Putinlə Zelenskinin təkbətək görüşü üçün 3 şəhər təklif edildi – Hansı seçiləcək?
21 Aprel 2022 15:39 Siyasətİsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi bildirib ki, onlar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşü Qüdsdə təşkil etməyə hazırdırlar.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da mətbuata açıqlamasında Putinlə Zelenskinin görüşə biləcəklərini deyib, O, bu təmasın İstanbul və ya Antalyada baş tutmasının mümkünlüyünü ifadə edib.
Maraqlıdır, hazırkı şəraitdə Putinlə Zelenskinin görüşü nə dərəcədə realdır? Görüş baş tutarsa, İsrailin, yoxsa Türkiyənin təklifi qəbul ediləcək?
Mövzu ilə bağlı danışan politoloq Tural İsmayılov bildirib ki, indiki halda Putinlə Zelenskinin görüşünü mümkün saymır:
"İsrail bu məsələ ilə bağlı dəfələrlə öz təklifini irəli sürüb. Lakin Rusiya prezidentinin köməkçisi Peskov bildirib ki, görüş təklifləri dəyərləndirilir və Putinlə Zelenskinin görüşməsi üçün müəyyən məsələlər həll edilməlidir. Nəzərə almaq lazımdır ki, indiyə qədər Türkiyənin vasitəçiliyi hər iki ölkə tərəfindən dəstəklənib. Ukrayna və Rusiyanın yüksək rütbəli simaları Türkiyədə dəfələrlə görüşlər həyata keçiriblər. Ola bilər ki, yenə Türkiyədə İşçi qrupu səviyyəsində görüşlər keçirmək mümkün olsun. Lakin hazırkı mərhələdə Putinlə Zelenskinin təkbətək görüşü aktual deyil".
Semra Ələkbərli
Gundem.az