"Ermənistan regionda dalana dirənməmək üçün Azərbaycanın təşəbbüslərinə və çağırışlarına müsbət cavab verməlidir" - politoloq İlyas Hüseynov

"Ermənistanda revanşist qüvvələr və radikallar get -gedə aktivləşməkdədir. Ermənistanın təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanetsyanın başladığı bu fəaliyyət get -gedə daha da genişlənərək ətrafına Qarabağ klanının təmsilçilərini, eks - prezident Robert Köçəryan və Serj Sarkisyanı da cəmləşdirə bilib". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"Qarabağ klanının yenidən aktivləşməsi Ermənistanda revanşist əhval-ruhiyyənin olmasından xəbər verir. Eyni zamanda, burada kənar güclərin, kənar dövlətlərin təsiri də istisna olunmur. Bu xüsusda Nikol Paşinyan da artıq revanşistlərə və onu devirmək fəaliyyəti ilə məşğul olan şəxslərə də öz cavabını vermişdir. Eyni zamanda, Nikol Paşinyan da həm kapitulyasiya aktına imza atması, həm də verdiyi vədləri yerinə yetirməməsi onun ətrafında neqativ ab-havanı daha da gücləndirmişdir. Çünki Ermənistanın xarici dövlət borcu artmış, demoqrafik böhran daha da dərinləşmiş, eyni zamanda, ikinci Qarabağ müharibəsinin vurduğu iqtisadi-siyasi fəsadlar geniş miqyaslıdır. Həmçinin, nümayişçilər arasında əsgər analarının olması və siyasi iqtidarı devirməyi məqsəd kimi qoymuş revanşistlərin bu kartdan istifadə etməsi də göstərir ki, hər vəchlə Nikol Paşinyanı devirmək hədəfləri qoyulub. Eyni zamanda sülh gündəliyinə də hazırkı proseslər mənfi təsir göstərir. Baxmayaraq ki, mayın 2-si tarixində cənab Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi  Armen Qriqoryan Brüsseldə görüşüb  və xüsusi nümayəndələr səviyyəsində keçirilmiş görüşün əsas məqsədi sülh gündəliyinə uyğun olaraq sənədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması ilə bağlı hazırlıq işləri, mövqelərin uyğunlaşdırılmasıdır. 

Görünür ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və təhlükəsizlik mühitinin gücləndirilməsi, siyasi dialoqun inkişaf etdirilməsinin əleyhinə güclər də vardır. Bu reallıqları nəzərə alaraq, tərəflər hərəkət etməlidirlər və xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında iki dəfə telefon danışığının baş tutması da göstərir ki, siyasi etimad atmosferini daha da genişləndirmək mümkündür. Bu vətən müharibəsinin Azərbaycana qazandırdığı yeni reallıqlardır, yeni bir yanaşmadır. ATƏT-in Minsk Qrupu formatında keçirilmiş görüşlərdə buna müyəssər olmamışdıq və düşünürəm ki, Azərbaycan və Ermənistan yaranan problemləri ikitərəfli qaydada həll etmək iqtidarındadırlar. Bunun üçün siyasi iradə nümayiş etdirmək lazımdır. Ermənistan regionda dalana dirənməmək üçün regionun inkişaf pəncərəsi prizmasından yanaşmaq niyyəti güdürsə, Azərbaycanın təşəbbüslərinə və çağırışlarına müsbət cavab verməlidir. Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməməklə, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımalı və dəstəkləməlidir, Azərbaycanın sərhədlərinə hörmət nümayiş etdirməlidir. İrəli sürdüyü tezisləri problemlər də əslində məsələləri yubatmaq xarakteri yox, Azərbaycanın multikultural siyasəti çərçivəsində irəli sürdüyü hüquqların və təhlükəsizlik aspektinin qorunması prizmasından məsələlərə yanaşmaq lazımdır. Hər hansısa kənar fikirlər prosesi yubatmağa xidmət edir. Ermənistan bu reallıqları nəzərə almalıdır ki, Azərbaycan da öz hədəflərinə çatmaqda maraqlıdır və səbri də sonsuz deyil".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31