Ermənistandan didərgin salınanlar öz yurd yerlərinə haçan dönəcəklər?
27 Aprel 2022 12:14 SiyasətDeputat: "İnsan haqlarından dəm vuran dövlət rəhbərləri bu suala cavab verməlidirlər"
"Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Prezident İlham Əliyevin nitqindən çıxardığım nəticələr bundan ibarətdir ki, Ermənistan və ondan proksi kimi faydalananlar tez bir zamanda danışıqlara başlamağın qaçınılmazlığını anlamalıdırlar. İkincisi, o, üçtərəfli deyil, məhz Brüsseldə razılığa gəlindiyi kimi Bakı-İrəvan formatında olmalıdır. Üçüncüsü, danışıqlar bizim irəli sürdüyümüz 5 prinsip əsasında aparılmaldır, uzadılmamalıdır, tez bir zamanda sülh anlaşması imzalanmalıdır. Əks təqdirdə Azərbaycan da Ermənistana ərazi iddiası irəli sürə bilər və buna da qarşı tərəfdən fərqli olaraq tam əsasımız var". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, kökü indi Ermənistan adlanan torpaqlara bağlı yüz minlərlə soydaşımız istərdi ki, elə belə də olsun: "Bilməyən yoxdur ki, Ermənistan 1918-ci ildə müstəqilliyini elan edəndə ərazisi heç də indiki kimi 29 min kvadrat kilometr deyildi. Həmən ilin iyunun 4-də Batumda Türkiyə ilə bağlanan anlaşmada da təsbit olunub-cəmisi 9 min kvadrat kilometr ərazisi vardı Ermənistanın. Məhz Zəngəzur və Göyçənin qanunsuz şəkildə haylara bağışlanması nəticəsində imperialist çevrələrin yaratdıqları bu süni dövlət 3 dəfə böyüdüldü. Sonra isə adı keçən və digər yurd yerlərimizdən, deportasiyalar başladı, azərbaycanlılar etnik təmizləməyə uğradılar. Bu gün onların önəmli bir hissəsi öz el-obalarına dönmək istəyirlər. Ona görə də Paşinyan bunda məqsədi irredentizm deyil, insan haqlarıdırsa, Qarabağa iki əsr öncə köçürülənlərlə yox, Ermənistana-doğma yurd yerlərinə dönəcək aborigenlərlə, azərbaycanlılarla maraqlanmalıdır. O da, insan haqlarından dəm vuran digər dövlətlərin rəhbərləri də bu suala cavab verməlidirlər ki, Ermənistandan didərgin salınanlar öz yurd yerlərinə haçan dönəcəklər və onlar dönərkən orada hansı reallıqla üzləşəcəklər?
Prezident İlham Əliyev qarabağdakılar Azərbaycan qanunlarına əməl edərək bu ölkədə qalıb yaşamaq istəsələr, digər vətəndaşlarımıza necə yanaşılırsa, onlara da o cür yanaşılacağını dəfələrlə bildirb. Ermənistan rəhbərliyi necə, sayları kimi Zəngəzurda, Göyçədə, digər yurd yerlərimizdə yaşamaq əzmləri və haqları da Qarabağdakı haylardan qat-qat çox olan azərbaycanlılar üçün belə bir təminat verirmi? Versə də verməsə də, əminəm ki, soydaşlarımız istənilən halda öz yurd yerlərinə dönəcəklər. Müzzəffər Ali Baş Komandanımız Zəfər qurultayında olduğu kimi öz çıxışlarında tarixə elə-belə ekskurs etmir, bunu haylar da, onların havadarları da bilməlidirlər".