Azərbaycan və İkinci Dünya müharibəsi

İkinci dünya müharibəsinin başa çatmasının 77-ci ili tamam olur. Bu gün dünya bir tərəfdən sözügedən müharibənin başa çatmasının ildönümünü qeyd etdiyi halda, digər tərəfdən yeni-yeni müharibələr, insan ölümlərinə şahidlik edir.

1941-ci ildə başlamış və 1945-ci ildə başa çatmış Böyük Vətən müharibəsi Azərbaycan insanının həyatında da dərin izlər buraxmışdı. Çünki qlobal məkanın bir parçası sayılan Azərbaycan bütün zamanlarda baş verən bu və ya digər hadisələrin iştirakçısı olmuşdu. Necə ki, Böyük Vətən müharibəsində olduğu kimi. Sözügedən uzaq tarixə nəzər yetirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki,  tarix boyu Azərbaycan xalqı qələbə əzmi və mübarizliyi ilə seçilib, tarixə qəhrəman xalq kimi həkk olub. Onun sözlərinə görə,  hər zaman şücaəti ilə fərqlənən Azərbaycan, İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında özünəməxsus rol oynamış, qələbəyə böyük töhfə verib: "Böyük Vətən Müharibəsinin başlaması ilə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi və Azərbaycanın 600 mindən çox oğul və qızı cəbhəyə yola düşdü. Qələbədə böyük rol oynayan Azərbaycan xalqının igid oğul və qızları göstərdikləri şücaətə görə bir sıra medallarla təltif edildi. Belə ki, 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi adına layiq görüldü, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edildi. Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında  yaxından iştirak edən qəhrəman azərbaycan övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşdü. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarına layiq görüldü".

Deputat qeyd edib ki, göstərdikləri qəhrəmanlığa görə qəhrəman oğullarımızın adları tarixə düşdü: "İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədov, Leninqradın müdafiəsi zamanı ölümcül yaralanmasına baxmayaraq təyyarəsini yerə endirən Hüseynbala Əliyev öz adlarını tarixə həkk etdi. İgid oğullarımızla yanaşı qəhrəman qadınlarımız da böyük şücaət göstərdi. Təyyarəçi Züleyxa Seyidməmmədova, snayperçi Ziba Səlimova, gəmi kapitanı Şövkət Səlimova və başqa qadın həmvətənlərimiz də göstərdikləri qəhrəmanlıqla adlarını tarixə yazdı".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri də Bakı nefti idi: "Neftçilərimiz böyük çətinliklərə baxmayaraq, fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin etdi. Təyyarələrin, tankların, avtomobillərin 80 faizi Bakı benzini ilə işləyirdi. Müharibə illərində  Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdü. Ümumiyyətlə, Azərbaycan  ikinci dünya müharibəsi zamanı  75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdi. Azərbaycan xalqı ön cəbhə ilə yanaşı arxa cəbhədə də böyük əmək hünəri göstərmiş, gecə-gündüz fədakarlıqla çalışdı".

Millət vəkili bildirib ki, ölkəmizdə hər il faşizm üzərində tarixi Qələbənin ildönümü böyük təntənə ilə qeyd edilir, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunur: "Ölkə baçşçısı, cənab Prezident  İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarını hər zaman xüsusi diqqətdə saxlayıb, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sərəncamlar imzalayıb. Müsahibələrinin birində cənab Prezident İlham Əliyev Böyük Vətən müharibəsi haqqında bu fikirləri söyləyib: "Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk"  Əlbəttə,  bütün bunlar, ölkə başçısı, Cənab Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi veteranlarına olan diqqət və qayğısının göstəricisidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31