“Əgər saydığım bu 3 kontekstdə dəyişiklik olmazsa Ermənistanda gərginlik uzun müddət davam edəcək”
7 May 2022 17:16 SiyasətErmənistanda revanşist qüvvələrin aktivləşməsi ilə bağlı "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "OLAYLAR.az" açıqlama verib.
"Ermənistanda revanşist qüvvələrin fəaliyyəti artan sürətlə inkişaf edir. Müqayisə aparsaq Vətən müharibəsindən sonrakı ilk aylarda Ermənistanda baş verən etiraz aksiyaları ilə hazırda baş verən etiraz aksiyaları arasında fərqlərin olduğunu aydın görərik. Ermənistanın İkinci Qarabağ savaşında məğlub olmasından sonra İrəvanda revanşistlərin aksiya keçirmək cəhdləri uğurlu səviyyədə alınmadı. Vətən müharibəsindən sonra Ermənistanda keçirilən seçki prosesinə də əhəmiyyətli dərəcədə təsir göstərə və mane ola bilmədilər.
Amma, Vətən müharibəsindən sonra ötən il yarım müddət ərzində revanşistlərin və Ermənistanı keçmiş dövrə qaytarmaq istəyən qüvvələrin fəaliyyətində aktivləşmə, güclənmə meyli açıq -aşkar hiss olunur. Müharibədən sonrakı dövrdə onlar heç nə edə bilmədilərsə, bu gün hətta bəzi hallarda Paşinyanın hakimiyyəti üçün təhlükə törədə biləcək həddə yaxınlaşırlar. Bütün ölkə miqyasında aksiyalar keçirir, Paşinyana istefa tələb edir, çox qəti və kəskin tələblər qoyurlar. Əlbəttə, nə qədər aktiv olsalar da Ermənistanda hakimiyyət dəyişikliyi məsələsi hələlik mümkün görsənmir. Amma vəziyyət müəyyən amillərdən asılı olaraq tez-tez dəyişə bilər.
Onu da deyim ki, Paşinyanın əleyhinə olan bu radikal revanşist aksiyalarda bəzi beynəlxalq xarici qüvvələrin, o cümlədən Rusiya hakimiyyətinin müəyyən maraqları var. Paşinyanın bu radikal və revanşist aksiyalarda marağı ondan ibarətdir ki, ya Ermənistan Azərbaycan və Türkiyə ilə açılıma getməyi hədəfləyib. Ancaq başa düşür ki, bu hədəflərə yetişməyə də bilər. Çünki, Paşinyan yaxşı bilir ki, o hazırda hərbi, siyasi və diplomatik nöqteyi -nəzərdən məğlub olmuş bir dövlətin başçısıdır. Azərbaycan və Türkiyə ilə saziş və normallaşma məsələsində onun üçün o qədər də müsbət perspektiv yoxdur. Belə bir şəraitdə Paşinyan sazişi imzalamaqdan yayınmaq üçün ölkənin daxilində belə radikal və militarist, revanşist aksiyaların güclənməsində maraqlı ola bilər. Daha dəqiq desək, Paşinyan revanşist aksiyaları bəhanə tutaraq Azərbaycanla danışıqlar prosesində müəyyən qədər gecikməyə, müəyyən fasilələrə və prosesi uzatmağa nail ola bilir. O, buna indiki şəraitdə özü üçün ən əlverişli variantlardan biri kimi baxır. Çünki, Paşinyan yaxşı bilir ki, əgər Azərbaycanla uduşlu saziş imzalaya bilməsə onun tarixdə adı qalmayacaq və tarixdə ərazi iddiaları ilə zəhərlənmiş Ermənistan cəmiyyəti onu gələcəkdə ittiham edə bilər.
Belə vəziyyətdə İrəvanda baş verən bu aksiyaların güclənməsi müəyyən qədər Paşinyanın maraqlarına uyğundur və hər kəsə göstərir ki , mən əslində sülhə getmək istəyirəm , ancaq ölkə daxilindəki bu etirazlar gecikməyə səbəb olur. Erməni revanşist müxalifətinin də maraqları bundan ibarətdir ki , onlar yaxşı başa düşürlər ki , əgər Paşinyan Azərbaycan və Türkiyə ilə tam şəkildə sülhə imza atsa, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina qanuniləşərsə, onda bu revanşist qüvvələrin heç bir perspektivi qalmır . Ona görə də onlar çalışırlar ki , mümkün qədər sülh prosesin ləngidib Azərbaycan və Türkiyə ilə açılım baş verməsin. Və ya açılım baş verəcəksə, bu, Azərbaycansız baş versin . Rusiya hakimiyyətindəki müəyyən dairələr var ki , onlar da hazırki şəraitdə Ukrayna proseslərinin həll olunmadığı və qeyri-müəyyən olduğu bir vəziyyətdə Qarabağ məsələsi üzrə yekun həll variantinin belə qısa vaxt ərzində baş verməsində maraqlı deyillər. İrəvandaki militarist qüvvələrin aktivləşməsinin Moskvadan müəyyən dəstək alması da inkar oluna bilməz . Ancaq təbii ki , revanşist qüvvələrin hakimiyyətə gəlmə perspektivi indiki şəraitdə o qədər real olmasa da , hansısa bir beynəlxalq şərtlər daxilində bu reallaşada bilər .
Ən böyük ehtimal isə ondan ibarətdir ki , Ermənistanda bu günkü revanşist qüvvələrlə hakimiyyət arasında belə gərgin münasibətlər, qarşıdurmalar uzun müddət saxlanıla bilər . Çünki , hakimiyyət və müxalifət arasında baş verən gərginliyin uzun müddət saxlanılması müəyyən qüvvələrin mənafelərinə daha çox uyğundur. Amma , belə şəraitdə əlbəttə Azərbaycan da sakit dayanmır və dayanmalı da deyil. Azərbaycan ilk növbədə Ermənistana təzyiqləri gücləndirməli , ikinci olaraq Avropa Birliyi əgər bu regionda həqiqətən də sülh istəyirsə Paşinyanı sülhə məcbur etməlidir.
Bu günlərdə Ermənistan meydanlarında yalnız revanşist qüvvələri görürük. Son seçkilərdə erməni cəmiyyətində Paşinyana 54% səs verildiyi iddia olunurdu . Əgər doğrudan da həmin 54%- in verdiyi səs realdırsa , onlar da İrəvanın meydanlarında çıxış edib, Paşinyanın Azərbaycan ilə sülh sazişinə getməyə , qonşu dövlətlərlə münasibəti düzəltməyə vadar etməlidir. Saydığım bu 3 kontekstdə dəyişiklik olmazsa Ermənistanda gərginlik uzun müddət davam edəcək".