"Şuşanın Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etməsi böyük önəm kəsb edir"

"Şuşa yenidən Azərbaycan xalqının birlik və bərabərlik, həm də mədəni mərkəzinə çevrilir".

Olaylar.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı Şuşanın Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etməsi barədə fikirlərini bildirərkən deyib.

Hər bir millətin tarixin dərinliklərindən gələn və öz milli varlığını sübut edən tarixi-mədəni-siyasi irsləri olur. Həmin millət bu irsləri simgələşdirir və özünün milli varlığını sübut edən milli kimlik halına gətirir. Bu nöqtədə Şuşa, Şuşada yerləşən mədəni-irsi abidələr, Şuşada doğulan və Azərbaycan xalqının mədəni sinvoluna çevrilmiş dahi şəxsiyyətlərin fonunda şəhər Azərbaycanda milli şüurun formalaşması və kimliyimizin bərqərarında çox önəmlidir. Düzdür Azərbaycanda bu cəhətdən bir çox şəhərlərimiz öz tarixi zənginliyi ilə seçilməkdədir ki, onların hamısı milli kimliyimizin göstəriciləri hesab olunur. Ancaq Şuşa bu nöqtədə digər şəhərlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqlilik özünü həm də siyasi səbəblərdən birüzə verməkdədir. Belə ki, 30 ilə yaxın bir zamanda davam edən işgal faktı Şuşa şəhərini Azərbaycan xalqı üçün əvəzolunmaz milli dəyərə çevirmiş, bu zaman fasiləsində xalq şəhərin işğaldan azad edilməsini səbrsizliklə gözləmişdir. Şuşa həm də milli baxımdan önəmli olmuştur. Ermənilərin həm Şuşanı, həm də bölgədəki digər şəhərləri işğal etdiyi zamanlarda türklərə qarşı dəfələrlə nifrət söyləmləri etməsi, şəhərlərdə dinc əhalini sırf etnik türk olduqları üçün soyqırımı və qətliamlara məruz qoyması Şuşa kimi tarixi şəhəri Azərbaycan xalqı üçün mədəni mərkəzə çevirmişdir. Bu əhəmiyyət həm qan yaddaşımız, həm də tarix yaddaşımız olaraq vəhdət təşkil edir. Şuşa həm siyasi, həm tarixi-mədəni, həm də coğrafi mövqeyi ilə Azərbaycanın əsas dilbər guşələrindən biri olmaqla bərabər, bu şəhərdə Azərbaycan tarixində dərin izlər buraxmış şəxsiyyətlər yetişmişdir. 30 ilə qədər işğalda qalan Şuşanın bu gün azad edilməsi və Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etməsi bütün bu nöqtələrdən böyük önəm kəsb edir. Yuxarıda dediyimiz kimi, Şuşa artıq Azərbaycan xalqının mədəni sinvoludur. Bu mədəniyyət mərkəzinin bütün dünyada yaşayan azərbaycanlıları qonaq etməsi rəmzi əhəmiyyət daşıyır. Bununla Azərbaycan xalqı dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, bir və bərabər olduğunu göstərir, bu birlik və bərabərlik Şuşa şəhərində yenidən doğulur. Şuşa yenidən Azərbaycan xalqının birlik və bərabərlik, həm də mədəni mərkəzinə çevrilir. Azərbaycan liderliyinin, başda Prezident İlham Əliyev olmaqla belə bir mötəbər tədbirə ev sahibliyi etmək üçün Şuşa şəhərini seçməsi yerində və zamanında verilmiş bir qərardır. Bu addımı bütün azərbaycanlılar dəstəkləyir və qurultayın baş tutacağı günü səbrsizliklə gözləyir. Bəli, artıq Şuşa azaddır, artıq Şuşa mədəni mərkəz olmağa hazırdır. Eyni zamanda, Şuşa hər zaman olduğu kimi yenidən bütün dünya azərbaycanlılarının birlik və bərabərlik mərkəzinə çevrilməyə qadirdir!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31