Azad edilmiş ərazilərdə quruculuq-abadlıq işləri əsas prioritetdir

Prezident müşavirədə konkret tapşırıqlar verdi

Bu gün Azərbaycan dövləti üçün qarşıda duran əsas prioritet vəzifələrdən biri də 44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad etdiyimiz şəhər və rayonlarımızda quruculuq-abadlıq işləri aparmaq, qısa müddətdə həmin ərazilərdə infrastruktur yaratmaq və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Ərazilərimiz işğaldan azad edildiyi ilk aylardan demək olar ki, bu prosesə start verilib. Ötən müddət ərzində görülən işlərin miqyası və əhatə dairəsi geniş olsa da, lakin qarşıda hələ də görüləsi çox mühüm işlər var. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ötən gün cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu istiqamətə xüsusi diqqət çəkdi və işğaldan azad edilən ərazilərimizdə görülməsi vacib olan işlər barədə müvafiq qurumlara öz tapşırıqlarını verdi. Prezident İlham Əliyev daha çox Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərə diqqət çəkdi: "Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya "Azərenerji" tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur - bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik".

Dövlət başçısının sədrliyi ilə keçirilən müşavirəyə diqqət çəkən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilin maraqlı və çox detallı bir müşavirə izlədik. Onun sözlərinə görə, müşavirədən bir neçə məqam məlum oldu ki, bunlardan da birincisi işğaldan azad edilmiş ərazilərimizin (İAƏ)  bərpasına ayrılan vəsaitin indiyə qədər cəmi 13,6% faizin xərclənməsidir: "Belə ki, sözügedən işlər üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 mlrd manat ayrılsa da hələ ki, cəmi 300 mln xərclənib. Ayrılmış vəsaitin 86,4%-I xərcləməsə də, cənab prezidentin bu ilin ilin sonuna qədər görülməli işlərlə bağlı müşavirədə səsləndirdiyi tapşırıqların siyahısı da qısa deyildi. Adətən bütün müşavirələri diqqətlə izləyirəm, amma heç bir müşavirədə dünənki qədər tapşırıqlar siyahısı böyük olmamışdır".

Eldəniz Əmirov bildirib ki, ölkə başçısı ilk növbədə  Kəlbəcər və Laçında Gücü 27 meqavata bərabər olacaq 5 elektrik stansiyanın işə salınmasını, daha sonra bu məsələyə sahibkarların cəlb edilməsini, lazım gələrsə onlara  poensiallarla bağlı təqdimatların keçirilməsini tapşırdı: "Daha sonra minalardan təmizlənmə işlərinin sürətləndirərək, əkin sahələrinin genişləndirlməsini, həmin ərazilərdəki şəhərlərin baş planlarının hazırlanmasını, onlarla iri yol çəkilişi layihələrinin tamamlanmasını, bəlli sayda məktəb və xəstaxana tikintilərini və digər çoxsaylı göstəriş və tapşırıqlarını verdi. Prezident o qədər tam ardıcıllıqla və aydın şəkildə mövcud mənzərəni ifadə edib növbəti tapşırıqları sadalayırdı ki,  hər prosesdə şəxsən iştirakçı olduğu, hər layihə ilə davamlı maraqlandığı aydın olurdu. Həqiqətin İAƏ-də ərzaqlıq buğdanın əkin sahələrini genişləndirilməsinə böyük ehtiyac var. Ümumi buğda ehtiyacımızın 60%-ni ödəyə bilsək də ərzaqlıq buğdanın 20-25%-I qarşılaya bilirik.  İndi ən böyük ümid həmin ərazilərədir".

Ekspert hesab edir ki, BP ilə bərabər Cəbrayılda Günəş Elektrik Stansiyasının yaradılması işlərinin apaılması, Xudafərin SES-də işlərin sürətləndirlməsi, Cəbrayildan Zəngilana elektrik xətləri çəkilməsi və sonra Zəngilandan İran vasitəsilə Naxçıvana bu xətlərin uzadılması bu torpaqların iqtisadi inkişafı üçün təməl zərurətlərdir: "O ki qaldı, 2022-ci ilin I rübünün göstəricilərinə, bu ilin 3 ayında idxal 17 faiz azalmış, ixrac 50 faizədək (qeyri-neft ixracı 10 faiz) artmışdı. Beləcə, ticarət dövriyyəsinin ümumi həcmi nəticədə 15 faiz yüksəlmiş, ticarət dövriyyəsində müsbət saldo 1 milyard dollara çatmışdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31