Rusiyada Ukrayna müharibəsini ayaqda tutanlar bir-bir balanslarını itirir
5 May 2022 10:50 SiyasətBu ölkəni zəiflətmək üçün Ukraynadan daha yaxşı bir fiqur ola bilməzdi
Rusiyanın fevralın 24-dən Ukraynaya qarşı etdiyi hücum davam etməkdədir. Məlum olduğu kimi Rusiya əvvəlcə hərbi obyektləri bombalayıb, sonra isə mülki şəhərlərə hücum edib, xüsusən Kiyev, Xarkov, Xerson, Çerniqov, Lvov, Nikolayev, Mariupol və Odessada əhali atəşə tutulub. Rusiya Federasiyası Ukraynadakı müharibəni "xüsusi əməliyyat", o cümlədən "əhalinin denazifikasiyası" adlandırıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son məlumatına görə, müharibədə 24500 işğalçı məhv edilib. Rusiyanın 9 May qələbə günü Ukraynaya qarşı mühüm gediş edəcəyi bildirilir. Lakin bu ölkənin rəsmiləri irəli sürülən iddiaları qətiyyətlə təkzib edirlər. Belə ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən Qərb rəsmilərinin iddialarını təkzib edib. O, Rusiya rəhbərinin mayın 9-dan müharibə elan etmək üçün istifadə edə biləcəyi barədə məlumatları cəfəngiyyat adlandırıb. Dmitri Peskov Qərb mətbuatının mayın 9-da Rusiya Federasiyasında səfərbərlik elan oluna biləcəyi ilə bağlı məlumatlarını da əsassız adlandırıb. Siyasi ekspertlər hesab edirlər ki, Rusiyanın bu qısa zamanda Ukraynanı diz çökdürəcəyi qeyri-real görünür. Belə bir halda Rusiyanın yeni əməliyyatlara başlayacağını demək daha məntiqli görünür. Politoloq Elmar Vəliyev bildirib ki, Rusiyanın başını Ukraynada qatmaqla NATO genişlənmə siyasətini davam etdirir. Lakin Rusiyanın dağılmasını deyil, super güc faktorluğundan düşməsini planlamaq daha məkrlidir. Rusiya, ABŞ, Çin, Fransa, Almaniya, İtaliya, Britaniya kimi böyük dövlətlərin birlikdə gördükləri bir neçə layihə var. "Suni günəşdən" tutmuş, kosmosun kəşfi, suni enerjiyə kimi milyardlar dəyərində layihələr var. Bu baxımdan həmin dövlətlər istəməzlər ki, zəncir qırılsın. Politoloq hesab edir ki, siyasi arenanın yenidən əvvəlki vəziyyətinə qayıtması absurddur: "Rusiya bundan sonra ətrafını daha da gücləndirməyə çalışacaq. Ya gözəlliklə, ya da zorla. Avrasiya ittifaqı, KTMT ilə yanaşı, yeni bir ittifaq qurmağa səy göstərəcəyinə şübhə olmasın. Bu yeni ittifaqı SSRİ analoqu da adlandıra bilərik. Rusiya üçün Krım vaz keçilməzdir, həmçinin Odessaya da eyni cür yanaşma var. Moldova təşviş içindədir, bu ölkənin strateji mövqeyi çox mühüm olmasa da Ukrayna ilə sərhəddə yerləşdiyindən Dnestryanı bölgə üçün çox vacibdir. Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciətlər edəcəklər. Mərkəzi Asiya dövlətlərinin bəziləri heç 9 mayı qeyd etməyəcəklər. Rusiya ondan imtina etməyən istənilən tərəflə ittifaq qurmağı niyyətləyib. Çin, Belarus, İran, Əfqanıstan (Taliban rejimi) Ermənistan, Serbiya, bəzi Orta Asiya dövlətləri, bəzi Orta Şərq dövlətləri (xüsusilə də, Əsəd rejimi) yeni savaşda Rusiyanın safında dayanacaqlar. İsrail aşkar Ukrayna leyhinə hərəkət edir. Buna cavab olaraq Rusiyanın Həmasa yardım edəcəyini istisna etmirəm".
