Azərbaycan dilinə dövlət dili statusunun verilməsi istiqamətində tarixi addım

Hər bir xalqın dili onun milli sərvətidir. Təsadüfi deyil ki, bir dövlətə, xalqa qarşı deportasiya siyasəti həyata keçirəndə, onu tarixdən silməyə, məhv etməyə çalışanda öncəliklə həmin xalqın dilini məhv etməyə başlayırlar. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan da tarixən bu kimi təhlükələr, təhdidlərlə qarşılaşıb. Ana dilimizə qarşı tarixin müxtəlif dövrlərində təzyiqlər, basqılar olub, onu sıradan çıxarmağa cəhd göstərilib. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz dilini qorumağa, onu mühafizə etməyə  və günümüzə qədər gətirib çıxarmağa nail olub.

Xüsusilə, Azərbaycan sovetlərin zamanında dil baxımından ciddi çətinliklərlə üzləşib. 70 ildən artıq rus təbəəsi altında olan Azərbaycanın dilini tamamilə sıradan çıxarmaq üçün zaman-zaman məkirli planlar işə salınıb. Ancaq sevindirici hal ondan ibarət olub ki, həmin illərdə istər keçmiş Azərbaycan SSR-yə rəhbərlik edən, istərsə də müxtəlif vəzifələrdə çalışan milli şəxslər dilimzi qorumağa, onu mühafizə etməyə, xarici təsirlərdən zərərsizləşdirməyə müvəffəq olublar. Belə şəxslər sırasında ümummilli lider Heydər Əliyevin adını xüsusi qeyd etmək lazımdır.

Heydər Əliyev Azərbaycanda istər ölkənin birinci şəxsi postunu tutduğu illərdə, istərsə də müxtəlif vəzifələrdə çalışdığı zaman dilimizin qorunması, onun mühafizəsi istiqamətində sistemli fəaliyyət göstərib, lazımı hüquqi adıımlar atıb. Təkcə sovetlərin zamanında Azərbaycana rəhbərlik etdiyi illərdə deyil, eyni zamanda Moskvada Siyasi Büroda çalışdığı dövrlərdə də ümummilli lider Azərbaycan dilinin saflığının qorunması, onun yad təsirlərdən müdafiə edilməsi istiqamətində davamlı fəaliyyət ortaya qoyub.

Məlumat üçün qeyd edək ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir." Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.

Heydər Əliyevin Azərbaycan dilinin saflığının qorunması, onun xarici təsirlərdən, yad ünsürlərdən mühafizə edilməsi istiqamətindəki fəaliyyəti müstəqillik illərində də davam edir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bütün istiqamətlərdə olduöu kimi, qeyd ediləb sahədə də yeni-yeni addımlar atır, bu məqsədlə müxtəlif fərman və sərəncamlar imzalayır. Ümummilli lider Mərkəzi Komitəyə rəhbərlik etdiyi illərdə olduğu kimi, müstəqillik illərində də Azərbaycan dilinin dövlət səviyyəsində geniş tətbiqi və inkişaf etdirilməsi məsələsınə xüsusı önəm verərək bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olsa da, müzakirələrin məntiqi nəticəsi kimi,  Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ümumxalq səsverməsi  yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.

Ana dilinin inkişafina xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını da nəzərdə tutan bu fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Heydər Əliyevin 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına uyğun  hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin zənginliyi, saflığından bəhs edərkən deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm". Yaxud Heydər Əliyev digər çıxışlarından birində dilin xüsusi əhəmiyyətindən, millətin mənlik şüurundakı yerindən bəhs edərkən belə ifadə edirdi: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var".

Məhz ümummilli lider Heydər Əliyevin zamanında Azərbaycan dilinin qorunması, onun yad təsirlərdən mühafizəsi istiqamətində atdığı məqsədyönlü addımların nəticəsidir ki, bu gün dilimiz öz zənginliyi, ahəngdarlığı, eyni zamanda saflığı ilə seçilir. Digər tərəfdən ümummilli liderin bu istiqamətdə həyata keçirdiyi siyasətin uğurlu davamı qeyd etdiyimiz müsbət nəticələrin əldə olunmasına imkan yaradıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev də respublikaya rəhbərlik etdiyi 19 ilə yaxın müddətdə Ana dilinə, onun inkişaf etdirilməsi, saflığının qorunmasına çox ciddi diqqət ayırıb. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub. Həmçinin dövlət başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli və "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" 2012-ci il 29 may tarixli sərəncamları da öz növbəsində ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm sənədlərdən sayılır.

Bütün bunları nəzərə alaraq bu gün tam əminliklə deyə bilərik ki,  Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Günümüzdə Ana dilimizin inkişafı və zənginləşdirilməsi, onun qorunması ölkə rəhbəri Cənab İlham Əliyevin diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir.  

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31