Qarabağ yeni intibah dövrünə qədəm qoyub
5 May 2022 12:16 SiyasətZəngilanda aparılan yenidənqurma işləri həm də beynəlxalq əhəmiyyət daşıyır
Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə Qarabağ ərazisindəki evləri, mədəni abidələri, infrastrukturu, sənaye obyektlərini məhv etməklə azərbaycanlıların bu torpaqları lazımsız, səmərəsiz sayaraq ona biganə yanaşacaqlarına, unudacaqlarına, məcburi köçkünlərin dogma el-obasına qayıtmaq həvəsini öldürəcəklərinə ümid edirdilər. Lakin Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə şanlı Azərbaycan ordusu cəmi 44 gün ərzində sübut etdi ki, "...biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib, ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik". Yeri gəlmişkən qeyd edək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş bir neçə rayonun kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasına başlanacaq. Artıq bu məqsədlə 21 yaşayış məntəqəsinin layihələndirilməsi işlərinin həyata keçirilməsi üçün tenderə yekun vurulub. Artıq Zəngilanda inşa edilən ilk ağıllı kənd məskunlaşmaya hazırdır. 2022-ci il Azərbaycan tarixinə Böyük Qayıdışın başlanğıc ili kimi düşəcək. Zəngilanın Ağalı kəndində 250 ailənin, Füzuli rayonun Dövlətyarlı kəndində isə 450 ailənin məskunlaşacağı gözlənilir. Baxmayaraq ki, 30 illik işğal dövründə ermənilər Azərbaycana məxsus bütün şəhər və rayonları yerlə-yeksan etmişdilər, artıq həmin ərazilərdə sürətli tikinti-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında qeyd edib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinin bütövlükdə region üçün ən vacib prioritet məsələlərdən biri olduğunu dəfələrlə vurğulayıb. Bu istiqamətdə bütün işlərin ardıcıllıqla icra olunmasına xüsusi diqqət yönəldib. Dövlət başçısı Qarabağın yeni intibah dövrünə qədəm qoyması ilə burada çox zəngin, müasir və mədəni həyatın qurulacağı, xüsusilə də Şuşa şəhərinin tezliklə nəinki Azərbaycanın, bölgənin, hətta dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəyi ilə bağlı siyasi iradəsini ifadə edib. Prezident İlham Əliyev sözügedən çıxışında qeyd edib ki, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir: "Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır".
O da faktdır ki, təkcə Zəngilan rayonu deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələrin icrası reallaşdırılır. Xüsusən, nəqliyyat infrastrukturunun yaradılması bölgədə təmasların asanlaşdırılması baxımından əhəmiyyət daşıyır. Sirr deyil ki, ərazidə aparılan yenidənqurma işləri həm də beynəlxalq əhəmiyyət daşıyır. Dövlət başçısı da vurğulayıb ki, Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir: "Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur". Bir daha qeyd edək ki, Zəngilan rayonunda aparılan quruculuq işləri ölkə iqtisadiyyatına əlavə didivent gətirməklə yanaşı, bölgənin beynəlxalq əhəmiyyətini də artırmış olur. Belə ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni marşurut olacaq. Məhz bu məqsədlə Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq.
Nurlan