Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi-siyasi fenomendir

Dünya Azərbaycanlılarının V Qurultayı  Şuşa şəhərində keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir.

Bu qurultay həm keçirildiyi məkan, həm də məzmun baxımından çox ciddi hadisə kimi qiymətləndirilməklə, ölkənin bir nömrəli xəbər gündəminə çevrilib. Sayca 5-ci olan bu qurultay özlkəmiz üçün hansı nəticələr doğuracaq? Əməkdaşımız mövzu üzrə araşdırma aparıb, Qurultay  iştirakçılarının təəssüratlarını öyrənib. Həmçinin, siyasi şərhçilərin mövqelərini öyrənib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov  "OLAYLAR.az" üçün açıqlamasında qeyd edib ki, "Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi həm siyasi, həm də tarixi baxımdan fenomenal hadisədir. 30 illik işğaldan sonra  azad edilən və sürətlə abadlaşdırılan Şuşa bütün dünya  azərbaycanlıları üçün  mənəvi dayaq nöqtəsidir. Qarabağın incisi sayılan  Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tarixdə ilk dəfə baş verən möhtəşəm  hadisədir və bu baxımdan tarixi fenomendir. Vətənindən kənarda yaşasa da,  ölkəmizin və dövlətimizin maraqlarını daim qoruyan Azərbaycan diaspor nümayəndələrinin  Şuşa şəhərinə gətiriliərək qurultayda iştiraklarının təmin edilməsi həm xaricdə yaşayan soydaşlarımız, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır, dünya Azərbaycanlılarının həmrəy olduqlarını bütün dünyaya nümayiş etdirir".

Politoloq qeyd edib ki, məsələ həm də ciddi siyasi əhəmiyyət daşıyır və bütün dünyaya siyasi mesajlar verir: "Düşünürəm ki, bu hadisə dünyaya ciddi  siyasi mesajlar verir. Nəzərə almaq lazımdır  ki , Şuşanın işğaldan azad olumması təkcə Azərbaycanın deyil, regionun taleyini dəyişib. Azərbaycanlıların  Şuşa şəhərində vahid ortama gəlməsi Azərbaycanı gözü götürməyən, sevməyən qüvvələrə yönəlik mühüm  mesajdır: Bu mesajlarda ifadə olunur ki, Şuşa, Qarabağ bizimdir, biz buradayıq və həmişə də burada olacağıq. Biz qalib xalqıq və qələbələrimiz davamlı olacaq. Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsinin ardınca Şuşada "Xarıbülbül" festivalı keçiriləcək. Sonraki aylarda isə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı kimi bir çox tədbirlərə, festivallara ev sahibliyi edəcək. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda Şuşa ilinin  elan olunması da xüsusi siyasi dəyərə və əhəmiyyətə malikdir".

Tural İsmayılov qeyd edib ki, keçirilən tədbirlər Şuşanı bütün dünyada həm də regionun turizm və mədəniyyət mərkəzi kimi tanıdacaq, bu sahədə onun potensialını möhkəmlədəcək.

Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri, Şəhid qardaşı, V Qurultayın iştirakçısı  Əli Kazımov isə "Olaylar.az" a açıqlamasında deyib ki, "Zəfər qurultayının Şuşada keçirilməsi Vətən müharibəsində qazanılan şanlı qələbənin nəticəsidir. Biz Şuşaya gəlməmişdən öncə Bakıda  Fəxri xiyabanda olduq. Həmçinin I və II Şəhidlər Xiyabanına gedərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdik. Bizə bu zəfəri yaşadanların məzarları önünə gül dəstələri düzdük. Biz məhz onların sayəsində xaricdə alnıaçıq, üzüağ  gəzirik. Özümüzü qalib xalqın nümayəndəsi kimi apara bilirik. Vətənə də bu sevinc hissələrinin təsiri altında gəlmşik. Zəfər qurultayının iştirakçısı olmaqdan böyük qürur hissi keçirirəm".

Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, fəal diaspor üzvü Şəhla İsayeva isə "Olaylar.az"  açıqlamasında deyib ki, Şuşadakı qurultaya qatıldığı üçün sevincinin həddi-hüdudu yoxdur: "Həddən artıq  sevincliyəm. Çünki, Şuşanı 30 il həsrətdən sonra görmək,  dünyanın 65 ölkəsindən 400 Azərbaycanlını bir araya toplamaq həqiqətəndə çox böyük işdir. Pakistandan Azərbaycana, Şuşaya gəlmək, Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək etmək mənim üçün çox xoş hisslər bəxş etdi. Bu xoş hissləri mənə yaşadan bütün şəxslərə minnətdarlığımı bildirirəm".

Məlumat üçün qeyd edək ki, Dünya Azərbaycanlılarının Qurultayı ilk dəfə  2001 -ci ildə, Ümumilli lider,  Prezidenti Heydər Əliyevin sərəncamına əsasən Bakı şəhərində keçirilmişdir. Həmin qurultayda çıxış edən Heydər Əliyev diaspor nümayəndələri qarşısında mühüm mənəvi öhdəliklər dayandığını qeyd etmişdi. Bildirmişdi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün həyata keçiriləcək tədbirlərdən dünya Azərbaycanlılarına da pay düşür. Heydər Əliyevin Qurultay iştirakçıları qarşısında qoyduğu əsas əsas vəzifələrdən biri  isə Ermənistan tərəfindən işğal olunmuş Qarabağ torpaqlarının geri qaytarılması prosesinə töhvələr versinlər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi qurultay iştirakçıları tərəfindən çox xoş, qürur verici ruh yüksəkliyi ilə qarşılanmışdır. 2006-2011-2016-cı illərdə Dünya Azərbaycanlılarının II-III və IV Qurultayı keçirildi. İndi V Qurultay  Heydər Əliyevin tövsiyyələrinin, tapşırılarının reallaşdırıldığı bir zamanda keçirilir.

Nəsimi  Ələsgərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31