Bu dəfəki qurultay hər birimizin məsuliyyət hissini daha da artırmış olacaq
22 Aprel 2022 12:46 Siyasətİlhan Aşkın : "Qurultayın Şuşada təşkil olunması həm də Cənab İlham Əliyevin biz diaspor nümayəndələrinə bir ərməğanıdır"
"Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edərkən bir daha 44 günlük Vətən müharibəsindəki qələbə sevinci, həyəcanını yaşadım. Bir daha dövlətimlə, millətimlə, Cənab Prezident İlham Əliyevlə, həmçinin düşməndən qanı, canı bahasına bu torpaqları azad edən qəhrəmanlarımızla fəxr etdim ki, bu gözəl günləri bizə nəsib ediblər". Bu fikirləri "OLAYLAR"-a Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı İlhan Aşkın səsləndirib. O bildirib ki, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi xüsusi əhəmiyyətə malikdir: "Bu qurultay həm də dünyaya Şuşanın bizə, Azərbaycanımıza mənsub olduğunun təsdiqidir. Bu qurultay dünya azərbaycanlılarının birlik və bərabərlik içərisində olduğunun isbatıdır". Təşkilat sədri qeyd edib ki, Cənab Prezident İlham Əliyev də çıxışında bu məqama xüsusi diqqət çəkdi və bildirdi: ""Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi".
İlhan Aşkın deyib ki, qurultayın Şuşada təşkil olunması həm də Cənab İlham Əliyevin biz diaspor nümayəndələrinə bir ərməğanıdır: "Vətən müharibəsində xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları hamılıqla Azərbaycan dövlətinin, onun Ali Baş Komandanının yanında yer aldı. İndi də dövlət başçısı həmin birlik və bərabərliyi qiymətləndirərək Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsinə qərar verməklə bu xoş anları bir növ bizə ərməğan etmiş oldu".
İlhan Aşkın onu da qeyd edib ki, qurultayda prezident İlham Əliyev Azərbaycan diasporu qarşısında mühüm vəzifələr qoydu: "Ümumiyyətlə, hər bir qurultay bizim üçün yeni fəaliyyət istiqamətləri, hədəflər müəyyən etmiş olur. Bu dəfəki qurultay isə hər birimizin məsulyyət hissini daha da artırmış olacaq. Çünki bu dəfəki hədəflər, qarşımıza qoyulan tapşırıqlar Şuşadan ünvanlandı".
İlhan Aşkın onu da diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra xaricdə yaşayan azərbaycanlılar alnı açıq, başı dik gəzə bilirlər. Çünki qalib ölkənin, müzəffər xalqın təmsilçiləriyik: "Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də çıxışında bu faktı xüsusi qeyd etdi. Dövlət başçısı bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir".
İlhan Aşkın sonda Dünya Azərbaycanlılarının V Qurultayının yüksək səviyyədə təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və onun rəhbərliyinə təşəkkürünü ifadə edib.
![]()