""Zəfər qurultayı" bizə qarşı qərəzli mövqedə duran dövlətlərdə qısqanclıq dolu mesajlarla yadda qaldı"
22 Aprel 2022 15:58 Siyasət"Prezident İlham Əliyevin Azərbaycanda yaşayan xristian topluluqları bu münasibətlə təbrik etməsi yerində atılmış addım idi"
Olaylar.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı 22 aprel tarixində Şuşada keçirilən "Zəfər qurultayı"nı dəyərləndirərkən deyib.
"Azərbaycanlıların Şuşada birlik və bərabərlik nümayişi dünyaya verilən bir mesaj idi. Fikir verdikcə gördük ki, Dünya Azərbaycanlılarının V Qurultayı sərhədlərimizdən kənarda ciddi rezonans doğurdu. Xüsusən torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə keçirilən qurultayın əks-sədasını dünyanın hər nöqtəsindən eşidə bildik. Dost xalqlar və dövlətlərdə sevinclə qarşılanan qurultay bizə qarşı qərəzli mövqedə duran dövlətlərdə qıcıq və qısqanclıq dolu mesajlarla yadda qaldı. Bu nöqtədə Prezidentin öz dilindən səslənən fikirləri təhlil etmək yerinə düşür. İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyinə ciddi mesajlar verdi. Xüsusən Zəngəzur məsələsinin təkrar gündəmə gətirilməsi, bölgənin Sovet rejimi tərəfindən Ermənistana hədiyyə edilməsinin vurğulanması, Ermənistanda yaşayan Azərbaycan türklərinə muxtariyyət verilməzkən, Qarabağdakı ermənilərə muxtariyyət verilməsi məsələsinin təzadlı olduğu mesajları qarşı tərəfi sülhə məcbur etmənin siyasi metodları kimi qiymətləndirilə bilər. Unutmamaq lazımdır ki, Əliyev Ermənistan tərəfinin Azərbaycanın suveren ərazi bütövlüyünü tanımayacağı halda, Azərbaycan tərəfinin də eyni addımı atacağını rəsmi qaydada bildirdi. Xüsusən Zəngəzur məsələsinin qabardılması fonunda, Azərbaycanın Zəngəzur məsələsini təzyiq vasitəsi olaraq istifadə edildiyini görürük. Bütün bunlar isə, tək məqsədə - Ermənistanın Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımasına və nəticə olaraq sülh müqaviləsinin imzalanmasına hesablanıb. Qurultayın Xristiyan topluluqlarının müqəddəs hesab etdiyi Pasxa bayramına düşməsi xoş bir təsadüf oldu. Prezident İlham Əliyevin Azərbaycanda yaşayan xristiyan topluluqları bu münasibətlə təbrik etməsi isə, yerində addım idi. Çünki bilirik ki, 30 ilə yaxındır ki, erməni lobbisinin fəaliyyətləri nəticəsində, dünyada elə bir fikir formalaşdırılırdı ki, guya Qarabağ müharibəsi həm də bir xristiyan-müsəlman savaşıdır və Azərbaycan tərəfi qəsdən xristiyan ermənilərə qarşı cəbhə alıb. Düzdür qurultaya qədər də, Azərbaycan tərəfi Azərbaycan ölkəsinin bütün dinlər və millətlərin birlik və bərabərlik içində yaşadığı firavan bir ölkə olduğunu dəfələrlə sübut etmişdi, amma bu gün qurultay zamanı Prezidentin dilindən xristiyan topluluqların xatırlanması bu fikri daha da gücləndirmiş oldu. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının V Qurultayı hələ çox danışılacaq və çox böyük siyasi və mədəni nəticələr doğuracaq. Necə ki, qurultay öz işinə başlamadan ciddi rezonansa səbəb olmuş, dünyanın müxtəlif ölkələrində müxtəlif fikirlərə səbəb vermişdi. Ən əsası, bu birlik və bərabərlik bayramıdır. Bütün uğurlar isə, öncə birlik və bərabərliyin bərqərar olması ilə başlayır.