Prezidentin dedikləri maraqlı məqamları üzə çıxardı- Nəsimi Məmmədli
14 Aprel 2022 14:15 Siyasət2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqinin əsas istiqamətlərinə dair Olaylar.az-a açıqlama verən politoloq Nəsimi Məmmədli bildirib ki, 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyevin xüsusi vurğu saldığı əsas məsələ müharibədən sonrakı dövrün yenidən qiymətləndirilməsi olub. 2020-ci ilin 10 noyabr "Atəşkəs Bəyanatı"ndan sonra Ermənistanla Azərbaycan arasında müxtəlif formatlarda aparılan danışıqlarla bağlı xeyli müsbət aydınlaşma yaranıb.
"ATƏT-in Minsk Qrupunun yeni reallıqları tam qəbul etməsi ilə bağlı ölkə başçısının səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir. 1994-cü ildə Bişkekdə razılaşdırılan atəşkəs müqaviləsindən sonra ATƏT missiyası 28 il nəticəsiz danışıqlar prosesi aparıb.
Artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasında tamamilə yeni və daha məhsuldar təşəbbüslər ortaya çıxıb. Rusiyanın vasitəçiliyi ilə "üçlü format" və Avropa İttifaqının prezidenti Ş.Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi ATƏT-in rolunu arxa plana atıb.
Azərbaycanın sülh naminə təqdim etdiyi 5 baza prinsipini Ermənistanın qəbul etməsi də çox mühüm yenilikdir. Xüsusilə də nəzərə almalıyıq ki, ölkə Prezidenti Azərbaycanın mövqeyini dəfələrlə çox aydın şəkildə bəyan edib: "Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq."
Artıq bütün danışıqlarda "Dağlıq Qarabağ", "öz müqəddəratını təyinetmə", "siyasi-hüquqi status" tezisləri müzakirə gündəliyində yoxdur. Bu, əlbəttə ölkəmizin maraqlarına tam uyğun olan bir haldır.
Beynəlxalq münasibətlərin hazırkı ziddiyyətli və mürəkkəb dövründə ölkənin xarici siyasəti və orduda struktur dəyişiklikləri ilə bağlı ölkə Prezidentinin dedikləri də maraqlı məqamları üzə çıxardı.
Azərbaycan həm regional əməkdaşlıq formatında, həm də beynəlxalq hüquqla təsbit olunan münasibətlərdə ikitərəfli və çoxtərəfli əlaqələri sabit saxlamağa nail olub.
Türkiyə və İsraildən müasir silahların alınması, ordunun xüsusi döyüş hazırlığının artırılması istiqamətində görülən işləri də qeyd etmək olar"