“Ermənistanın da cavabı bundan ibarət imiş”

Olaylar.az-a Ermənistanın törətdiyi növbəti təxribatlar barədə açıqlama verən "Bakı Xəbər" qəzetinin redaktoru Aydın Quliyev bildirib ki, Ermənistanın Zəngilanda  diversiya təxribat qrupunu Azərbaycan sərhədlərinə göndərməsi, delimitasiya danışıqlarının başlanması ərəfəsində atılmış pozucu bir addımdır. Çünki, sonuncu dəfə Moskvada və Brüsseldə, xüsusilə də,  Brüsseldə əldə olunmuş razılaşmaya görə, aprelin sonuna qədər  delimitasiya komitələrinin yaradılması üçün öz tərəflərindən addım ataraq bu komissiyaların tərkibini formalaşdırmalı və danışıqlara başlamalıdır. Azərbaycan tərəfi demək olar ki, vaxtından əvvəl bu işi həyata keçirməsinə,  delimitasiya komissiyasının tərkibini formalaşdırmasına baxmayaraq Ermənistan tərəfi nəinki müvafiq addımlar atmadı, əksinə əldə olunmuş razılaşmanın vaxtında, yəni aprelin sonuna qədər icra olunması kimi bir öhdəliyin kobud şəkildə pozulmasına yönəlik addım atdı.  Zəngilanda diversiya təxribat qrupunun Azərbaycan sərhədlərinə göndərilməsinin başqa bir adı yoxdur. Bu belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistan əslində tərəflər arasında beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılaşmaların açıq pozulmasına yönəlik bu addımları atmağla yalnız özünün bir niyyətini ortaya qoyur. Bu da ondan ibarətdir ki, Ermənistan sülh sazişinin imzalanması məsələsi və sərhədlərin delimitasiya edilməsi kimi vətən müharibəsindən sonrakı ən ciddi problemlərin aradan qaldırılması və həllində maraqlı deyil. Ermənistan  məğlub olmuş ölkə olaraq müharibədən sonrakı məsələlərin həllinə vizual olaraq müsbət reaksiya göstərsə də, əslində siyasi niyyətləri və apardığı siyasətin mahiyyəti tamamilə fərqlidir. Görünən budur ki, Ermənistan nə sərhədlərin delimitasiyası prosesinin məzmun etibarilə başlanmasına tərəfdardır, nə də Azərbaycanla  yekun sülh sazişinin hazırlanması və imzalanmasında maraqlı deyil. Ona görə ki, aprelin sonuna hər kəs həm Azərbaycandan, həm də Ermənistandan  delimitasiya komissiyasının tərkibinin elan olunması barədə bəyanat gözlədiyi halda, Ermənistan tərəfindən biz təxribat görürük. Amma Azərbaycan  ölkənin prezidenti səviyyəsində Avropa Birliyinin prezidenti Şarl Mişellə aparılmış telefon danışığında açıq bəyan edir ki,  artıq Azərbaycan delimitasiya komissiyasının tərkibini formalaşdırıb və Ermənistandan cavab gözləyir.  Göründüyü kimi Ermənistanın da cavabı bundan ibarət imiş. Yəni, pozucu və planlaşdırılmış işlərin təxirə salınmasına yönəlik ziyanlı bir mövqe. Əlbəttə delimitasiya komissiyasının yaradılması və müvafiq danışıqların başlanması üçün Brüsseldə müəyyən olunmuş bu bənd pozula bilər. Yəni heç də aprelin sonuna qədər Ermənistan bu istiqamətdə lazım olan addımları atmaya bilər. Böyük ehtimalla əgər delimitasiya komissiyalarının yaradılması və bu istiqamətdə müzakirələrin başlanması qoyulmuş müddətlərdə başlamırsa bunun  bütün məsuliyyəti tam şəkildə Ermənistanın üzərindədir. Çünki, Azərbaycan beynəlxalq razılaşmalara, o cümlədən də  delimitasiya ilə bağlı razılaşmalara tam şəkildə əməl etdiyi halda Ermənistan müxtəlif yayındırıcı addımlar atır. Gah ölkədə sülh prosesinin başlanmasına qarşı radikal müxalif çıxışlara rəvac verilir, gah Azərbaycanın və Türkiyənin İrəvanın mərkəzində bayraqlarını yandırırlar, gah sərhədlərimizdə diversiya təxribatlar törədirlər. Bütün bunlar Ermənistanın yekun sülh sazişinin hazırlanmasında  maraqlı olmadığını və bu prosesin hansısa bir müddətə qədər təxirə salınmasında maraqlı olduğunu nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31