Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun görüşü olub
19 Aprel 2022 19:38 SiyasətAzərbaycan parlamentarilərinin Estoniyaya səfəri çərçivəsində Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun görüşü olub.
"OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat verən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki, İşçi qrupunun sədri Sven Sester, qrupun üzvləri Mihail Korb, İqor Kravçenko, Rayvo Tamm, Ayvar Syerd, Aadu Mustun iştirakı ilə keçirilən görüşdə, iki ölkə arasında siyasi-diplomatik münasibətlərin uğurla davam etdirilməsi və bu münasibətlərdə parlamentlərin müsbət rolu qeyd edilib: "Eləcə də görüşdə yüksək səviyyədə olan parlamentlərarası dostluq qruplarının gələcək planlarını müzakirə etdik".

Jalə Əhmədova deyib ki, səmimi ab-havada keçən görüşdən sonra estoniyalı həmkarları onları Riigikogun iclas zalı ilə tanış ediblər: "Habelə Estoniya tarixinin ayrılmaz hissəsi sayılan Toompea qalasının German qülləsinə qalxdıq. Onu da qeyd edim ki, Estoniyanın tarixində xüsusi əhəmiyyət daşıyan German qülləsinə qalxmaq üçün 225 pilləkən qət etməli olduq. German qülləsinin zirvəsində, dəniz səviyyəsindən 95 metr yüksəklikdə ölkənin müstəqilliyinin rəmzi olan Estoniya bayrağı dalğalanır".
Jalə Əhmədova onu da diqqətə çatdırıb ki, görüş zamanı, Sven Sesterin Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu adından nümayədə heyətinə xatirə hədiyyəsi təqdim etməsini isə onlara göstərilmiş yüksək diqqət olaraq dəyərləndirir: "Eston dostlarımıza həm öz adımdan, həm də deputat həmkarım Azər Kərimlinin adından dərin təşəkkürlərimi bildirirəm".