Milli-dini kadrların hazırlanması Azərbaycan dövlətçiliyi üçün təkcə dini məsələ deyil...

"Azərbaycan Prezidenti İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olması deməkdir." Bunu  Olaylar.az-a deyən  "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, vicdan azadlığının qorunması və din-dövlət münasibətlərinin ən sivil formalarda qurulması, bunun hüquqi, qanunvericilik bazasının yaradılması və praktik inkişaf modelinin yaradılması olduqca vacib bir məsələdir: "Bütün ölkələrdə, o cümlədən də Azərbaycanda bu  demokratik dövlət quruculuğunun mühüm istiqamətlərindən və mərhələlərindən biridir. Vicdan azadlığının çox mühüm aspektlərindən biri olan din azadlığının qorunması, Azərbaycanın dünyada həm də  tolerant ölkə kimi tanınmasında böyük rol oynadı. Eyni zamanda ölkədə müxtəlif dini məzhəblərin təmsilçiləri olan insanlar arasında münasibətlərin tam, normal, insani, humanist, qanuni dəyərlərin qurulmasında böyük rol oynadı. Azərbaycanda milli-dini təhsil sisteminin yaradılması  vicdan azadlığının təmin edilməsi yolunda mühüm bir addımdır. Bu istiqamətdə dövlətin apardığı siyasətin əsaslarını, ölkə müstəqil elan olunandan vicdan azadlığı haqqında qəbul olunmuş  qanunların köməyi ilə həyata keçirilməyə başlandı və Heydər Əliyevin dövründən başlayaraq, indiyə qədər bu istiqamətdə dövlətin mühüm direktiv sənədlərinin və addımlarının atılması davam edir. Milli-dini təhsil sisteminin yaradılmasının çox mühüm təzahürlərindən biri, Azərbaycanda İlahiyyat Universitetinin təsis olunmasıdır. Çox təəssüf ki, milli-dini təhsil sisteminin əsasları və infrastrukturları yaradılana qədər,  Azərbaycanda dini kadrların hazırlanması əsasən başqa ölkələrin təhsil ocaqlarından istifadəsi üzərindən  həyata keçirilirdi. Amma, bilirik ki, bunun müəyyən ziyanlı tərəfləri var idi. Çünki, dünyanın hansı ölkəsi olursa olsun, həmin ölkələrdə dini təhsil almış kadrların gələcəkdə Azərbaycan dövlətinin mənafeləri ilə tam şəkildə uzlaşaraq fəaliyyət göstərməsi bütün hallarda şübhəli qarşılanırdı və sual doğururdu. Əlbəttə, burada  xaricdə dini təhsil almış bizim mütəxəssislərimiz haqqında total və ümumi bir şübhə toxumu səpməyə ehtiyac yoxdur. Amma, nəzərə  almaq lazımdır ki, müxtəlif ölkələrdəki dini təhsil ocaqları dini kadrları hazırlayarkən həmin dini kadrın gələcəkdə işləyəcəyi, mənsub olduğu ölkənin mənafeləri ilə bərabər, həmin dini mərkəzin, dini təhsil ocağının yerləşdiyi dövlətin də maraqları müəyyən qədər nəzərə alınır. Sirr deyil ki, Suriyada, İraqda, İranda, başqa ölkələrdə illər öncə dini təhsil almış azərbaycanlıların fəaliyyətində bu və digər nüanslar zaman-zaman şübhə doğurmağa başlayıb. Buna görə də, Azərbaycanda İlahiyyat Universitetinin yaradılması, milli-dini təhsil sisteminin formalaşdırılması olduqca zəruri idi. Həm ölkəmizin  dini ideoloji əsaslarının möhkəmləndirilməsində  bu əhəmiyyətlidir, həm dini tolerantlığın bütünlüklə möhkəmləndirilməsi  üçün vacib idi, həm vətəndaş həmrəyliyinin əsaslarının daha da gücləndirilməsi üçün vacib idi, həm də ölkənin milli, siyasi, təhlükəsizlik maraqlarını lazımi qədər dərk edən dini kadrların yaradılmasında olduqca əhəmiyyətli və vacib idi. Bu nöqteyi - nəzərdən İlahiyyat Universitetinin yaradılması zamanın tələblərindən biridir. Azərbaycanda bizim milli dövlətçilik dəyərlərimizin və mənafelərimizin tələbləri üzərində dini təhsilin qurulması olduqca əhəmiyyətlidir, dövlət məsələsidir. Bu istiqamətdə prezident İlham Əliyevin hələ illər öncə atdığı addımların bu gün  nəticələri artıq özünü göstərməkdədir. Yəqin ki, bu istiqamətdə  yeni-yeni addımların şahidi olacağıq. Milli-dini təhsil, milli-dini kadrların hazırlanması Azərbaycan dövlətçiliyi üçün təkcə dini məsələ deyil, bu həm də  böyük təhlükəsizlik və dövlətçilik məsələsidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31