Azərbaycan dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib

Ölkəmizdə İlahliyyat İnstitutunun yaradılması xalqın tarixi ənənələrinə söykənir

Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılmışdır. Ölkəmizdə, hər bir islam və digər dini icmalar, qanunvericilik çərçivəsində,sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdir. Bunun əksinə olaraq, bəzi  Qərbi Avropa ölkələrində son onillikdə islamafobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradıb. Belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi,  milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləyir. Son illər Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini  ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda  Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühiti formalaşıb. Ölkəmiz  mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib. Prezident  İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir. Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan İlahliyyat İnstitutunun yaradılması xalqın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanması baxımından səmərəli addımlardan biri olub. Bu sərəncam Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından əhəmiyyətli olub. Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı isə ölkəmizdə dini təhsilin inkişafına xüsusi diqqət və qayğının mövcudluğunu, bunun milli təhlükəsizliyin vacib elementi kimi nəzərdən keçirildiyini göstərir. Yeri gəlmişkən qeyd edək ki,  Azərbaycanda əhalinin 96 faizinin İslam dininə etiqad göstərməsi fonunda ölkəmizdə dinin elmi əsaslarla, vahid konsepsiya əsasında öyrənilməsi və təbliği, neqativ mahiyyətli maarifləndirmə cəhdlərinin qarşısının alınması son dərəcə vacibdir. Azərbaycanın İslam sivilzasiyasının əsas mərkəzlərindən birinə çevrilməsi, müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Konfransının fəal üzvü olması dini təhsilin dövlət nəzarətində və elmi əsaslarla aparılmasını zəruri edir. Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda dinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə hər zamana yüksək diqqət və qayğı olub: "Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün cənab Prezident İlham Əliyev tərəfindən həmin siyasəti uğurla davam etdirir. Bu qayğının ən bariz nümunələrindən biri də 218-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması oldu. İnstitut yaradıldı, qısa dövrdə formalaşdırıldı və yeni bir bina ayrıldı. Ötən gün də cənab Prezident yeni binanın açılışında iştirak etdi. Bu bir daha cənab Prezidentin bizim milli dəyərlərimizə diqqət və qayğısının göstəricisidir". Deputat bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu yaranmamışdan öncə bəzi insanlarımız ərəb ölkələrinə təhsil almağa gedirdilər: "Bir sıra halllarda da bizim vətəndaşlarımız zərərli dini təhsilə məruz qalıblar. Amma Azərbaycan İlahiyyat İnstitutu yarandıqdan sonra artıq ölkəmizdə ali dini təhsil verən təhsil müəssisəsi yaranmış oldu. Bu müəssisədə yüksək dini biliklər verilir. Bu da ölkəmizdə dini təhlükəsizliyin təmin olunmasına, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə öz ciddi tövsiyyəsini birmənalı olaraq verəcək. Cənab Prezidentin bu açılışda iştirakı, müəyyən tövsiyyələr verməsi də onu göstərdi ki, Azərbaycanda bu sahəyə xüsusi önəm verilir və dövlət bu sahənin inkişafı üçün lazım olan bütün addımları atır, hər zaman da atacaq". Onun sözlərinə görə, İlahiyyat İnstitutunun yaradılması ilə ilk dəfə Azərbaycanda elmi əsaslara əsaslanan, yüksək ali dini təhsil verən bir təhsil müəssisəsi yaranmış oldu: "Bu gün İlahiyyat İnstitutunda ali təhsilin bakalavr, magistratura və doktorantura pilləri üzrə təhsil verilir. Bu həm də bizə şərait yaratdı ki, İslam dininə elmi bir baxış formalaşsın, islam elmləri fundamental araşdırılsın, tədqiq edilsin. Əvvəl bizim vətəndaşlarımız səbəb gətirirdilər ki, ölkəmizdə dini təhsil üçün imkan yoxdur. Amma artıq qeyd etdiyimiz kimi təhsilin bütün pillələri üzrə Azərbaycan İlahiyyat İnstitutunda təhsil verilir. Əvvəl tələbələr xaricə gedib təhsil alanda təhsil xərcləri, yol xərcləri, qalmaq yeri üçün xərclər və s. xərcləri çıxırdı. Amma bu gün Azərbaycan İlahiyyat İnstitutunda təhsilin bütün pillələrində təhsil ödənişsizdir. İlahiyyat İnstitutunun açılması ilə Azərbaycanda dini təhsilin keyfiyyətində yeni bir mərhələyə qədəm qoyduq. Artıq Azərbaycanda milli, mənəvi dəyərləri təbliğ edən müəssisə mövcuddur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31