Mərkəzi Bankda islahatlar dalğası - Azərbaycanı yeni qlobal təhdidlərdən xilas edəcək
14 Aprel 2022 14:52 SiyasətPrezident İlham Əliyevin sərəncamı ilə Mərkəzi Bankın rəhbərliyi dəyişdirilib. Mərkəzi Bankın sədri vəzifəsində Elman Rüstəmovu Taleh T Kazımov əvəz edib. Ölkənin bir nömrəli maliyyə qurumunda aparılan kadr islahatlarının səbəbi nədir? Uzun müddət ərzində Mərkəzi Banka rəhbərlik etmiş, bu sahədə oturuşmuş bir şəxsin əvəzlənməsi hansı zərurətdən doğur? Bu, texniki prosedura uyğun olaraq aparılan yenilikdir, yoxsa fərqli səbəbləri var? "Olaylar.az" mövzunu araşdırmağa çalışıb.
İqtisadçı ekspert Qadir İbrahimli "Olaylar.az"a bildirib ki, Mərkəzi Bankdakı rəhbər dəyişikliyi sıradan bir hadisə deyil: "Bu yeniliyi bir kontekstdə ölkədə 2018-ci ildən etibarən həyata keçirilən islahatlar dalğasını tərkib hissəsi kimi də qiymətləndirmək olar. Prezident İlham Əliyev siyasi iradəsini ortaya qoyaraq ölkəni yenidən qurur, hər bir sahə təzələnir, ölkə mütərəqqi xarakterli beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkəni iqtisadi yüksəlişə aparan yol islahatlardan, şəffaflaşmadan, korrupsiya ilə ciddi mübarizədən, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə-nizam-intizamının təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsindən keçir. Bu kontekstdən yanaşsaq ölkənin əsas qurumlarından biri olan Mərkəzi Bankın da islahatlar dalğasına məruz qalacağı gözlənilən idi. Amma bu, məsələnin yalnız bir tərəfidir".
Ekspert qeyd edib ki, Mərkəzi Bankdakı dəyişikliyin başqa mühüm səbəbləri də var: "Azərbaycanda maliyyə bazarının, xüsusilədə valyuta bazarının tənzimlənməsi ixracat potensialınan asılıdır. Bu, daha çox neft və qaz istehsalına, ixracına bağlı olan bir məsələdir. Qısa desək, ölkədəki valyuta bazarı həm də beynəlxalq bazara bağlı olan bir məsələdir. Təəsüf ki, bu gün beynəlxalq bazarda proseslər sabit deyil, çox ciddi dəyişikliklər, mən deyərdim ki, ciddi qlobal təhdidlər mövcuddur. Rusiya -Ukrayna müharibəsi dünyanın düzənini tamamilə pozub. Bu pzuntu ilk növbədə ərazaq bazarında özünün göstərir. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin şəkildə artır. Rusiya-Ukrayna müharibəsi bu artımı daha da sürətləndirib. Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları olduqlarına görə, artıq təbii qıtlıq hiss olunur və bu, ərzaq bazarına, maliyyə dövriyyəsinə ciddi şəkildə təsir edir. Bahalaşma artıq qlobal tendensiyaya çevrilib. Bu gün mən rus mətbuatında oxudum ki, artıq Rusiya ərazisində, eləcə də Ukrayna və MDB ölkələrinin hamsında bahalaşma 33 faizə yüksəlib. Təbii ki, bu tendensiya Azərbaycana da təsir edir. Çünki Azərbaycan da MDB məkanına daxil olan ölkələrdən biridi. Azərbaycanın MDB ölkələri ilə böyük ticarət əlaqələri var və bu, istər-istəməz Azərbaycana da təsir edir".
Qadir İbrahimli deyir ki, problem təkcə ərzaq məhsullarında deyil: "Beynəlxalq bazarlarda bütün istiqamətlər üzrə sistem pozulub. Bu pozuntu maliyyə dövriyyəsinə də ciddi şəkildə təsir edib. Əsas problem budur ki, maliyyə dövriyyəsini proqnozlaşdırmaq imkansız olub. Beynəlxalq bazarda durum necə dəyişəcək, ölkəyə nə qədər valyuta daxil olacaq, nə qədər valyuta çıxacaq? Bunları hesablamaq, proqnozlaşdırmaq imkansız olub. Məsələ ondadır ki, ölkənin valyuta ehtiyacının nə qədər olması ilə bağlı məsələlərdə əsas rol Mərkəzi Banka aiddir. Beynəlxalq bazarlarda baş verən proseslər, maliyyə valyuta çalxalanmaları Mərkəzi Bankın ciddi işləməsini, qlobal çağırışlara, qlobal təhdidlərə çevik reaksiyalar verməsini tələb edir".
Ekspert hesab edir ki, Mərkəzi Bankın rəhbərliyinin yenilənməsi, sədr postuna gənc, intellektual, beynəlxalq münasibətlər sistemini bilən bir mütəxəssisin gətirilməsi Azərbaycanı qlobal maliyyə təhdidlərindən daha effektiv şəkildə qorumaq məsədi güdür.
Məlumat üçün qeyd edək ki, Taleh Kazımov bu il aprelin 12-də Mərkəzi Bankın İdarə Heyətinin üzvü, daha sonra MB-nin sədri təyin edilib. 38 yaşlı Taleh Kazımov Bakı şəhərində anadan olub. Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan əlavə, Taleh Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib. O, ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
Taleh Kazımov karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. 2004-dən 2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə çalışıb.
Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyulundan başlayıb. 2015-ci ildə "PAŞA Bank"ın İdarə heyətinin sədri, Baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Nəsimi Ələsgərli