Birinci rübün yekunları haqqında düşüncələr nikbindir
14 Aprel 2022 12:51 SiyasətMilli Məclisin deputatı Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirənin ümumi nəticəsi ilə bağlı "OLAYLAR.AZ"-a öz fikirlərini bildirib:
"Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə olduqca vacib fikirlər səsləndirildi. Diqqəti cəlb edən başlıca məqamlardan biri ondan ibarət idi ki, ölkə prezidenti postmünaqişə mərhələsində Azərbaycanın yaratdığı reallıqların dünya tərəfindən qəbul olunduğunu, Azərbaycana artan marağı və Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin artdığını qeyd etdi. Ümumiyyətlə cənab prezident son dövrlərdə cərəyan edən proseslərə toxundu. İşğaldan azad olunmuş ərazilərdə tikinti - quruculuq işlərinin böyük dinamikliklə getdiyini və Azərbaycanın çox fəal şəkildə infrastruktur quruculuğunu həyata keçirdiyini, yaşayış məskənləri saldığını, işğaldan azad olunmuş ərazilərdə inşa olunmuş və inşa ediləcək hava limanlarına diqqət etdiyini vurğuladı .
Cənab prezidentin 12 aprel müşavirəsində səsləndirdiyi fikirlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan öz ərazilərində təhlükəsizlik tədbirlərini daha da gücləndirməkdədir . Bu tədbirlərin nə qədər keyfiyyətli olduğunu Fərrux yüksəkliyinə nəzarətin və təhlükəsizliyin təmin olunmasında açıq-aydın görə bilirik . Belə ki, bu tədbirlər, Xaçınçaydan istifadənin təhlükəsizliyin təmin edir, ayrıca olaraq Ağdam istiqamətində Ermənistanın təxribatlar törətmə imkanlarını məhdudlaşdırır, həmin istiqamətdə Azərbaycanın tam nəzarət imkanlarını təmin edir .
Cənab prezident həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolu yoxdur. Brüsseldə keçirilən görüşlərdə toxunaraq deyib ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü təkliflərlə razıdır .Ayın sonuna kimi həmin sülh sazişini hazırlamaq və sərhədlərin delimitasiyasını aparmaq üçün işçi qrup yaradılacaq və təbii ki, bu da yekun sülh sazişinin imzalanması prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəallığını əhəmiyyətli dərəcədə artırmışdır. Cənab prezidentin diqqət çəkdiyi məqam ondan ibarət oldu ki, istər ikitərəfli münasibətlər sistemində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan öz mövqelərini, maraqlarını inamla müdafiə edir. Məsələn cənab prezident BMT ilə Azərbaycan əlaqələrinin 30 illiyi münasibəti ilə BMT xətti ilə Şuşada tədbirin keçirildiyini söylədi. Bu, BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və hörmətlə yanaşılması deməkdir. BMT Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı 4 qətnamə qəbul etdi . Lakin, o qətnamələr icra olunmadı .Azərbaycan BMT-ni bu yükdən azad etdi . Azərbaycan öz resursları, öz gücü hesabına torpaqlarını işğaldan azad etdi.
Avropa İttifaqı ilə Azərbaycan arasında təmaslar son dövrlərdə, xüsusilə postmünaqişə mərhələsində daha da dinamik xarakter almışdır . Brüsselin vasitəçiliyi ilə həm ötən ilin sonu , həm də bu il aprelin 6-sı Azərbaycan prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi . Bu görüş zamanı Azərbaycan tərəfi bir daha əmin oldu ki, Ermənistan Azərbaycanın irəli sürdüyü təklifləri qəbul edir .
Cənab prezident həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın işğalçılıq siyasəti pislənilib , Azərbaycanın haqlı-ədalətli mövqeləri dəstəklənib və Azərbaycanın fəaliyyətinə diqqət yetirilib. Qoşulmama hərəkatı ilə Azərbaycan arasında münasibətlərə xüsusi diqqət yetirmək vacibdir. Azərbaycan Qoşulmama Hərəkatına ilk üzv olduğu vaxtlardan, təşkilata üzv dövlətlərin dəstəyini almışdır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr qəbul olunmuşdur. Ölkəmiz 2019-cu ildə Qoşulmama Hərəkatının zirvə toplantısına evsahibliyi və sədrliyi öz üzərinə götürdü . Azərbaycanın sədrliyi dövründə fəaliyyət bandın prinsiplərinə tam uyğun olaraq gerçəkləşdirildi . Təsadüfi deyildir ki, Azərbaycan təşkilata üzv olan ölkələrin xahişi və razılığı ilə daha bir il Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürmüşdü .
Cənab prezident həmçinin Azərbaycanın iqtisadi inkişafına diqqət yetirdi. Xarici ticarət dövriyyəsinin 60% artdığını , ixracatın əhəmiyyətli dərəcədə yüksəldiyini qeyd etdi . Azərbaycan iqtisadi əlaqələrini daha da genişləndirməkdədir, postmünaqişə mərhələsində ölkəmizə diqqət daha da artmışdır . Bunu işğaldan azad olunmuş ərazilərimizə yönləndirilmiş sərmayələrdə sübut edir . Artıq bərpa olunan enerji sahəsində iki böyük layihənin gerçəkləşdirilməsini prezident nümunə göstərmişdir .Digər istiqamətlərdə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artmaqdadır .Bütün bunlar bu ilin birinci rübünün yekunları haqqında kifayət qədər nikbin düşünməyə əsas verir. 2022- ci ilin birinci rübünün yekunlarına əsasən Azərbaycanın davamlı inkişafı müşahidə olunmuşdur. İstər Beynəlxalq Münasibətlər sistemində, istər beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində, istərsə də ümummilli iqtisadi inkişaf sahəsində Azərbaycan qarşısına qoyduğu hədəflərə inamla çatıb , kifayət qədər müsbət nəticələr əldə etmişdir."
Nəsimi Ələsgərli