Cari ilin birinci rübünün göstəriciləri Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini təsdiqləyir

Azərbaycan bütün beynəlxalq risk və təhdidlərə, qlobal miqyasda meydana çıxan problemlərə baxmayaraq öz uğurlu inkişaf yolunu davam etdirir. İstər bir neçə illər əvvəl dünyanı bürüyən qlobal maliyyə böhranı, istərsə də 2019-cu ildən dünyanı ağuşuna alan koronavirus pandemiyası əksər ölkələrə öz mənfi təsirini göstərib, onların iqtisadiyyatını zəiflətsə də, lakin Azərbaycan bu mənfi tendensiyanı öz gündəlik həyatı və iqtisadiyyatında o qədər də ciddi şəkildə hiss etmədi, Çünki düşünülmüş, məqsədyönlü siyasətin nəticəsi Azərbaycan dövlətini, iqtisadiyyatını qlobal təhdid və risklərdən qoruya bilib. Elə cari ilin birinci rübünün yekunları da belə deməyə əsas verir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə  cari ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədə dövlət başçısının səsləndirmiş olduğu fikirlər də bu faktı bir daha təsdiqləyir. Müşavirədə çıxış edən prezident İlham Əliyev qeyd edib ki, bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Dövlət başçısının bildirdiyi kimi birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur: "Ümumi daxili məhsul 6,8 faiz artıb. Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də "postpandemiya" sözünü işlətmək bir qədər tezdir. Amma hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi - bütün bunlar reallıqlardır".

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da deyir ki,  pandemiyanın təsirlərinə və müharibədən sonrakı reallıqlara baxmayaraq, bu ilin birinci rübündə də Azərbaycan uğurla inkişaf edib. Elə yalnız ümumi daxili məhsulun 6,8 faizlik artımı postpandemiya dövrünə aid böyük nailiyyətdir: "Həmçinin, cari ilin birinci rübündə qeyri-neft iqtisadiyyatı 10 faizdən çox, sənaye istehsalı sahəsi 4 faiz, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi 60 faizdən çox, ölkə ixracı iki dəfədən çox, qeyri-neft ixracı 45 faiz artıb. Eyni zamanda, xarici ticarət saldosu cəmi üç ayda 5.1 milyard dollar təşkil edib ki, dünyanın əksər ölkələrində bu sahədə saldo mənfidir. Eləcə də, xarici dövlət borcu da azalıb. Bir sözlə, 2022-ci ilin ilk üç ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və postmünaqişə dövrünün birinci ilinin nəticələri də onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib".

Ramil Vəlibəyov bildirib ki, əldə olunan iqtisadi yüksəliş aparılan islahatların nəticəsidir: "Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi  mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib. Qeyd edilməlidir ki, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, xüsusilə də postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir".

"Bir məqam da xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb" - deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır: "Azərbaycana edilən təyziqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından sonra dərhal bərpa işlərinə başlaması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, onlarla kilometr yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad edilmiş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31