Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir

44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın igidliyi sayəsində düşmən tapdağından azad edilən Şuşa daha bir tarixə, möhtəşəm tədbirə ev sahibliyi edir. Xarı bülbül festivalı, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bu şəhərə səfəri ilə dünyaya səs salan Qarabağımızın baş tacı bu günlər Dünya Azərbaycanlılarının V Qurultayı ilə bird aha səs salmış olacaq. Təsadüfi deyil ki, uşaqdan böyüyə hər kəs Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin əhəmiyyətindən danışırlar.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyir ki, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi böyük əhəmiyyətə malik tarixi hadisədir. Onun sözlərinə görə, eyni zamanda bu hadisə bütün dünyaya Qarabağın əsl sahibinin kim olduğunun göstəricisi və qələbə həmrəliyimizin nümayişidir: "Azərbaycan xalqının Ulu öndəri, Ümumilli Liderimiz Heydər Əliyev dünya Azərbaycanlılarının həmrəy olması, təşkilatlanması, ictimai-siyasi qüvvəyə çevrilməsi, milli dəyərlərimizin qorunması istiqamətində yorulmaz fəaliyyət göstərmiş, böyük işlər həyata keçirmişdir. Ulu öndərimiz Heydər Əliyev hər zaman xaricdə yaşayan həmvətənlərimizi xüsusi diqqətdə saxlamış, xarici ölkələrə səfəri zamanı həmin ölkədə yaşayan azərbaycanlılarla görüşmüş, onlarla söhbət aparmış, həmvətənlərimizin problemləri ilə yaxından maraqlanmışdır. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci il mayın 23-də "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncam imzalanmışdır.  Bundan başqa , 2002-ci ilin iyulun 5-də Ulu öndər Heydər Əliyev  tərəfindən "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalanmışdır. İmzalanmış sərəncamlar, həyata keçirilən bütün tədbirlər, dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin qorunmasında çox böyük rol oynamışdır"

Millət vəkili qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük rəmzi məna daşıyan möhtəşəm hadisədir: "Əlbətdə bütün bunlar cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Dünya azərbaycanlıları hər zaman cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. Bu möhtəşəm hadisə münasibəti ilə bütün xalqımızı, dünya azərbaycanlılarını təbrik edirəm. Birliyimiz, Həmrəyliyimiz əbədidir! Düşmənə göz dağı olan bu birliyimiz və həmrəyliyimiz Azərbaycanımızı qələbələrə aparır!"

Politoloq Azər Verdiyev isə hesab edir ki, dünya azərbaycanlılarının növbəti qurultayı xalqımızın birlik və həmrəyliyini daha da gücləndirəcək: "Qurultay, əlbəttə, qarşıdakı illər üçün yeni, mühüm vəzifələr müəyyən edəcək. Ən vacib olanı isə xalqımızın birliyidir. Azərbaycan dövləti və xalqımız möhtərəm Prezidentimizin ətrafında bir yumruq kimi birləşib. Dünənki və bugünkü böyük uğurlarımızı şərtləndirən məhz bu amildir. Sabah da belə olacaq. Buna tamamilə əminəm".

Politoloqun sözlərinə görə, Azərbaycan xalqı bu gün dünyanın ən xoşbəxt xalqlarındandır: "Çünki öz gücü, hünəri ilə otuz ilə yaxın işğal altında olan torpaqlarını yağı düşməndən azad edə bilibdir. Son onilliklər ərzində bütün dünyada Qarabağda bizim qazandığımız zəfər miqyasında uğura çox az xalqlar nail ola biliblər. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsindəki hünər dastanı bütün dünyanı heyran edib. Bizim sevinməyə, qürur duymağa tam haqqımız var. Bu böyük xoşbəxtlik xalqımıza İkinci Qarabağ müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qeyri-adi qəhrəmanlıqları sayəsində nəsib olubdur. Qədirbilən Azərbaycan xalqı doğma Qarabağımızın xilaskarlarını heç vaxt unutmayacaq. Qeyd etmək lazımdır ki, xalqımızın 44 günlük Vətən müharibəsindəki parlaq zəfəri ölkəmizin hər yerində böyük ruh coşğunluğu yaratmışdır. Dünən cəbhədə parlaq qələbə qazanan Azərbaycan dövləti bu gün artıq Qarabağda böyük tikinti-quruculuq işləri ilə məşğuldur. Dövlətimiz və xalqımız bu gün əl-ələ verib işğaldan azad edilmiş ərazilərdə düşmənin vandalcasına dağıtdığı şəhər və kəndləri yenidən inşa edir. Gözlərimizin önündə əvvəlkindən də gözəl şəhərlər tikilir, parklar və yollar salınır".

Azər Verdiyev onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan edib və  ölkəmizdə elə bir insan tapılmaz ki, o, gözəl və qənirsiz Şuşanı bütün varlığı, ruhu ilə sevməsin, ona qəlbən bağlanmasın: "Amma, mənə elə gəlir ki, möhtərəm Prezidentimiz Şuşanı hər birimizdən daha çox sevir. Cənab İlham Əliyev bir dəfə bu barədə söz açarkən demişdir: "Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı yeni, möhtəşəm tədbir ərəfəsindədir. Çünki, Dünya azərbaycanlılarının Şuşada keçiriləcək növbəti qurultayı əsl milli bayrama çevriləcək".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31