“Ermənistanın forpost kimi qalmasına çalışan haylar az deyil”- Deputat
15 Aprel 2022 14:30 Siyasət"Nikol Paşinyanın, eləcə də onun komandasındakıların son açıqlamaları göstərir ki, onlar ölkələri üçün ən doğru yolun Azərbaycanın irəli sürdüyü 5 prinsipə əməl etmək olduğunu artıq anlayıblar və bu da rəsmi Bakının postkonflik dövründəki diplomatik səylərinin birbaşa nəticəsidir. Beləliklə, ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş toplantıda cənab Prezidentin dedikləri öz təsdiqini tapır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev Milli Məclisdə çıxışı zamanı qeyd edib. Bildirib ki, Ermənistanın bütün qonşularıyla normal əlaqələr quran dövlətə çevrilməsinə qarşı çıxan, onun indən sonra da sadəcə, forpost və hərbi baza kimi qalmasına çalışan haylar da az deyil. Onlar separatçılıq dalğasında özlərinə karyera qurub var-dövlət yiyəsi olan soyğunçular, hərbi cinayətkarlar, terrorçu ünsürlərdir. Belələrinə Moskvadakı bəzi soydaşları da açıq dəstək verirlər. Amma həmən adamların kimliklərindən və iş yerlərindən aydınca görünür ki, onlar sadəcə nökər xidməti göstərirlər. Dəstək verən başqasıdır. Yoxsa rəhbərlik etdiyi xarici auditoriyaya yönəlik media qurumunda hansı dezinformasiyaların veriləcəyilə bağlı gündə neçə dəfə, harayla məsləhətləşdiyi kimsəyə sirr olmayan biri iznsiz və tapşırıqsız Qarabağı "LDNR"-ləşdirməkdən, harasa birləşdirməkdən dəm vurmazdı: "Z-ni işğal rəmzinə çevirənlər də, Xankəndində bundan ruhlanan həriflər də görəsən onun çağdaş Azərbaycan əlifbasının ən axırıncı hərfi olduğunu bilirlərmi? O həriflər iqtisadiyyata həsr edilən bir toplantıda müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin nədən mühüm siyasi və geosiyasi ağırlıqlı açıqlamalar verdiyini, ordumuzun daha da gücləndirilməsi yolunda atılan addımların, komando birlikləri və xüsusi təyinatlıların sayının durmadan artırılmasının üzrərində niyə ayrıca dayandığını, özəlliklə də kimlərin qeyri-dost sayılacaqları və Azərbaycanın həmən dövlətlərə qarşı hansı cavab addımları atacağı haqda nə dediyini unutmasınlar gərək. Onu da unutmasınlar ki, Azərbaycan xalqı bu gün 44 günlük savaşdakından da daha mütəşəkkil halda öz liderinin və ordusunun yanındadır. Daha mütəşəkkil halda ona görə deyirəm ki, o 44 günlük savaş "Dəmir Yumruğa" çevrilməyin necə böyük xoşbəxtlik və üstünlük olduğunu hər birimizə daddırıb. Bu gün hər bir azərbaycanlı içərisində İsfahan olmasa da, Gəncə anlaşması dönəmindəki babalarının ruhunu gəzdirir, Kürəkçay reallığıyla üzləşənlərin yox. Və biz dövlətimizin adının niyə əlifbamızın ilk hərfiylə başladığını da, buradakı rəmzliyi də heç vaxt olmadığı qədər daha aydın dərk edirik".