Dövlətin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan yaşam tərzi dayanır
5 May 2022 15:18 SiyasətAzərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların gündəlik qayğılarının aradan qaldırılması istiqamətində dövlət səviyyəsində zaman-zaman müvafiq tədbirlər həyata keçirilir. Son 20 ilə yaxın müddətdə qeyd etdiyimiz istiqamətdə atılan addımlar, qəbul edilən proqramlar, imzalanan fərman və sərəncamların fonunda bu tendensiyanı aydın şəkildə görmək mümkündür. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, xüsusilə əhalinin həssas qrupu, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qazilərin sosial müdafiəsinin gücləndirilməsi daha çox diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə sözügedən təbəqədən olan vətəndaşlarımız hər zaman dövlət başçısının, Azərbaycan dövlətinin diqqət və qayğısıni hiss edib, bu diqqət və qayğı ilə əhatə olunub desək yanılmarıq. Ötən illər ərzində Qarabağ müharibəsi iştirakçıları, qazilər üçün dövlət hesabına avtomobillərin verilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikilib istifadəyə verilməsi, şəhid ailələrinin mənzillərlə təmin olunması timsalında bütün bunları əyani şəkildə görmək mümkündür. Təqdir ediləsi məqam ondan ibarətdir ki, ölkədə həyata keçirilən bu siyasət davamlı xarakter daşıyır və hər ötən il dövlətin bu təbəqədən olan insanlara, vətəndaşlarımıza yönəlik siyasəti, diqqəti keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etməsi də həmin diqqət və qayğının əyani təzahürü idi.
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan yaşam tərzi dayanır: "Bu mənada, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Əldə olunan nailiyyətlər və uğurlar isə bir daha bu siyasətin səmərəliliyindən xəbər verir. Xüsusən, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının diqqət mərkəzində saxlanılması, onların həyat səviyyəsinin yüksəldilməsi, mənzillərlə, avtomobillərlə, işlə təmin olunması istiqamətində mühüm addımlar atılır. Elə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin istifadəyə verilməsi bu kateqoriyadan olan əhaliyə göstərilən diqqət və qayğının əyani sübutudur".
Ramil Vəlibəyov bildirib ki, sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar Azərbaycanda sosialyönümlü dövlət modelinin formalaşdığını deməyə əsas verir: "Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub, mənzil proqramı 5 dəfə genişləndirilib. Belə ki, sözügedən kateqoriyadan olan insanlara 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Eyni zamanda, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Bütün bunlar isə bir daha isbatlayır ki, şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet fəaliyyət istiqamətidir".
"Cənab Prezident İlham Əliyev şəhid ailələrinə və qazilərə davamlı diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib" - deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün bütün dövlət qurumları və ictimai təşkilatlar şəhid ailələrini, döyüşlərdə yaralananları və müharibə iştirakçılarını daim diqqətdə saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görür.
Süleyman İsmayılbəyli