Şuşadan dünyaya veriləcək birlik, bərabərlik mesajı

Bu birmənalıdır ki, hər bir dövlətin, ölkənin xaricdəki siması onun diasporu, həmin ölkələrdə yaşayan nümayəndələridir. Azərbaycan da günümüzdə dünyanın müxtəlif ölkələrində öz diaspor təşkilatları ilə təmsil olunur. Hansı ölkədə güclü və ya zəif olmasından asılı olmayaraq bu gün dünyada Azərbaycan diasporu deyilən bir anlayış var və dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar həmin diaspor təşkilatları ətrafında birləşir, birlikdə Azərbaycanımızı təmsil edirlər.

Azərbaycan diasporunun tarixi çox olsa da,   onun mütəşəkkil halda formalaşması, daha monolit şəkildə təşkilatlanması və dünyada müəyyən mənada güc sahibinə çevrilməsi müstəqillik illərinə təsadüf edir. Daha dəqiq desək ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdığı dövrlərə. Hələ Mərkəzi Komitənin katibi işləyərkən və Moskvada Siyasi Büroda çalışarkən əsasını qoymuş olduğu Azərbaycan diasporunun yeni dövrün tələblərinə uyğun inkişafı Heydər Əliyevin müstəqillik illərində Azərbaycan rəhbəri olduğu illərdə daha da sürətləndi.

Bu baxımdan Heydər Əliyevin  "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 23 may 2001-ci il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edirdi. Həmin sərəncama əsasən 2001-ci il, noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Qurultayda dövlət başçısı Heydər Əliyevin də iştirakı Azərbaycan dövlətinin diaspor quruculuğuna, dünya azərbaycanlılarının birlik və həmrəyliyinə nə dərəcədə önəm verdiyini ortaya qoyur, bu məsələnin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyirdi. Eyni zamanda müstəqil Azərbaycan dövlətinin buna çox ciddi ehtiyac duyduğu anlamını verirdi.  Elə Ulu Öndər də Dünya Azərbaycanlılarının Birinci Qurultayında etdiyi tarixi və proqram xarakterli çıxışında bu məqamı xüsusi vurğulayırdı. Ümummilli lider deyirdi: "Azərbaycan diasporuna böyük ehtiyacımız var. Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan diasporu son illər təşkilatlanır və Azərbaycan icmaları, diasporu yaşadıqları ölkədə, ümumiyyətlə, beynəlxalq aləmdə artıq özlərini göstərirlər. Amma bu, bizim diasporun formalaşmasının ilkin mərhələsidir. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır. Bu gün işinə başlayan qurultay da məhz bu məqsədi daşıyır".

Dünya Azərbaycanlılarının Birinci Qurultayı bir tərəfdən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsinə, onların tarixi Vətənlə əlaqələrinin genişləndirilməsinə, həmvətənlərimizin Azərbaycançılıq ideologiyası ətrafında birləşməsinə çağırış, bu istiqamətdə atılan addım idisə, digər tərəfdən onların arxasında artıq güclü, müstəqil bir Azərbaycan dövlətinin dayandığını isbatlayan tarixi hadisə idi. 

Sevindirici haldır ki, ümummilli liderin vəfatından sonra diaspora sahəsində hər hansı axsama, problemlər baş vermədi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev də diaspor sahəsində xüsusi önəm verərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, güc mərkəzinə çevrilməsini prioritet hesab etdi. Elə 2006-cı il, mart ayının 16-da Bakıda Dünya Azərbaycanlılarının İkinci, 2011 və 2016-cı illərdə keçirilən 3 və 4-cü qurultaylar da dövlət başçısı İlham Əliyevin diaspora sahəsində xüsusi önəm verdiyini təsdiqləyirdi. Bu qurultaylar həm də Azərbaycan prezidentinin dünyadakı çoxmilyonlu azərbaycanlıların prezidenti olduğu reallığını ortaya qoydu. Dövlət başçısı hələ ikinci qurultayda çıxışı zamanı deyirdi: "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək".

Elə 44 günlük Vətən müharibəsi də İlham Əliyevin dünyadakı çoxmilyonlu azərbaycanlıların prezidenti olduğunu təsdiqləmiş oldu. Vətən müharibəsi dövründə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, uşaqdan böyüyə hər kəs Azərbaycan dövləti, onun prezidenti ətrafında birləşərək Azərbaycanımızın qələbəsinə nail oldular. Vətən müharibəsində əldə edilən qələbə, torpaqlarımızın işğaldan azad edilməsində dünyadakı azərbaycanlıların da müəyyən mənada payı olduğundan onların 5-ci qurultayda işğaldan azad edilən Şuşa şəhərində bir yerə toplanması da elə Azərbaycan dövlətinin diaspora, xaricdəki azərbaycanlılara verdiyi dəyərin göstəricisidir. Bu həm də düşməndən azad edilmiş Şuşadan bütün dünyaya verilən birlik, bərabərlik mesajı olacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31