Fransız seçicisi gərgin sosial problem girdabında

Onun seçimi kim olacaq?

Fransızlar Yelisey sarayına rəhbərlik uğrunda keçiriləcək seçkilərin ikinci turuna hazırlaşırlar. Prezident seçkilərinin birinci turunun nəticələri barədə verilən rəsmi açıqlamalardan məlum olur ki, növbəti turda keçiriləcək səsvermə prosesində iki namizəd mübarizə aparacaq. Bunlar hazırkı dövlət başçısı Emmanuel Makron və onun rəqibi, Milli Birlik Partiyasının lideri Marin Le Pendir. Seçkilərin ikinci turu ərəfəsində ölkədə keçirilən sosioloji sorğular prezidentliyə namizədlər arasında faiz göstəricisinin minimum səviyyədə olduğundan xəbər verir. Düzdür, sorğuların nəticələrində hazırkı dövlət başçısı Emmanuel Makronun ikinci turda qələbə qazanmaq şansının çox  olduğundan xəbər verir. Ancaq son anda müəyyən istisnalar da ola bilər. Bu istisnaları isə şərtləndirən bir sıra amillər var. Daha doğrusu Milli Birlik Partiyasının lideri Marin Le Penin seçkilərdə qələbə qazanmaq şansının olması da mümkün variantlardan hesab edilir. Düzdür, Le Penin daha çox Rusiya meyilli olmasını əsas götürən hakim elita hesab edir ki, fransızların Rusiyapərəst bir şəxsi Yelisey sarayına seçməsi mümkün görünmür. Xüsusilə, indiki məqamda, Rusiya ilə Avropanın, ən başda da Fransanın münasibətlərinin gərginləşməsi ərəfəsində sağlam məntiqlə düşünən fransızın Moskvaya rəğbəti olan bir şəxsə səs verməsi qeyri-mümkün görünür.  Ancaq burada bir maraqlı nüans da var ki, Fransada sağlam məntiqlə düşünən fransız məhdud saydadır. Əks halda Fransa cəmiyyətinin, eləcə də hakim elitanın böyük bir qismi 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın yanında yer almaz, Azərbaycanın başlamış olduğu haqq işi uğrunda mübarizədə ölkəmizə qarşı təzyiq vasitələrindən istifadə etməzdilər. Həmçinin sağlam düşüncəyə malik olan fransız, istər sadə vətəndaşı, istər şəhər meri, istər bələdiyyə rəhbəri, istərsə də prezidentliyə namizədi ötən 30 ilə yaxın müddətdə, həmçinin günümüzdə Azərbaycanın ərazilərinə Ermənistandan keçməklə qeyri-qanuni səfər etməzdi. Ona görə də fransız seçicisinin prezident seçkilərinin ikinci turundan sağlam düşüncə əsasında seçim edəcəyinə inam olduqca azdır.

Ancaq ölkədə getdikcə sosial problemlərin artması fransızları Makron hakimiyyətindən narazı salan əsas amillərdəndir. Rusiya-Ukrayna savaşından dolayı Rusiya ilə əlaqələrin kəsilməsi və Moskvaya tətbiq edilən sanksiyalar Fransa iqtisadiyyatına da təsirsiz ötüşməyib. Qarşıdan gələn turizm mövsümündə bu mənfi tendensiya daha qabarıq şəkildə özünü büruzə verəcək və ölkədə sosial problemlər bir qədər də artacaq. Məhz bu səbəbdən seçkilərin ikinci turunda fransız seçicilərin Le Pene səs verəcəkləri ehtimalı da mümkün variantlardan hesab edilir. Bu da onu deməyə əsas verir ki, sadə fransız insanını qlobal problemlərdən daha çox öz güzaranı, ac qarnı düşündürür. Ancaq qeyd etdiyimiz kimi Makronun da seçkilərdə qələbə qazanmaq şansı yüksək görünür.

Fransada keçirilən prezident seçkilərinin ikinci turunda ən məyus seçici zümrəsi kimi bu ölkədəki erməni lobbisi görünür. Belə ki, seçkilərin birinci mərhələsində təbliğat-təşviqat zamanı Qarabağa qeyri-qanuni səfər edən Pekresə səs verən erməni lobbisi bu dəfə seçimini Makron üzərində etməyi qərarlaşdırıb. Əslində isə erməni lobbisinin Makronu dəstəkləməsinin səsvermənin nəticəslərinə heç bir ciddi təsiri olmayacaq. Çünki seçkilərin birinci turunda Fransadakı erməni lobbisinin mütləq əksəriyyətinin Pekresə səs verməsinə baxmayaraq onun biabırçı nəticə göstərməsi belə qənaət formalaşdırdı ki, Fransadakı erməni lobbisinin gücü heç də deyilənlər kimi deyil. Onlar yalnız bələdiyyə, ən yüksək halda mer seçkiləri kimi səsvermə prosesinə təsir göstərib özlərinə yaxın siyasilərin bu və ya digər posta seçilməsinə vasitə ola bilirlər.  

Ona görə də seçkiıərin ikinci turunda Rusiyaya yaxın Le Penin  seçkilərdə qalib gəlmək şansının az olduğunu anlayan erməni lobbisi Makrona dəstək olacağını bəyan edib.  Bu da bir tərəfdən erməni lobbisinin zəifliyini ortaya qoyursa, digər tərəfdən ermənilərin həmişəki kimi, prinsipsizlik nümayiş etdirməsi və ikiüzlü siyasətlərini təsdiqləyir.

Bütün halda isə Emmanuel Makron ikinci turda qalib gələcəyi təqdirdə seçicilərin daxili sosial problemlərdən narahatlığını və erməni lobbisinin zəif nəticələrini nəzərə alaraq əvvəlki kimi erməni məsələsinə böyük diqqət ayıra bilməyəcək.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31