Putin Lavrovun əvəzində İsraildən və Yəhudi xalqından üzr istədi...
6 May 2022 13:08 SiyasətRusiya Xarici İşlər Naziri Sergey Lavrovun faşist lider Adolf Hitlerin damarında yəhudi qanı axması və antisemitizmin nümayəndələri arasında bu millətin nümayəndələrinin də olmasını bildirməsi Rusiya ilə İsrail arasında münasibətləri ciddi şəkildə zədələmiş, hətta qopmaq halına gətirmişdi. Hadisə baş verəndə həm İsrailin dövlət və siyasi xadimləri, həm də Amerika Birləşmiş Ştatları Bayden administrasiyasının nümayəndələri Lavrovu tarixi həqiqətləri saxtalaşdırmaqda ittiham edərək onu yəhudi xalqından üzr istəməyə çağırdılar. Amma gözlənilənlərin əksi olaraq Rusiya Xarici İşlər Nazirliyi nazirin İtaliya televiziyasına verdiyi başıbəlalı müsahibədən sonra yenə də açıqlama verərək Lavrovu müdafiə edən ifadələr işlətdi. Mütəxəssislər Lavrovun bu demarşını İsrailin Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqe ilə əlaqələndirməyə meyl etdilər. Hesab olunurdu ki, bu çıxışla Rusiya Xarici İşlər Naziri İsrail rəhbərliyinə İsrailin son günlər həyata keçirtdiyi Ukrayna siyasətindən narazı qaldığını bildirir. Baxmayaraq ki, çoxsaylı müraciətlərə baxmayaraq İsrail dövləti Ukraynaya ciddi silah və sursat yardımı etməkdən imtina etmişdi.Vəziyyət getdikcə gərginləşir və İsrail siyasətçiləri arasında Rusiya ilə münasibətlərə yenidən baxılması haqqında çağırışlar səslənirdi. Baş verən qarşıdurmadan daha səmərəli faydalanmağa çalışan Ukrayna Xarici İşlər Naziri Dimitri Kuleba İsaril xarici İşlər Naziri Yapir Lapidlə telefon söhbəti zamanı antisemizmi Rusiya hakim dairələri arasında uzun tarixə malik olduğunu və Lavrovun bağışlanması mümkün olmayan ifadələr işlətdiyini bildirmişdi.
Elə bu zaman Rusiya Prezidenti Vladimir Putin müstəqillik günü münasibəti ilə İsrail Baş Naziri Naftali Bennətə zəng vurdu və söhbət əsnasında Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun yəhudi xalqının ünvanına işlətdiyi həqarətə görə ondan üzr istədi. İsrail Baş Naziri Putinin üzrünü qəbul etdi və bununla münaqişənin aradan qaldırılması istiqamətində addımlar atıldı. Amma iki dövlət arasında baş verən xoşəgəlməz insident Rusiya hakimiyyət dairələrində mövcud olan qarşıdurma ilə bağlı bəzi mətləbləri aydınlaşdırdı. İlk öncə son hadisələrlə bağlı Putinlə Lavrov arasında hesab olunduğu kimi qarşılıqlı anlaşmanın olmadığı nəzərə çarpdı. Həm daxildəki siyasi xadimlər və dövlət nümayəndələri, həm də xaricdən olan nüfuzlu ictimai-siyyasi şəxslərin çağırışına baxmayaraq Sergey
Sergey Lavrov yəhudilərə qrşı işlətdiyi ifadələrə görə üzr istəməkdən imtina etdi, hətta növbəti gün dediklərini daha da ciddi şəkildə müdafiə edən açıqlama verdi. Bu açıqlamanın da XİN - in adından səsləndirilməsi siyasi dairələr tərəfindən Rusiyanın rəsmi mövqeyi kimi qiymətləndirildi. Lavrov ən azından işlətdiyi ifadələrin öz şəxsi fikri olduğunu deməklə vəziyyəti bir qədər yüngülləşdirə bilərdi. Amma görünür bu məsələdə o axıra qədər getməyi üstün tutdu. Hətta Prezident Putinin cəhdləri də Lavrovu mövqeyində dəyişiklik etməyə məcbur edə bilmədi. Bəzi mənbələrin məlumatına görə isə Xarici İşlər Naziri istefa ərizəsini cibində gəzdirir ki, bu da Rusiya-Ukrayna hadisələri ilə münasibətdə Rusiya hakim dairələrində ən azından fikir ayrılığının mövcudluğuna işarədir.
Rusiya Prezidentinin mətbuat xidməti Prezident Putinlə İsrail Baş Naziri arasında telefon söhbəti barədə məlumat verərkən Kreml rəhbərinin üzr istəməsini qeyd etməyib. Bu faktın Putin və Rusiya hakimiyyət dairələri üçün etiraf edilməsi asan olmayan hadisənin baş verdiyinə işarə olmaqla yanaşı Rusiya Prezidentinin mətbuat xidmətinin də İsraillə münasibətdə Lvarovla həmrəy olduğuna dəlalət etdiyini görürük.
Bəlkə də Rusiya tərəfindən Naftali Bennetin ofisinə bu məsələnin mətbuatda açıb-ağardılmaması haqqında müəyyən işarələr edilib. Amma İsraildə Putinin üzr istəməsinin ictimailəşdirilməsini öz mövqelərinin möhkəmlənməsi üçün daha əhəmiyyətli olmasını düşıünərək Rusiya tərəfinin xəbərdarlığına əhəmiyyət verməyiblər. Baxmayaraq ki, İsraildə Putinin üzrxahlğının qəbul edilməsini düzgün hesab etməyən bəyanatlar səsləndirilir, bu indiki vəziyyətdə daha ciddi münaqişədən qaçmaq üçün Naftali Bennet tərəfindən atılan ən düzgün addım idi. Eyni zamanda bu hadisə heç də Sergey Lavrovun bağışlanması anlamına gəlməməlidir. Rusiya Xarici İşlər Naziri bəlkə də karyerasının son illərində onu ömrünün axırına qədər izləyəcək və rahat buraxmayacaq xətasını işlədi. Yəhudilər onlara edilən yaxşılıqları və həm də pislikləri heç zaman unutmayan xalqdır. Bu baxımdan Lavrovun qara siyahiya düşməsi şübhəsizdir.
Əlimusa İbrahimov
Politoloq