Ermənistan sülhə hazır deyil
25 Aprel 2022 13:36 SiyasətAzərbaycanın Zəfər qələbəsinin təsirindən Ermənistan "kələfin ucunu itirib". Bir tərəfdən Azərbaycanla sülh sazişinə hazır olduğunu bəyan edir, digər tərəfdən isə ölkəmizə diversant qrup göndərir. Əlahəzrət fakt ondan ibarətdir ki, Ermənistan nə üçtərəfli bəyənatın bəndlərini, nə də Rusiya və Avropa Birliyinin təkliflərini yerinə yetirmək niyətində deyil. Ənənəvi siyasətinə sadiq qalaraq ən müxtəlif vasitələrlə vaxt qazanmaq məqsədilə təxribata əl atır. Məlumat üçün qeyd edək ki, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər. Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Elə bu arada Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Ermənistanda revanşist qüvvələr isə Xankəndində məşəl aksiyası təşkil edərək Azərbaycan və Türkiyə bayrağını yandırıblar.
Ermənistanın diversiya qrupunun ifşa edilməsi deməyə əsas verir ki, hələ də Azərbaycan ərazilərində erməni silahlı qüvvələri mövcuddur və onlar Azərbaycan üçün hər zaman təhlükə mənbəyi rolunu oynaya bilər. Hansı ki, üçtərəfli bəyənnamənin dördüncü bəndində birbaşa göstərilib ki, erməni sialahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır, özü də Rusiya sülhməramlı qüvvələrin vasitəsilə. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan hələ də 44 günlük Vətən müharibəsindən ciddi nəticə çıxarmayıb. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd göstərməsi həm də onu deməyə əsas verir ki, bu ölkə tərəfindən delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı çıxır. Hər cür təxribatdan istifadə edərək ölkə liderlərinin əldə etdikləri razılaşmanı pozmağa çalışırlar. Aydın məsələdir ki, belə təxribatçı addımlara görə məsuliyyət birbaşa Ermənistan dövlətinin üzərinə düşür. Azırbaycan isə göründüyü kimi Brüssel öhdəliyinə əməl edərək artıq bütün hazırlıqları görüb.
Millət vəkili Sahib Alıyev bildirib ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti cənab İlham Əliyevə sonunçu zəngi barədə verilən rəsmi xəbərdən bəlli olur ki, Azərbaycan tətəfi Brüssel öhdəliyinə əməl edərək artıq bütün hazırlıqları görüb. Ermənistan-Azərbaycan sərhəddinin delimitasiya-demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh anlaşmasını hazırlayacaq heyətlərin tərkibi təsdiqlənib. Yəni biz Brüsseldə əldə edilən razılaşmaya uyğun olaraq təqdim etdiyimiz 5 prinsip əsasında və Bakı-İrəvan formatdında Ermənistanla danışıqlara tam hazırıq. Amma Paşinyanın sözdə guya iki dövlət arasında sülh yaratmaq istəyən, əməldə isə bunu mümkün qədər uzatmağa çalışanlarla məsləhətləşmələrindən sonra verdiyi açıqlamlar göstərir ki, qarşı tərəf Minsk qrupu həmsədrliyi dönəmindəki davranışlarını təkrarlamaq niyyətindədir: "Ermənistan rəhbərliyinin bu cür dəyişkənliyini və paşinyanlara təsir imkanları olanların isə əsl niyyətlərini yaxşı bildiyindən cənab Prezident hələ bir neçə ay öncə bizim istənilən varianta hazır olduğumuzu vurğulamışdı ki, Dünya Azərbaycanlılarının Şuşadakı Zəfər Qurultayında da ona toxundu. Əminəm ki, Brüsseldəki görüşdə və dünənki telefon danışığı zamanı da həmən Zəfər Qurultayında deyilən bir çox fikirlər Şarl Mişelin də diqqətinə çatdırılıb. Söhbət Prezident İlham Əliyevin bu açıqlamalarından gedir: "1)Yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. 2)Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq. 3)Hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər".
Sonda qeyd edək ki, Ermənistan hərbi-siyasi dairələrinin açıqlamaları, revanşist qüvvələrin təxribatları deməyə əsas verir ki, Ermənistan hələ də sülhə hazır deyil. Özünün və regionun xeyrinə olaraq delimitasiya komissiyası yaradıb sərhədləri müəyyən etmək və sülh müqaviləsi imzalamaq əvəzinə təxribatlara atır. Sössüz ki, bu cür təxribatlar onsuz da beynəlxalq nüfuzu tükənmiş ermənistana etimadı daha da azaltmış olur.
Alim