Məşəl mərasimindən “qanlı şənbəyə”

Ermənistanın paytaxtı İrəvan və digər böyük şəhərlərdə 23 aprel 2022-ci ildə qondarma "soyqırımın" 107-ci ildönümünə həsr olunan məşəl mərasimi keçirilmək nəzərdə tutulub. Bu mərasim 1999-cu ildən bu vaxta qədər hər il keçirilsə də bu il deyəsən daha fərqli məzmun daşıyacaq. Çünki bu məşəl mərasimin qanlı şənbəyə çevrilmək ehtimalı mümkündür. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, məşəl mərasimində Ermənistanın keçmiş prezidentlərindən biri -Robert Köçəryan da iştirak edəcək: "Onun burada- məşəl mərasimində iştirak edcəyini elan etməsi  heç də qondarma "soyqırımla" bağlı deyil. Bu dəfə o Ermənistan müxalifətinin ən öndə gedən nümayəndəsi kimi, əllərinə götürdüyü məşəllərdən istifadə edərək Paşinyan hökumətinə qarşı müxalifətin təşkil etdiyi nümayişə rəhbərlik edəcək. Artıq bir neçə gündür ki, İrəvanda müxalif qüvvələr nümayişə bənzər nə isə təşkil etməyə cəhd edirlər. Amma hələ ciddi dəstəyə nail ola bilməyiblər. Çünki, erməni xalqını təmsil edən kütlə artıq Köçəryan və onun ətrafında olan Qarabağ erməni klanının yenidən hakimiyyətə gəlmək iddialarından xəbərdardır və bu dəfə deyəsən onların siyasi səhnəyə yolunu bağlayıblar".

Paşinyan hökumətinin dünyada və regionda  gedən prosesləri yetərincə ciddi dəyərləndirməsi ona Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini diktə edir: "Elə Baş Nazirin yardım üçün  üz tutduğu beynəlxalq qüvvələr və ən əsası Rusiya da Azərbaycanın təqdim etdiyi 5 bəndlik tələbləri qəbul etməkdən başqa ermənistanın çıxış yolunun olmadığını artıq iqtidar komandasına başa salıblar. Belə olan halda Köçəryan və onun komandasının əl ayağa düşməsinin səbəbi nədir? Politoloq bildirib ki,  Paşinyanın Moskvaya səfəri və orada Vladimir Putinin təqdim etdiyi 30 bəndlik bəyanata imza atması Ermənistan müxalifətini son ümidlərindən-Rusiya dəstəyindən məhrum olunması anlamına gəlir: "Rusiyaya səfər ərəfəsində müxalifət qüvvələrinin canlandırılması həm də Rusiya tərəfindən böyük ustalıqla Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edildi. Normal vəziyyətdə Ermənistanın müstəqilliyindən dəm vuran Nikolun Rusiyanın sırıdığı bu müddəaları qəbul etməsi mümkün deyildi. Çünki bu maddələr Ermənistan üçün Belarusun getdiyi yolun başlanğıcıdır və Putinin Paşinyanı bu vasitə ilə tələyə saldığını görməmək mümkün deyil. Bəyanatda yer tutan maddələrin hamısı vaxtında Belarusla münasibətdə təcrübədən keçirilərək həyata vəsiqə qazanmış maddələrdir. Bundan sonra Paşinyanın,  həm də Ermənistanın, cilovu daha möhkəm şəkildə Rusiya və Belarusun yedəyinə bağlanıb. Təbi ki, Rusiya ilə münasibətlərin zahirdə normallaşmasından sonra Ermənistandakı müxalif qüvvələrə qarşı Rusiyanın diqqətinin azalacağı gözləniləndir. Bu vaxta qədər məhz Rusiyanın və ya Moskvada  mövcud olan tərəfdarlarının dəstəyi ilə üzdə qalan üçlüyün qara günləri başlayır. Onlar vəziyyətdən istifadə edərək siyasi səhnədə mövcudluqlarını saxlamağa çalışırlar. Bu zaman guya erməni xalqı üçün müqəddəs hesab olunan qondarma "soyqırım" ənənəsindən də siyasi məqsədləri naminə istifadə etməkdən çəkinmirlər. Onlar uzun müddətdən bəri keçirilən məşəl yürüşünə qatılmaqla insanları nümayişə cəlb etmək istəyirlər. Amma bu addımın müxalifət üçün faciə ilə nətcələnə biləcəyi istisna olunmur. Çünki Rusiya və Avropa tərəfində müəyyən qədər manevr etmək azadlığı əldə edən Paşinyan hökumətinin vəziyyəti daha da gərginləşdirməyə çalışan Köçəryan komandasına divan tutacağı gözləniləndir. Belə olan halda müxalifətin ciddi-cəhdlə hazırlaşdığı məşəl mərasiminin  "qanlı şənbəyə" çevrilə biləcəyi olduqca real görünür".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31