Rusiya - İsrail münasibətləri hansı istiqamətdə inkişaf edəcək?

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Naziri Sergey Lavrovun Yəhudi xalqı haqqında işlətdiyi xoşagəlməz ifadələrə görə İsrail Baş Naziri Naftali Bennetdən və yəhudilərdən üzr istədi. Bennet onu tənqid edənlərin etirazına baxmayaraq üzrü qəbul etdi. Yəhudi dövləti başçısının bu addımı iki dövlət arasında münasibətlərin əvvəlki səviyyədə davam etdirilməsinə yardım edəcəkmi? Bu barədə mövqelər müxtəlifdir. Öncə baxaq görək Rusiya Xarici İşlər Naziri, təcrübəli diplomat Segey Lavrovun işlətdiyi ifadələr məqsədyönlü, yoxsa təsadüfən deyilmiş sözlər idi.

İtaliyanın Mediaset televiziyasına verdiyi müsahibəsində Lavrov Ukrayna  Prezidenti Volodimir Zelenskinin özünü yəhudi xalqının nümayəndəsi adlandırmasının Ukraynanın  millətçi siyasət yeritməsinə mane olmadığını bildirmiş, ən qəddar nasist olan Hitlerin damarında yəhudi qanı axdığını bəyan etmişdir. Onun yəhudiləri hiddətləndirən digər ifadəsi isə Holokost zamanı yəhudilərə divan tutanlar arasında yəhudi millətinin nümayəndələrinin olmasının da elan etməsi idi. Rusiya Xarici İşlər Nazirinin başçısının bu bəyanatları İsraildə və bütün dünyada böyük narazılıqla qarşılandı. İki dövlət münasibətlərin ən gərgin fazasına girdilər. Rusiyanın İsraildəki səfiri İsrail Xarici İşlər Nazirliyinə izahat üçün çağırıldı.

Rusiya kütləvi informasiya vasitələri və həm də İsraildə Lavrovun bu ifadələri qəsdən, məqsədyönlü şəkildə dövriyyəyə buraxdığından əmindilər. Lavrovun məqsədsiz şəkildə bu boyda səhv işlətməsi mümkün görünmür. O yəhudiləri təhqir etdiyi bəyanatı ilə onalara İsrail dövlətinin Ukraynaya tərəf meyllənmsindən xəbərdar olduqlarını və bu yaxınlığı ciddi şəkildə qınadıqlarını çatdırmaq istədi. Amma onun seçdiyi taktika yəhudiləri Rusiyaya yaxınlaşmağa deyil ondan daha da uzaqlaşmağa təşviq edir.

Lavrovun bəyanatından sonra iki ölkə arasında münasibətlər ritorika formasında olsa da gərginləşdi. Rusiya politoloqu Oleq Barabanovun dediyinə görə : " Bu Rusiyanın mənafeyinə xidmət edən addım deyil, çünki İsrail bu vaxta qədər də Rusiya ilə münasibətdə tarazlaşdırılmış siyasət yeridirdi, Rusiyanın əleyhinə olan dövlətlərin siyahisində ön sırada deyildi, Rusiyanın düşmənləri siyahisinə rəsmi şəkildə salınmamışdı." Diplomat eyni zamanda bildirib ki, Lavrov kimi təcrübəli dövlət xadiminin səhv etdiyin düşünmək də düzgün olmazdı. " Lavrov İsrailin İkinci Dünya Müharibəsi, Holokost və yəhudilərin faciəsi  mövzusuna nə qədər həssas olduğunu gözəl başa düşür. Əgər o qeyd olunan ifadələri işlədibsə, deməli müəyyən siyasi məqsədlər güdüb."

Lavrovun siyasi məqsəd güdməsini onun sonrakı günlər təkzib verməməsi və ya üzrə istəməməsi də sübut edir. O sonrakı addımları ilə yəhudi siyasətçiləri və dövlət xadimləri ilə dediyi sözlərlə bağlı hətta polemikaya girməyə cəhd etdi. Burada Rusiya Prezidenti Vladimir Putinin Sergey Lavrovun dedikləri ilə razılaşıb-razılaşmaması da açıq qalır. Hiss olunur ki, Rusiya Prezidenti də İsrail dövlətinə bu yolla xəbərdarlıq olunmasını dəstəkləyib. Çünki Lavrovun deyil, Putinin üzr istəməsi faktı siyasi manevr kimi də qiymətləndirilə bilər- pis polis, yaxşı polis siyasəti

Bu hadisənin Rusiya - İsrail münasibətlərində hansı səviyyədə iz buraxa biləcəyi hazırda müzakirə mövzusudur. Bəzi politoloqlar hesab edirlər ki, Vladimir Putinin müdaxilə edərək üzr istəməsi vəziyyəti əvvəlki səviyyəyə qaytaracaq. Çünki, hər iki dövlət başçısı aralarındakı münasibətlərin normal məcrada davam etməsində maraqlıdırlar. Rusiyanın az qala bütün dünya ilə qarşı-qarşıya durduğu bir vaxtda İsrailin yaxşı halda  neytral qalması çox əhəmiyyətlidir. İsrailə də Suriya səmasında sərbəst hərəkət etmək üçün Rusiyanın icazəsi mütləqdir. Amma Lavrovun bəyanatının təsirsiz ötüşməyəcəyini proqnozlaşdıranlar da var. Onlar hesab edirlər ki, Rusiya İsrailin əlinə istənilən zaman onun əleyhinə istifadə edə biləcəyi çox ciddi bir arqument verdi. Təbii ki, zamanı gəldikdə və ya İsrailin mənafeyi bunu tələb etdikdə heç çəkinmədən bu arqumentdən istifadə edəcək.

Əlimusa İbrahimov

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31