Xətai Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

Xətai Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.

Rayon ağsaqqallarının və ziyalılarının iştirak etdikləri tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclas iştirakçıları Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki nitqindən irəli gələn iqtisadi məsələlərdən ətraflı söhbət açıblar. Qeyd edilib ki, Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bir çox mühüm məsələlərə toxunub. Natiqlər 2021-ci ilin yekunlarını qiymətləndirərkən bildiriblər ki, bu il ölkəmizin həyatında çox əlamətdar bir il olub.

Tədbirdə vurğulanıb ki, ötən il qarşıya qoyulan əsas məqsəd həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etdirmək idi. Azərbaycan hər iki istiqamət üzrə məqsədlərinə nail olub.

Çıxış edənlər cari ilin birinci rübünün yekunlarını qiymətləndirərkən bildiriblər ki, ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. İlin ilk rübündə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Xüsusi vurğulanıb ki, neft-qaz sektorundan asılılığın azaldılması, bu sektorun həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi iqtisadiyyatımızın inkişafını göstərir.

Rayon ağsaqqalları öz fəaliyyətlərindən və gələcəkdə görüləcək işlərdən də bəhs ediblər. Bölgələrdə şəhid ailələrinin, qazilərin həmişə diqqət mərkəzində olduqları və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdikləri diqqətə çatdırılıb. Bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim fəallıq göstərəcəklərini qeyd edən ağsaqqallar müdrik və alternativsiz siyasət həyata keçirdiyinə görə ölkə Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonda Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov rayon ağsaqqallarına, ziyalılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31