Ukrayna üçün Lend-lizin qarşısı açıldı
29 Aprel 2022 10:42 SiyasətAmerika Birləşmiş Ştatlarının konqresi Ukrayna üçün Lend-liz proqramı haqqında qanunu təsdiq etdi. Bayden qanunu imzaladıqdan sonra bu sahədə fəaliyyətlərə start veriləcək. Bu günlərdə Amerika Birləşmiş Ştatları Prezidentinin mətbuat nümayəndələri qarşısında təntənəli surətdə qeyd olunan qanunun imzalanmasının şahidi olacağıq. Lend-liz təşəbbüsü Ukraynaya sürətləndirilmiş formada silah və hərbi ləvazimatın çatdırılmasına imkan saxlamaq üçün nəzərdə tutulub. Aprelin əvvəlində konqresin yuxarı palatasında təsdiq olunan Lend-liz qanunun lehinə -417, əleyhinə 10 konqresmen səs verib.Lend-liz Amerika Birləşmiş Ştatları tərəfindən ilk dəfə ikinci Dünya müharibəsi zamanı dövriyyəyə buraxılıb. O zaman bu qanun müharibədə Almaniyaya qarşı mübarizə aparan ölkələrə hərbi texnikanın kreditlə satışı və ya arendaya verilməsini nəzərdə tuturdu. 1941-ci ilin mart ayından 1945-ci ilin avqustuna qədər Amerika Birləşmiş Ştatları Lend-liz üzrə müttəfiqlərinə 50 milyard dollardan artıq vəsait ayırmışdır ki, bunun da 11 milyard dollarını SSRİ mənimsəmişdi.
Bu proqram çərçivəsində Amerikadan vəsait alan ölkələr İkinci Dünya müharibəsində sonra bir neçə 10 il ABŞ-a olan borclarını ödəməklə məşğul oldular. Ukrayna da Amerika Birləşmiş Ştatlarının imkan kimi təqdim etdiyi bu proqramın Ukraynanın gələcək taleyində necə rol oynayacağnı indidən demək mümkün deyil. Amma Zelenski və onun ətrafındakılar ABŞ və onun NATO üzrə Avropadakı müttəfiqlərinin qarşılıqsız silah yardımının arxasında nələrin dayandığını artıq hiss etməyə başlayıblar. Rusiyanın Amerika konqresmenlərinin lend-liz qanununu necə qarşılayacağı məlumdur. Amerikaya Rusiya Xarici İşlər Nazirliyi tərəfindən növbəti nota təqdim ediləcək. Putin və Lavrov qanunun qəbul edilməsi məsələsinə toxunarkən növbəti dəfə Rusiyanın nüvə potensialı və bu yaxınlarda sınaqdan keçirilmiş "Sarmat" qitələrarsı ballistik raketi haqqında xəbərdarlıqlar edəcəklər..
Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında Ukrayna üçün qəbul edilən Lend-liz qanunua toxunarkən qeyd edib ki, 60 gün ərzində sürətləndirilmiş şəkildə silah və sursatın göndərilməsi qaydaları müəyyən olunmalıdır. Lend-liz fəaliyyətə başladıqdan sonra böyük ehtimalla Ukraynanın əldə etmək istədiyi bütün silahların təqdim edilməsi həyata keçirilə bilər. Hətta modern havadan müdafiə qurğuları və NATO standartına uyğun qırıcı təyyarələrin belə. Bu zaman Rusiyanın da ciddi şəkildə etirazına yer qalmır. Hər şey iqtisadiyyata bağlanır. Amerika Birləşmiş Ştatları növbəti mərhələdə lend-lizin Avropa ölkələrinə də şamil edilməsi məsələsinə baxa bilər. Axı avropalılar da öz silah ehtiyatlarının nəzərəçarpacaq hissəsini artıq Ukraynaya transfer ediblər. Xüsusilə, Şərqi Avropa ölkələrində düşünürdülər ki, Ukraynaya qarşılıqsız verdikləri köhnə sovet istehsalı olan silah və hərbi texnika müqabilində Amerika onlara modern NATO standartına uyğun silahlar verəcək. İstənilən halda Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsindən sonra Avropada həyata keçirdiyi taktikanı yenidən canlandırır. Avropa ölkələri növbəti Lend-lizlə Amerika ətrafında yenidən bir yumruq kimi birləşməyə məhkum edilir. Bəlkə biz artıq bir çox analitiklərin həyəcan təbili çaldığı üçüncü Dünya Müharibəsinin içindəyik. Bəlkə də.
Əlimusa İbrahimov,
politoloq