Rusiyanın Ermənistandakı canlı bombası-Köçəryan-Sərkisyan cütlüyü

Bir tərəfdə Ukrayna ilə müharibəyə girən, bu ölkənin ərazilərinə hərbi müdaxilə edən Rusiya, digər tərəfdə ənənəsinə sadiq qalaraq Qafqazda gərginlik yaradır. Əzəli forpostu sayılan Ermənistana nəzarəti tamamilə ələ keçirmək istəyir. Axı qərbmeyilli Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvan Kremldən çox uzaqlaşıb. Hətta iki dövlət arasında münasibətlər o səviyyəyə çatıb ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra zaman-zaman Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının çıxarılması tələbi də səslənib. Təbii ki, bütün bu tələblər, Ermənistanın qərbmeyilli hakimiyyəti tərəfindən Rusiyadan incik halda verilən açıqlamalar yersiz deyildi. Çünki Kreml Paşinyan iqtidarının hər zaman rəqibi və qorxulu rpyası sayılan Qarabağ klanı məhz Rusiya tərəfindən dəstəklənirdi. Paşinyan hakimiyyəti əlı keçirdiyi ilk aylarda sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryanı həbsə atdırmağı planlaşdırsa da, yenə də Nikolun bu planına Kreml, konkret olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putin mane olmuşdu.  Yaxın vaxtlarda yetişəcək situasiya, Kremlin maraqlarına cavab verəcək Ermənistandaxili proseslər üçün. Bir sözlə, Köçəryan-Sərkisyan cütlüyü Kremlin əlində partlamağa hazır olan canlı bomba kimi ehtiyat variant üçün saxlanılırdı. İndi Rusiya həmin variantın həyata keçirilməsinə start verib.

Artıq hər kəsə bəllidir ki, bir neçə gündür Ermənistanda hakimiyyət əleyhinə aksiyalar keçirilir. Etiraz aksiyalarının da əsas hərəkətverici qüvvəsi məhz Rusiyaya bağlılığı ilə tanınan Robert Köçəryanın yaxın ətrafıdır.  Deməli məntiqi nəticə ondan ibarətdir ki, Ermənistandakı Paşinyan əleyhinə aksiyaların təşkilatçısı da məhz Rusiyadır. Nəzərə alsaq ki, Paşinyan əleyhidarları eyni zamanda revanşistlər və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı olan, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatları qəbul etməyən dairələrdir, o zaman Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına elə Kremlin maraqlı olmadığını aydın şəkildə ifadə edə bilərik.  Kremlin Ermənistanın revanşist qüvvələrinə dəstək verib, onları hakimiyyətə gətirmək istəyinin arxasında Azərbaycanla Ermənistan arasında yeni bir müharibənin başlamasının olduğunu da söyləmək mümkündür. Sirr deyil ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünə start veriləcək. Bununla da Rusiya regionda üçüncü Qarabağ müharibəsinin başlamasına rəvac vermiş sayılacaq.

Düzdür, istənilən halda Ermənistan baş verə biləcəyi indi daha çox ehtimaldan reallığa oxşayan üçüncü Qarabağ müharibəsindən də acı məğlubiyyətlə ayrılacaq. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu tamamilə darmadağın edən "dəmir yumuruq" yerindədir.  Özünə yaxın olan qüvvələrin hakimiyyətə gətirilməsi də Kremlin Qarabağla əlaqədar planlarını reallaşdıra bilməyəcək. Çünki Rusiyanın 44 günlük müharibədə olduğu kimi, bu dəfə də Ermənistanı istənilən sayda hərbi texnika ilə təmin edəcəyi qeyri-mümkündür. Buna səbəb Ukraynada Rusiya hərbi gücünün 80 faizinin demək olar ki, məhv olmasıdır.

Ermənistanda baş verənlərə diqqət çəkən ekspertlər isə hesab edirlər ki, Kreml Paşinyanı devirə bilməsə də, ona müəyyən mənada təzyiq göstərmiş olacaq ki, Ermənistan rəhbərliyi Qərbə meyillənməkdən ehtiyatlansın. Siyasi ekspert Kənan Novruzov hesab edir ki, Rusiyanın başlıca məqsədi Ermənistanı öz nəzarətində saxlamaqdır: "Düzdür, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır.  Peskov həmçinin Ermənistanda müxalifətin mitinqlərini tamamilə İrəvanın daxili işi adlandırıb: "Bu, tamamilə və bütünlüklə Ermənistanın daxili işidir. Ermənistan bildiyiniz kimi, bizim müttəfiqimizdir, bizim üçün çox vacib olan bir neçə inteqrasiya formatında tərəfdaşımızdır. Ermənistan bizim dostumuzdur. Ona görə də, əlbəttə, biz maraqlıyıq ki, ən qısa zamanda bu dövr bitsin və yenidən sabitlik dövrü başlasın", - Kremlin sözçüsü qeyd edib. Peskov əlavə edib ki, Ermənistanda sabitlik dövrü Rusiya Prezidentinin iştirakı ilə yekunlaşan Qarabağ üzrə üçtərəfli bəyanatların icrasını mərhələli şəkildə həyata keçirməyə imkan verəcək".

Ekspert hesab edir ki,  Ermənistanda bir neçə gündür davam edən aksiyalara Rusiyanın münasibət bildirməsi gözlənilən idi: "Bu, hər şeydən əvvəl Moskvaya yönələn şübhələri yayındırmaq üçündür. Belə ki, bir çoxlarının fikrincə, Ermənistanda baş verənlərin "dirijoru" məhz Kremldir. Rusiya Prezidenti Vladimir Putinin bu yolla Ermənistan Baş naziri Nikol Paşinyanı cəzalandırdığını düşününlər kifayət qədərdir. Bu şübhələr əbəs deyil. Çünki son vaxtlar Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində irəliləyiş hiss olunurdu. Bu isə Rusiyanın ürəyincə deyil. Həmçinin xatırlatmaq yerinə düşər ki, liderlərin Moskva görüşü də uğursuz keçmişdi. Putin Paşinyandan istədiyini ala bilməmiş, Ermənistanı Qərbdən "qoparmağı" bacarmamışdı. Odur ki, bir çox ekspertlər fikirləşir ki, Rusiya daxildə xaos yaratmaqla Paşinyanı özünə tabe etmək istəyir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31