"Tarixi Zəfərdən sonra diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür" - Nurlan Qələndərli
19 Aprel 2022 15:42 Siyasət"Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında əhəmiyyətli amillərdən biri də dövlətimiz tərəfindən həyata keçirilən uğurlu diaspor siyasətidir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin nəticəsi kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə önəmlidir".
Bu fikirləri "Olaylar.az" saytına açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, tarixi Zəfərdən sonra - yeni reallıqlar fonunda diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür:
"Xüsusilə də, xarici media qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması müstəsna önəm daşıyır. Xarici ölkələrdə təbliğat işinin düzgün qurulması ermənilərin ölkəmizə qarşı qara piar kampaniyasının iflasa uğradılmasında böyük əhəmiyyətə malikdir. Diaspor təşkilatları öz fəaliyyətlərini Azərbaycanın hücum diplomatiyası və ya dərin strateji diplomatiya siyasətinə uyğun qurmalıdırlar".
Nurlan Qələndərli söyləyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı zəfər toplantısı kimi dövlətçilik tariximizin mühüm səhifələrindən biri olacaq: "Qurultayın Şuşada keçirilməsi isə mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malikdir. Bu, yeni reallıqların təqdimatı, qlobal ictimai rəydə Azərbaycanın mövqeyinin möhkəmlənməsi və yeni strateji hədəflərin - milli vəzifələrin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malik olacaq".