Baydenin 24 aprel açıqlaması erməni yalanlarına şərik olmaqdır- Milli Vəhdət Partiyası
25 Aprel 2022 12:36 Siyasət"Birləşmiş Ştatlar prezidenti Co Baydenin "erməni soyqırımı"nın ildönümü ərəfəsində yenidən səhvə yol verərək 24 aprel hadisələrini soyqırım kimi adlandırması həm tarixi həqiqətləri təhrif etmək, həm də ermənilərin yalanlarına şərik çıxmaq deməkdir. Artıq ikinci dəfədir ki, Amerika prezidenti bu yalnışa yol verir və Baydenin bu açıqlaması dərin təəssüf hissi doğurur".
"OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının yaydığı bəyanatda qeyd edilib. Partiya bildirib ki, Birləşmiş Ştatlar prezidentinin 24 aprel hadisələrini soyqırım kimi qələmə verməsi həm də tarixdə baş verən hadisələrə ikili yanaşma deməkdir: "Yaxın tarixdə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı görməzdən gəlib, reallıqda baş verməyən və heç bir tarixi faktlara söykənməyən hadisələri soyqırım kimi qələmə vermək Baydenin erməni sevgisindən xəbər verir. Görünür, Bayden 24 aprel hadisələrinə soyqırım adı verməklə prezident seçkilərində Amerikadakı erməni lobbisinin ona səs verməsinin qarşılığını verir".
MVP hesab edir ki, Baydenin məlum açıqlaması öz növbəsində Türkiyə-Birləşmiş Ştatlar münasibətlərinə də təsirsiz ötüşməyəcək: "Eyni zamanda Ağ Ev rəhbərinin 24 aprel hadisələrini soyqırım kimi qələmə verməsi normallaşmaqda olan Türkiyə-Ermənistan münasibətlərinə də zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Görünür, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığa uyğun olaraq Türkiyə ilə Ermənistan arasında başlanan normallaşma prosesi Birləşmiş Ştatların marağına uyğun deyil. Ona görə də Ağ Ev rəhbəri bu cür məsuliyyətsiz fikirlər səsləndirməklə regionda vəziyyəti hər vasitə ilə gərginlışdirməyə çalışır".
MVP bəyan edir ki, kimin nə deməsindən, 24 aprel hadisələrinə hansı don geyindirməsindən asılı olmayaraq reallıq ondan ibarətdir ki, tarixdə ermənilərin iddia etdiyi kimi soyqırım baş verməyib və olmayan bir hadisəni soyqırım kimi qələmə verməyin özü də tarixi inkar etməkdir.
Bəyanatın sonunda o da qeyd edilib ki, uzun illər qardaş Türkiyəyə qarşı istifadə edilən bu təzyiq vasitəsi heç bir halda Türkiyəni yolundan döndərə, onu sarsılda bilməz: "Əksinə Türkiyə gün-gündən güclənir, inkişaf edir. Bu gün Türkiyəyə qarşı qondarma soyqırım məsələsindən istifadə edib təzyiq göstərənlər, çox keçmədən Türkiyəyə ehtiyac duyacaq, onunla qeyd-şərtsiz hesablaşmaq məcburiyyətində qalacaqlar".