DAHİ RƏHBƏR

Ulu Öndər Heydər Əliyev - 99

"Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin".

Heydər ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

Heydər Əliyev uzaqgörən lider, dahi şəxsiyyət idi. Ömrünün çox hissəsini xalqına, dövlətinə sədaqətlə xidmətə həsr edərək Azərbaycanı inamla irəliyə aparmışdır. 

Bir sözlə, Heydər Əliyev müasir müstəqil Azərbaycanın xilaskarı və qurucusudur. Ona görə də Ulu Öndərin anadan olduğu günü xalqımız, eyni zamanda dahi şəxsiyyəti tanıyanların hamısı böyük hörmətlə qeyd edir. Bu həm də Azərbaycanın müstəqilliyinə, Heydər Əliyevin bizə miras buraxdığı dövlətçilik ənənələrinə hörmət əlamətidir. Həmin gün Ulu Öndərin məzarını Fəxri xiyabanda ziyarət edən insan axını onun dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən nə qədər yüksək qiymətləndirildiyinin göstəricisidir. Müasir Azərbaycanın həyatında elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin imzası və əməyi olmasın. 

Dahi şəxsiyyət Heydər Əliyev təhlükəsizlik orqanlarında 25 ildən artıq müddətdə fəaliyyət göstərmişdir. Onun səyləri ilə xüsusi xidmət sahəsində bütöv bir peşəkar nəsil formalaşmışdır. Şəxsən həyata keçirdiyi əks-kəşfiyyat işləri barədə sənədlər bu gün də əsl əyani vəsaitdir. Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası Heydər Əliyevin şərəfli adını daşıyır. Burada onun peşəkarlıq irsi öyrənilir. 

1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayan Heydər Əliyev qısa bir zamanda mərkəzi aparatda bölmə rəisi vəzifəsinə təyin edilmiş, 1953-cü ildə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. Fəxarət doğuran haldır ki, ulu öndər Heydər Əliyev 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı olmuşdur.

Ümummilli lider Heydər Əliyev daim xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər insanları repressiyalardan qorumuş, təhlükəsizlik orqanlarının milliləşdirilməsinə çalışmışdır. Ulu Öndər burada leytenantdan general rütbəsinədək, əməliyyat müvəkkilindən DTK sədri vəzifəsinədək şərəfli yol keçmişdir.

Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə yüksək professionallığı, fenomenal idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı, natiqlik bacarığı ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini qazanmışdır. Ulu Öndər bu orqanda yüksək vəzifələrdə olduğu illər ərzində əməliyyat tədbirlərinin, çoxgedişli əməliyyat oyunlarının və kombinasiyalarının işlənib hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak etmişdir. Heydər Əliyevin iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş "Duel", "Alagöz", "Duqlas", "Axito", "Naturalist", "İzuver" və bu qəbildən olan digər əməliyyat tədbirləri bu gün də xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi olaraq tədris olunur və öyrənilir.

Dövlət təhlükəsizlik orqanlarında uzun müddət xidmət etmiş, istefada olan polkovnik Sücəddin Abdullayev dünya şöhrətli siyasi xadim Heydər Əliyev haqqında xatirələrini qürur hissi və dərin ehtiramla bölüşüb: "Azərbaycan təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı Heydər Əliyevin vaxtilə xidmət etdiyi bir qurumda çalışmaq olduqca şərəfli və məsuliyyətlidir. 

Heydər Əliyev təhlükəsizlik orqanlarının fəaliyyətinə daima qayğı ilə yanaşırdı. Ulu Öndərin 23 mart 1997-ci il tarixli sərəncamı ilə 28 Mart - ölkəmizdə təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı günü kimi təsis edildi. 

Gənc yaşlarımdan Heydər Əliyevi sevən insan olmuşam. Nitq mədəniyyəti, yüksək təşkilatçılıq bacarığı, siyasi uzaqgörənliyi məni gəncliyimdən onun pərəstişkarına çevirmişdi. 

Ulu Öndəri ilk dəfə 1981-ci ildə Sumqayıt şəhər təşkilatının partiya fəallarının yığıncağında görmüşdüm. 1996-cı ildə DTX-nin indiki Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin iştirakı ilə Dövlət Sərhəd Qoşunlarının yaranmasının 5 illiyinə həsr olunmuş iclasında Ulu Öndərlə yaxından tanışlıq mənə də nəsib olmuşdur.  

1996-cı ildə Heydər Əliyevin Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə mən də iştirak edirdim. Həmin tədbirdə müdrik dövlət xadimi Heydər Əliyev işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına əminliyini ifadə edirdi. Əgər hakimiyyətdə Heydər Əliyev kimi şəxsiyyətlər olsaydı, Qarabağ münaqişəsi ümumiyyətlə olmazdı. Müzəffər Ali Baş Komandanımızın sayəsində Ulu Öndərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi arzusu reallaşdı.  

Bu gün dahi liderimizin anadan olmasının 99 illiyini qeyd edən Dünya Azərbaycanlıları mədəniyyətinizin beşiyi, mədəniyyət paytaxtı olan Şuşa şəhərində V Qurultayını yüksək səviyyədə keçirdi. 

Müstəqil Azərbaycanın memarı və qurucusu! Siz haqq dünyasında artıq arxayınsınız, ruhunuz şaddır! Xalqımız sizin böyük xarici və daxili siyasətinizi qoruyur və qoruyacaqdır. Allah sizə rəhmət etsin!".  

Ulu öndər Heydər Əliyev 1960-1970-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifə tutduğu dövrdə erməni-daşnak qüvvələrinin xalqımıza və respublikamıza qarşı məkrli planlarına qarşı qətiyyətlə mübarizə aparmışdır. "1960-1970-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam", - söyləyən dahi rəhbər Heydər Əliyevin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflasa uğramışdır.

Hələ DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizə daha da gücləndirilmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınması, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliği təşkil edirdi.

Heydər Əliyev özünün də dediyi kimi, Azərbaycanı canından artıq sevirdi. Özündən sonra da Azərbaycanı düşünürdü. O, siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevə özü qədər inanırdı və gələcəyinə böyük ümidlər bəsləyirdi, ona etibar edirdi. Bu inam isə özünü Azərbaycanın günü-gündən inkişaf etməsi, tarixin ən qüdrətli dövrünü yaşaması, beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi olması ilə və nəhayət cəmi 44 günə qazanılan Qarabağ Zəfərində bir daha nümayiş etdirdi. 

Vəsiyyəti yerinə yetirilən Ulu Öndərin bu gün ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında təmin edilmiş, Qarabağ əbədi azadlığına qovuşmuşdur. 

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevrilməsinə hədəflənib. 

S.İBRAHİM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31