Ukraynanın dost itirən vaxtı deyil
3 May 2022 19:23 SiyasətUkrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə əleyhinə işlətdiyi ifadələr birmənalı qarşılanmadı. Zelenskinin bu çıxışını məmnuniyyətlə qrşılayanlar və buna sevinənlər də oldu, əksinə Ukrayna prezidentinin bu bəyanatla nə demək istədiyini başa düşməkdə çətinlik çəkənlər də. Türkiyənin Ukrayna üçn həqiqətən əlindən gələni etdiyini öz gözləri ilə görən və müşahidə edən mütəxəssislər isə bu cümlələrin Zelenski tərəfindən işlədildiyinə hələ də inanmır, Ukrayna Prezidentinin adına yazılmış növbəti fake məlumat olduğunu sübut etməyə çalışırlar. Zelenski isə bu istiqamətdə bir açıqlama verməkdən çəkinir, hələlik.
Amma Rusiya ilə Ukrayna arasında iki aylıq qısa müharibə tarixinə nəzər salsaq Türkiyə əleyhinə çıxışının Ukrayna Prezidentinin müharibənin ilk günündən Ukrayna xalqı ilə birlikdə olan dövlətlərə və onların rəhbərlərinə qarşı ilk kobud səhvinin olmadığını görürük. Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerlə olan hadisəni yada salaq. Bu ölkənin Rusiyaya qarşı dayanmaq üçün Ukraynaya hansı səviyyədə yardım etməsi heç kim üçün gizli deyil. Avropanın ən zəngin ölkəsi olan bu dövlət Fransa ilə birlikdə müharibədnin Ukrayna tərəfindən maliyyələşdirilməsi missiyasını az qala bütünlüklə öz üzərinə götürüb. Amma eyni zamanda lazım gələndə öz milləti, xalqının mənafeyini Ukraynadan irəli çəkir, onu böyük dövlətlərin maraqları uğrunda gedən müharibəyə qurban vermir. Bu təbiidir. Zelenski bunu başa düşmür və düşmək istəmir. Əgər başa düşsəydi o, Amerikanın Rusiyanı dağıtmaq istiqamətində qurduğu planda əsas rolu oynamazdı. Yaxud ən azından Ukrayna xalqının mənafeyini bu plana qurban verməzdi.
Yeri gəlmişkən, Almaniya kansleri Olaf Şuls ZDF qəzetinə intervyü zamanı qeyd edib ki, Almaniya prezidenti Ştaynmayerin Kiyev tərəfindən qəbul edilməməsi onun özünün də Ukraynaya səfər etməsinə mane olur. "Bu qədər hərbi və iqtisadi yardım göstərən ölkənin prezidentinə "gəlməyin" demək düzgün deyil." Bu həqiqətən də belədir və kanslerin Ukraynaya səfər etməməsini heç kim, Kiyevə münasibətdə ikili standartdan istifadə etdiyini deyə bilməz. Şuls öz Prezidentinin imicini Ukraynada gedən proseslərdən daha üstün tutur.
Kiyevin-Zelenskinin bu cür davranışından sonra Ştaynmayer 29 apreldə Bundesspressballda keçirilməsi nəzərdə tutulmuş bal-forumda iştirakından imtina edib. Siyasətçi və jurnalistlərin iştirakı ilə hər il keçirilən bu forumu Ukraynaya həsr etmək nəzərdə tutulmuşdu. Prezident öz iştirakı və rəqsi ilə balı açmalı idi. Amma tədbir baş tutmadı və Ukrayna Prezidentinin yanlış addımı Ukrayna üçün indiki şəraitdə böyük əhəmiyyət kəsb edən tədbirin keçirilməsinə mane oldu.
Amma buna baxmayaraq Almaniya yenə də Ukraynanın, Ukrayna xalqının yanındadır və Rusiyaya qarşı dirənməkdə əlindən gələni əsirgəməir. Bununla yanaşı Almaniyalı siyasətçilər öz mənafelərinin və iqtisadi maraqlarının da ciddi ziyan görməmnəsinə çalışırlar.
Düşünürəm ki, Türkiyə də Zelenski və onun məsləhət verənlərinin bu ölkəyə qarşı apardığı çirkin gözdənsalma kompaniyasından asılı olmayaraq öz dövlət maraqlarını, milli mənafeyini qorumaq şərti ilə yenə də Ukrayna xalqına yardım edəcək və öz vasitəçilik missiyasından, hümanitar və iqtisadi təşəbbüslərindən əl çəkməyəcək.
Zelenski isə atdığı addımları analiz etməli, buraxdığı səhvləri etiraf etməkdən çəkinməməli, oturduğu budağı kəsməməlidir.
Bu gün onun və Ukrayna xalqının dost itirən vaxtı deyil.
Əlimusa İbrahimov.
Politoloq.