaycan xalqının milli inamının bərpası, gələcəyə ümidli, nikbin baxışının əsası oldu. Azərbaycanı parlaq gələcəyə aparacaq Liderin ətrafında sıx birləşən xalq növbəti dəfə öz milli iradəsini ortaya qoydu və Heydər Əliyevi ölkə rəhbəri kimi görmək istəyini ifadə etdi. 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələri bu reallığın təsdiqinə çevrildi. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dövrü kimi yadda qalıb".
"Ümumiləşdirsək, qeyd edə bilərik ki, Ümummilli Lider xalqımıza üç böyük miras qoyub. Birincisi, dövlət müstəqilliyi: 1991-ci ildən adı formal müstəqil dövlətlər sırasında yer alan Azərbaycan milli suverenliyini - əsl müstəqilliyini məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra əldə etdi. Azərbaycan adı müstəqil siyasət yürüdən dövlətlər sırasında öz layiqli yerini tutdu. Beləliklə, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin müstəqillik zirvəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. İkincisi, zəngin mənəvi-siyasi i̇rs, yaxud Heydər Əliyev ideyaları: Heydər Əliyevin zəngin dövlətçilik irsi, heç şübhəsiz, milli sərvət və mütərəqqi dəyərdir. Heydər Əliyev ideyaları həm XX, həm də XXI əsrdə Azərbaycan dövlətçiliyinin mənəvi-siyasi-ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir. Üçüncüsü, siyasi varislik: ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişafı, dayanıqlı sabitliyi təmin etmiş oldu. Heydər Əliyev siyasətinin Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən milli maraqlara və müasir qlobal çağırışlara uyğun davam etdirilməsi nəticəsində Azərbaycanın adı qalib ölkə və qüdrətli dövlət anlayışları ilə assosiasiya olunur" ,- deyə politoloq əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31