“Dilin saxlanması millətin mədəni, milli dəyərlərinin qorunub saxlanılması deməkdir”- Aydın Quliyev

Azərbaycan dilinin zənginliyindən və tarixindən danışan  "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Sovet imperiyasının çox güclü göründüyü  1970-ci illərdə  Azərbaycan dilinin  Azərbaycan SSR-nın Konstitusiyasında təsbit olunması olduqca böyük tarixi əhəmiyyətili hadisə idi.  Bu həm Azərbaycanda, həm  də digər respublikaların bir çoxunda təəccüblü bir hadisə kimi qarşılanmışdı. Çünki, SSRİ-də o zaman hansı prosesin getdiyi bəlli idi.  Sovet dövləti kommunist ideologiyasının rəhbərliyi və aparıcılığı ilə hibrid bir sovet xalqının formalaşdırılması prosesini aparırdı. Bunu nəyin bahasına olursa-olsun həyata keçirmək istəyirdi:

" Vahid sovet xalqının yaradılması əslində bu məkan üçün vahid bir dilin yaradılması demək idi.  Yəni, vahid sovet xalqının, vahid sovet ideologiyasının  formalaşdırılması əslində sonda vahid bir dildə danışan 250 milyonluq bir imperiyanın yaranmasına gətirib çıxarmalı idi.  Ona görə, bu dövrdə Heydər Əliyevin  Azərbaycan dilini    müttəfiq respublika olan  Azərbaycanın Konstitusiyasında əks etdirilməsinə nail olması çox böyük bir hadisə idi.  Formal olaraq kimlərəsə asan görünə bilən bu  hadisənin arxasında təbii ki, böyük, dərin  təşkilatçılıq işi dayanırdı. Çünki, Sovet imperiyası kimi bir dövlətin, Kreml kimi bir hakimiyyətin gözünün qabağında birdən-birə belə bir addım atmaq  asan  məsələ deyildi. Təsəvvür də etmək çətin deyil ki, Heydər Əliyev Azərbaycan dilinin  Konstitusiyaya dövlət dili olaraq salınmasına nail olmaq üçün  Kreml hakimiyyətinin demək olar ki, bütün mərhələlərində, səviyyələrində olduqca nəhəng izahat,  təşviqat işi aparmışdır. Çox böyük təşviqat, izahat və təşkilatçılıq işlərinin nəticəsidir ki, nəhayət buna nail olundu. Azərbaycan dilinin Konstitusiyaya dövlət dili olaraq salınması, eyni zamanda müəyyən pərdəarxası niyyətlərdən də təbii ki,  xəbər verirdi. Çünki, bu addımın atılmasının arxasında Azərbaycan xalqının milli, tarixi xüsusiyyətlərinin və dəyərlərinin qorunub saxlanılması kimi bir niyyət də dayanırdı. Hər kəs bilir ki,  hər hansı bir millətin yox olmasına nail olmaq üçün, onun ilk növbədə dilini əlindən almaq lazımdır. Belə bir şəraitdə, SSRİ-nin  vahid Sovet xalqı deyilən bir hibrid idealogiyanı həyata keçirməyə çalışdığı vaxt, Azərbaycan xalqının milli xüsusiyyətlərinin qorunub saxlanılmasına xidmət edən belə bir addımın atılması çox çətin məsələ idi. Amma, nə qədər çətin olsa da, bunu həyata keçirməyə Heydər Əliyev nail oldu. Beləliklə, 1978-ci ildə ana dilimizin Konstitusiyaya salınması müəyyən mənada müstəqil dövlətçiliyin yaranmasına doğru gedən yolun başlanğıcı və ya  bu yolun ən böyük hadisələrindən biri kimi nəzərdən keçirilə bilər. Çünki  dilin saxlanması millətin, toplumun, bütün tarixi, mədəni, milli dəyərlərinin qorunub saxlanılması deməkdir. Hansı ki, bu dəyərlər olmasa, müstəqil dövlətçilikdən söhbət gedə bilməz. Əgər Azərbaycan xalqının dilini, mədəniyyətini, tarixini, mənəvi dəyərlərini qoruyub saxlamaq mümkün olmasaydı, 1991-ci ildə müstəqilliyi elan etməyə lüzum qalmazdı. Əslində bu ideya üçün vuruşan toplum qalmazdı. Buna görə də, dilimizin Konstitusiyada əks olunduğu 1978-ci il qərarı əslində müstəqil dövlət quruculuğu yolunun ən böyük addımlarından, həm də   həlledici addımlarından biri kimi dəyərləndirilə bilər" Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31