Ermənistanın sərhəd təxribatı üzərinə götürdüyü öhdəliklərdən yayınmaq məqsədi güdür
25 Aprel 2022 14:50 Siyasət"Ermənistanın növbəti sərhəd təxribatı üzərinə götürdüyü öhdəliklərdən yayınmaq və Şuşada keçirilən qurultayın ağır psixoloji pozğunluğundan qaynaqlanır. Bir gün qabaq Azərbaycan sərhəddini pozmağa cəhd, növbəti gün isə qondarma erməni soyqırımı törənində Azərbaycan və Türkiyə bayraqlarını yandırmaq mənfur düşmənin sülhdən nə qədər uzaq olduğunu bir daha isbatladı. Hər iki hal aşkar təxribatdır". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Rafail Becanovun sözlərinə görə, aprelin 6-da Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaya görə aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyası yaranmalı və fəaliyyətə başlamalıdır: "Komissiya sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməlidir. Ermənistan tərəfi mxtəlif üsullarla prosesdən yayınmağa çalışır. Baş verən hadisə də bunu təsdiqləyir. Ermənistan üzərinə götürdüyü öhdəliyi icra etmək əvəzinə təxribat-diversiya qrupunu Azərbaycan ərazisinə göndərir. Ermənistan Baş naziri Paşinyan isə növbəti dəfə verdiyi vədə, üzərinə götürdüyü öhdəliyə əməl etmir. Məqsədi real prosesi söz oyununa çevirməkdir. Çünki ortada ciddi sənəd və şərtlər var. Əslində Ermənistan tərəfi də oyunun bitdiyi və geriyə yol olmadığının fərqindədir. Lakin havadarlarının növbəti hiyləsi ilə prosesdən yayınmaq üçün çabalayır. Azərbaycan-Türkiyə bayraqlarının yandırılması da münasibətlərin kəskinəşməsinə hesablanıb. Təbii ki, Azərbaycan bu oyunlara imkan verməyəcək. Ermənistanın qarşısında yeganə çıxış yolu ya şərtlərə, razılaşdığı sənədlərdəki müvafiq maddələrə, üzərinə götürdüyü öhdəliklərə əməl etmək, ya da Azərbaycanın hərbi-siyasi gücünün qarşısında növbəti kapitulyasiya aktını imzalamaqdır".