ABŞ-ın köhnə-yeni Çin planı
21 Aprel 2022 13:09 SiyasətPekin nədən ehtiyat edir?
Qlobal miqyasda yaranmış situasiyalardan Çin maksimum dərəcədə öz xeyrinə yararlanmağa çalışır. Bura həm pandemiyadan sonrakı dövrdə yaranmış beynəlxalq vəziyyət, həm də Rusiya-Ukrayna müharibəsini şamil etmək olar. Xüsusilə, Rusiya-Ukrayna savaşında Çin bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdiyi halda, digər tərəfdən hazırda demək olar ki, dünyadan təcrid olunmuş Rusiyaya mal və məhsul ixracını artırıb ki, bu da rəsmi Pekinin iqtisadiyyatı üçün kifayət qədər əlverişli şərait meydana çıxarıb. Təsadüfi deyil ki, Çinin sərgilədiyi bu mövqeni həm tənqid, həm də təqdir edənlər kifayət qədərdir. Pekin Rusiyaya qarşı sanksiyalarda kifayət qədər ehtiyatlı addım atıb öz iqtisadiyyatını daha da inkişaf etdirdiyi halda, Qərbdən, Avropadan tənqidlərə tuş gəlsə də, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək barədə fikirləri ilə Qərbi müəyyən mənada razı salmış olur.
Pekin paralel olaraq daxildə də müəyyən korrektələr etmək, öz siyasətinə yenidən nəzər yetirmək barədə düşünür və bu istiqamətdə müəyyən addımlar atır. Çünki dünya nəhənglərindən sayılan Pekin qlobal miqyasda öz gücünü təsdiqləmək üçün daxildə də mövcud olan bir sıra problemləri yoluna qoymaq zorundadır. Xüsusilə, koronavirus pandemiyasının sona çatdığı iddialarının gündəmi zəbt etdiyi, dünya ölkələrinin qapanmalardan imtina edib normal həyata döndüyü bir ərəfədə Çinin Şanxayda yenidən sərt karantin tədbirləri həyata keçirməsi, insanların küçələrə çıxışına qadağaların tətbiq olunması daxili gərginliyi kifayət qədər artırıb. Ona görə də Çin hakimiyyəti üçün daxildəki vəziyyətə nəzarəti gücləndirmək günün vacib tələbinə çevrilib. Elə Çin Kommunist Partiyasının növbəti qurultayının da məhz bu məqsədə xidmət edəcəyi ehtimal olunur. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Çin Kommunist Partiyasının növbəti qurultayına qədər partiya bosları ölkədə qeyri-sabitlik yarada biləcək bütün amilləri ortadan qaldırmağa çalışırlar. Onun sözlərinə görə, Pekin iki təhlükədən narahatdır: "Birincisi, ABŞ-ın Çinə qarşı apardığı siyasətdir, ikincisi ölkədə virusun yenidən yayılması təhlükəsidir. Pekin hesab edir ki, Vaşinqtondakı beyin mərkəzləri virusun yayılmasından Çinə qarşı istifadə edə bilərlər. Çin Kommunist Partiyasının siyasət və hüquq komissiyası Milli Təhlükəsizlik Nazirliyinə, hərbi polisə, o cümlədən məhkəmələrə və prokurorluq orqanlarına nəzarət edir. Göründüyü kimi, partiyanın sadəcə bir komissiyası ölkədə bütün güc strukturlarına nəzarət etməklə böyük səlahiyyətlərə malikdir. Qurultayın lazımi qaydada keçirilməsi də bu komissiyanın səlahiyyət dairəsindədir. Partiyanın və ölkənin rəhbəri Tsi Sinpinin növbəti qurultayda üçüncü dəfə baş katib seçiləcəyi ehtimalı yüksəkdir. Halbuki, son illərə qədər partiya qurultaylarında baş katibin iki dəfədən çox seçilməsinə yaşıl işıq yandırılmırdı. Tsi Sinpin bu ənəni pozmağa hazırlaşır".
Politoloq hesab edir ki, buna baxmayaraq, Çinin ən böyük şəhərlərindən biri olan Şanxayda virusun yayılması tempi və insanların etirazı partiyaya müəyyən çətinliklər yaradıb: "Şanxay Çinin əsas maliyyə, logistik və turizm şəhəridir. Bu şəhərdə qeyri-sabitliyin davamı Çinin digər bölgələrinə yayılması təhlükəsini artırır. Buna görə də Kommunist Partiyası və nəzarətindəki strukturlar Şanxayda istənilən narazılığın qarşısını almaqda qətidirlər. 25 milyonluq Şanxay sakinləri evlərində qapanmalarına etiraza başladılar. Polis küçədə səsini ucaltmağa çalışanları dərhal həbs etməklə məşğuldur. Məlumdur ki, Pekinin koronavirusa qarşı mübarizə metodu kəskinliyi ilə seçilir, 1 nəfərdə belə virus aşkarlansa şəhər qapanma rejiminə keçir. Bu virusa qarşı mübarizədə "sıfır tolerantlıq" adlandırılır. Vuris Çində yeni yayılanda "sıfır tolrenatlıq" işə yaradı. Bu dəfə isə Çin hakimiyyəti Şanxayda bunun əks-effektini gördü, evlərinə qapanan insanlar ərzaq və lazımi dərmanlar əldə etməkdə çətinlik çəkdilər və etiraz etməyə başladılar".
Elxan Şahinoğlu deyib ki, Pekin Şanxayı ram etməklə yanaşı ABŞ-la da mübarizə aparmaq məcburiyyətindərir: "Pekində hesab edirlər ki, Vaşinqton Şərqə "yeni NATO" yaradır və məqsəd Çinə qarşı təzyiqi artırmaqdır. Çin Kommunist Partiyasının qurultayında "xarici və daxili düşmələrlə" bağlı müzakirələrin aparılacağı istisna deyil".
Göründüyü kimi Pekinin əsas ehtiyat etdiyi məsələ Birləşmiş Ştatların Çinə qarşı həyata keçirəcəyi köhnə-yeni plan, yəni yenidən virus bəlasının ortaya çıxmasıdır. Ona görə də Çin hökuməti əldə etdiyi kəşfiyyat məlumatlarına əsaslanaraq qabaqlayıcı addımlar atmaq, müəyyən tədbirlər görmək məcburiyyətində qalıb.
Süleyman