Onun sözlərinə görə, Rusiyanı zəiflətmək üçün Ukraynadan daha yaxşı bir fiqur ola bilməzdi: "İkinci soyuq müharibə başlayıb artıq. Lakin bu dəfəki ideologiya mübarizə ilə yanaşı enerji mübarizəsini də cəm edir. Xırda dövlətlərin yeni güc mübarizəsində öz suverenliklərini sabit saxlayacağı ehtimalı çox azdır. Bu mübarizədə Qərb çox güclüdür. Rusiya ilə Çinin tam zəif bir fiqura dönüşməsi üçün əllərindən gələni edəcəklər. Rusiyadan sonra növbə Çinə çatacaq. Çin də öz rıçaqlarını üzübəri atmağa başlayıb. Çin təkcə Şimali Çin dənzində ağalıq etməklə kifayətlənmir, Avrasiya, Mərkəzi Asiya, Afrika, hətta son zamanlar Cənubi Qafqazla da nizamlı əlaqələr qurur. Xüsusilə də, iqtisadi sferada. Çin artıq iqtisadi siyasətlə kifayətlənməyərək, hərbi sahədə də genişlənmə aparmaqdadır. Serbiya Çinin HQ-22 uzaq mənzilli hava müdafiə sistemini aldı. Bununla da Serbiya Çinin satdığı silahları istifadə edən ilk Avropa dövləti oldu. Amerika buna heç cür göz yuma bilməz. Mütləq ki, Çin üçün də bir plan hazırlayıb. Covid-19 planı deşifrə olundu. Bu arada Tayvan kartı Amerika üçün yaxşı vasitə ola bilər".
Bu arada Rusiya müdafiə naziri Sergey Şoyqu hərbçilərlə keçirdiyi müşavirədə Ukraynaya silah gətirən nəqliyyat vasitələrinin hədəfə alınacağı barədə xəbərdarlıq edib: " Qeyd etməliyəm ki, Şimali Atlantika alyansının Ukrayna Silahlı qüvvələrinin ehtiyacını ödəmək məqsədi ilə silah və hərbi sursatla ölkəyə daxil olan istənilən nəqliyyat vasitəsi tərəfimizdən məhf edilməyə hədəf kimi qiymətləndiriləcək." Onun sözlərinə görə ABŞ və onun NATO üzrə müttəfiqləri Ukraynanı silahla "doldurmaqda" davam edirlər. Politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Hitlerin damarında yəhudi qanı axmasını bəyan etdikdən sonra Müdafiə Naziri Şoyqu da məntiqsiz bəyanatları səsləndirir. Guya Ukraynaya silah gətirən nəqliyyat vasitələrinin Rusiya Silahlı Qüvvələri üçün hədəf olması barədə xüsusi xəbərdarlığa ehtiyac var: "Rusiya müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Koneşenkov az qala hər gün Ukraynaya göndərilən NATO silahlarının və silah dolu anbarların dağıdılması haqqında məlumat verir. Ukrayna ərazisinə qədəm qoyan nəqliyyat vasitələri hücuma məruz qala biləcəklərinin fərqindədirlər və ona görə təhlükəsizlik qaydalarına ciddi riayət edirlər. Məhz buna görədir ki, Ukrayna hərbçilərinin istifadəsinə daxil olan NATO və ABŞ silahlarının kəmiyyəti və keyfiyyəti hər keçən gün artır. Bu döyüş cəbhəsində özünü göstərir. Son günlər Rusiya qırıcı və bombardmançı təyyarələri Ukrayna səmasına yaxınlaşa bilmir. Ölkənin içərilərində və Xəzər dənizi basseynində yerləşən bazalardan atılan uzaq mənzilli ballistik raketlərdən istifadə etməklə ruslar müharibəni davam etdirirlər. Bu raketlərin də 30-50 faizi elə həmin NATO silahlarının köməyi ilə hədəfə çatmadan göydə zərərsizləşdirilir. Digər tərəfdən ballistik raket avtomat patronu deyil ki, qısa müddətdə yerini doldursunlar. Hədəfə istiqamətlənən ən ucuz ballistik raketin qiyməti 5-6 milyon dollardan başlayır. Qayıdaq Şoyqunun xəbərdarlığına, əgər Rusiya Silahlı Qüvvələri Müdafiə Nazirinin etdiyi xəbərdarlığı Ukrayna ilə müharibə başlayan gündən bəri həyata keçirirərək Ukraynada istifadə edilən, yaxud ora gətirilən silahları və nəqliyyat vasitələrini hədəfə alrlarsa, xəbərdarlıq etməkdən məqsəd nədir? Hər halda bu mənə aydın deyi. Sergey Lavrovun Hitlerin qanını yəhudilərə qarışdırmaqla nə demək istədiyini hələ müəyyən etmədiyim kimi, Şoyqunun bəyanatına da məntiq verə bilmirəm. Amma Sergey Lavrovun məlum çıxışı haqqında danışarkən onun balansını itirdiyindən şübhələndiyimi yazmışdım. Bəlkə Şoyqu da Lavrov kimi, özündə deyil. Sergey Şoyqunun son çıxışını dinləyənlər mənim gəldiyim nəticə ilə razılaşacaqlar. Rusiyada Rusiya-Ukrayna müharibəsini ayaqda tutanlar bir-bir balanslarını itirir".
Alim