4 ildə yola verilən 4 səhv

Bu günlərdə məlum oldu ki, kənd təsərrüfatı naziri İnam Kərimovun bu posta təyinatının 4 ili tamam oldu. Zaman elə uçub gedir ki, 4 ilin haradan gəlib, hara getdiyinin fərqinə belə varmırsan. Bəlkə də fərqinə varmaq olardı, əgər nazir İnam Kərimov 4 il ərzində həqiqətən də kənd təsərrüfatının inkişafına nail olsa, onun tərəqqisi istiqamətində addım atsaydı. Əslində çoxları, elə mən də sadə azərbaycanlı kimi bunu gözləyirdim. Nədən  ki, cənab İnam Kərimov nazir təyin edildiyi ilk günlərdə sürəti pis götürməmişdi. Loru dildə desək,  günaşırı  regionlarda pambıq, taxıl, qarşıdalı, ümumən kənd təsərrüfatına aid olan bütün sahələri gəzən, yağış, günəş demədən fermerləri torpaqda ziyarət edən nazirin bu gedişi hər bir vətəndaşda böyük ümidlər yaratmışdı ki, nəhayət kənd təsərrüfatı sahəsi durğunluqdan xilas olacaq, bu sahənin inkişafı ilə əhalinin, Azərbaycan insanının ərzaq təhlükəsizliyi təmin ediləcək. Belə səfərlərin birində nazir İnam Kərimovun əlinə quzu götürüb onu oxşaması isə birmənalı olaraq insanlarımızda o qənaəti yaratdı ki, nəhayət ki, kənd təsərrüfatına kənd adamı gəldi. Açığını desəm, quzu ilə çəkilən şəkil İnam Kərimovu nazir kimi bir xeyli də məşhurlaşdırdı. Ancaq hələ o zaman bir sıra uzaqgörən iqtisadçılar deyirdilər ki, hər oxuyan Molla Pənah olmadığı kimi, hər qucağına quzu götürəndən də yaxşı nazir olmur.  Əslində bu həm də İnam Kərimovun nazir kimi imza atmış olduğu birinci səhv kimi də xarakterizə edilə bilər.

Ötən 4 il ərzində kənd təsərrüfatında inkişaf əvəzinə geriləmənin olması, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində heç bir ciddi addımın atılmaması İnam Kərimovun da sələfləri kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmədiyi reallığını ortaya qoydu. Hətta deyərdik ki, İnam Kərimov sələflərindən daha çox bu sahəyə ziyan vurdu.  Onun nazir kimi fəaliyyətə başladığı ilk aylardan yüksək məbləğdə əmək haqqı ilə xarici mütəxəssisləri Azərbaycana dəvət etməsi kənd təsərrüfatı, ümumilikdə dövlətə, dövlət büdcəsinə ziyanın vurulması demək idi. Bunun özü İnam Kərimovun nazir kimi yol verdiyi ikinci səhv idi. Ona görə ki, İnam Kərimovun mütəxəssis kimi cəlb etdiyi ölkələr zamanında bu və ya digər dərəcədə Azərbaycanın aqrar, kənd təsərrüfatı təcrübəsindən yararlanıblar. Ona görə də ölkədə kifayət qədər aqrar sahənin mütəxəssisi olduğu halda, xaricdən yüksək əmək haqqı müqabilində mütəxəssisin cəlb edilməsi səhvdən, eyni zamanda kənd təsərrüfatına vurulan ziyandan başqa bir şey deyildi.

İnam Kərimovun nazir kimi fəaliyyətində yol verdiyi üçüncü bir səhv rəhbərlik etdiyi sahədən anlayışı olmayan şəxsləri, daha doğrusu yaxın ətrafını nazirlikdə, onun tabeçiliyində olan müxtəlif Agentlik və Xidmətlərdə rəhbər təyin etməsi oldu. Nəinki indiyə qədər bu sahədə çalışmayan, hətta həmin sahəyə zərrə qədər yaxınlığı olan istiqamətdə təcrübəsi və ixtisası olmayan ayrı-ayrı şəxslərin sırf İnam Kərimovun yaxın ətrafı olduğu üçün vəzifələrə təyinatının nəticəsidir ki, bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsi demək olar ki, özünün tənəzzül dövrünü yaşayır.

Nəhayət, İnam Kərimovun 4 ildə yol vermiş oılduğu 4-cü səhv ondan ibarətdir ki, adam hələ də konsepsiya, plan, proqramsız işləyir. Azərbaycan vətəndaşının ərzaq ehtiyatı kimi daha çox nəyə tələbatının olduğu təsəvvüründən uzaq kənd təsərrüfatı nazirinin qeyri-qənaətbəxş fəaliyyətinin nəticəsidir ki, son 4 ildə ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti 40 ilə bərabər səviyyədə artıb. Düzdür, nazirliyin başbilənləri, eləcə də İnam Kərimova yaxın olan ekspertlər bu sahədəki qiymət artımını mümkün qədər qlobal miqyasda gedən proseslərlə əlaqələndirirlər, lakin etiraf etmək lazımdır ki, ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin artımı 100 faiz qlobal proseslərlə bağlı deyil. Burada yuxarıda da qeyd etdiyimiz kimi əsas səbəb aqrar sahəni bilməmək, düzgün strategiya, konsepsiya müəyyən etməməkdir. Ona görə də vəziyyətin belə davam edəcəyi təqdirdə Azərbaycan nəinki özünün ərzaq təhlükəsizliyini təmin edə biləcək, əksinə indiki durumdan daha ağır vəziyyətdə idxaldan asılı vəziyyətə düşəcək. Ona görə də nə qədər gec deyil cənab İnam Kərimov fəaliyyətində dönüş etməyə maraqlı olmalıdır. Ən azı qarşıdakı illərdə 4 ildə yol verdiyi səhvlərin sayının artmaması üçün.

Elşən

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31