“Minsk qrupu” ilə yanaşı “Dağlıq Qarabağ” və “münaqişə” anlayışları da tarixin arxivinə göndərilib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk Qrupunun ötən müddət ərzində atdığı  addımlar  heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbəbdən cəmiyyətdə nüfuzunu  itirmiş Minsk Qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maraqlı görünür. Məsələn, Rusiya XİN rəhbəri məsələ ilə bağlı rəhbərlik etdiyi qurumun nümayəndəsi olduğunu  bildirdi. Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq. Fransa  və ABŞ- ın nümayəndələri Ermənistana tam fərqli statusda səfər etdilər. Artıq "Dağlıq Qarabağ" bölgəsi, "Dağlıq Qarabağ münaqişəsi" olmadığı kimi, ATƏT-in MQ həmsədrləri də yoxdur. De-fakto onlar özlərini buraxıblar - ABŞ nümayəndəsi, Rusiya təmsilçisi artıq özlərini "həmsədr" kimi təqdim etmirlər. Fransa da öz nümayəndəsinin səfəri ilə bağlı Azərbaycan tərəfinə təqdim etdiyi müraciətdə "həmsədr" ifadəsini işlətməyib. Siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, Rusiyadan sonra ABŞ da Minsk Qrupunda fəaliyyətini rəsmən dayandırıb və sabiq həmsədr sayılan Endryu Şoferi  Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib. Digər sabiq həmsədr İqor Xovayev isə artıq Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsidir:  "Hələlik Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində hansı formada və statusla iştirak edəcəyi bəlli deyil. Mahiyyət etibarilə, Fransa Avropa İttifaqına sədrlik edir və rəsmi Paris dolayısıyla Brüsseldə keçirilən üçtərəfli danışıqların iştirakçıdır. Həm də nəzərə almaq lazımdır ki, Fransa Minsk prosesində də Avropa İttifaqının təmsilçisi kimi iştirak edib. Prezident seçkilərinin ikinci turundan sonra Fransanın da öz  "baş müşavir"ini, yaxud "xüsusi nümayəndə"sini təyin etməsi mümkündür. Bunu zaman göstərəcək. Hazırda isə bütün ehtimal və fərziyyələrdən uzaq nəticə ondan ibarətdir ki, Azərbaycanın Prezidentinin hələ Vətən müharibəsinin son günlərində ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərlik institutunun aqibəti haqqında söylədikləri həm de-fakto, həm də de-yure reallığa çevrilib. ATƏT-in Minsk Qrupu yoxdur və Minsk prosesinin öz ömrünü uğursuz və faciəvi bir şəkildə başa vurduğu, Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin son təyinatlarıyla rəsmən təsdiqlənib. Sözügedən təyinatlarla bağlı diqqət çəkən məqamlardan biri də, "Minsk qrupu" ilə yanaşı "Dağlıq Qarabağ" və "münaqişə" anlayışlarının da tarixin arxivinə gömülməsidir. İqor Xovayevin daşıdığı vəzifənin adı onun fəaliyyətinin çərçivəsini də müəyyənləşdirir: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə... Vəssalam! ABŞ isə heç xüsusi nümayəndə də təyin etməyib və hətta Endryu Şoferin səlahiyyət dairəsini də ümumiləşdirib. Maraqlı adı var Endryu Şoferin yeni vəzifəsinin - Qafqazda danışıqlar üzrə baş müşavir. Qafqaz isə təkcə Azərbaycanla Ermənistandan və Gürcüstandan ibarət deyil. Kifayət qədər geniş və zəngin etnik tərkibi olan bir ərazidir. Detallarına varmayacağam, çünki bizimlə nə birbaşa, nə də dolayısıyla əlaqəsi yoxdur".

Onun sözlərinə görə, əslində Minsk Qrupu və onun həmsədrlik institutu ilə yanaşı, ATƏT də ömrünü başa vurub. Ukraynada baş verənlərin fonunda Rusiya-Qərb münasibətlərinin mövcud mənzərəsi, ən azı yaxın perspektivdə Avropada təhlükəsizlikdən və əməkdaşlıqdan söz açmağa imkan vermir. Avropaya təhlükəsizliyi təmin etməli olanlar bütün dünya üçün təhlükə yaratmağa davam edirlər: "Beləliklə, artıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə məşğul olan heç bir beynəlxalq təsisat yoxdur. Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılmasına səbəb olan münaqişənin başa çatdığı, Azərbaycan-Ermənistan münasibətlərinin beynəlxalq məsələ olmadığı və normallaşma prosesinin iki dövlətin arasında aparılmasının labüdlüyü, artıq bütün dünya, o cümlədən ömrünü başa vurmuş ATƏT-in Minsk Qrupunun sabiq həmsədrləri tərəfindən də qəbul edilib. Rusiya və Avropa İttifaqı Azərbaycan-Ermənsitan münasibətlərinin normalaşması prosesinə dövlətlərarası əlaqələr, ABŞ isə regional münasibətlər kontekstindən yanaşır. Yəni bütün hallarda məsələ beynəlxalq gündəlikdən çıxarılıb. Bu qədər... Göydən üç "həmsədr" düşdü, amma yerə çata bilmədilər..."

Alim   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31