Dini baxımdan dözümlü və tolerant ölkə
12 Aprel 2022 14:48 SiyasətAzərbaycan tarix boyu müxtəlif dinlərin, millətlərin birgə yaşadığı, tolerant ölkə kimi tanınıb. Həm dini, həm də etnik baxımdan ölkəmizdə olan rəngarənglik, birgə yaşayış istər bu gün, istərsə də yaxın tariximizdə dünya üçün nümunə göstərilib. Özü də bunu təkcə Azərbaycanda yaşayan müxtəlif dinlərin, millətlərin nümayəndələri deyil, zaman-zaman ölkəmizə səfər etmiş ayrı-ayrı dövlətlərin dini rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri açıq şəkildə vurğulayıblar.
Yaxın tariximizdə ölkəmizdə keçirilən mədəniyyətlərarası və dinlərarası forum, eləcə də dünya dini liderlərinin forumlarında iştirak edən qonaqlar açıq şəkildə ifadə ediblər ki, Azərbaycan nəinki yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda, eləcə də dünyada dini baxımdan tolerant, dözümlü bir ölkədir. Azərbaycanda din və vicdan azadlığı ən yüksək səviyyədə qorunur. Hətta bunu ayrı-ayrı vaxtlarda Vatikana rəhbərlik etmiş dünya katoliklərinin liderləri də aşkar şəkildə dilə gətiriblər. Bütün bu mövqe, Azərbaycanın dini baxımdan dözümlü, tolerant ölkə kimi xarakterizə edilməsi isə ölkədə bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərlə bağlıdır. Bu gün Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq respublikamızda digər dinlərə məxsus ibadət yerləri də qorunur, mühafizə edilir. Həmçinin dövlət hesabına həmin dini ibadət məkanları təmir edilir, onlarda yenidənqurma işləri həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan azad edilən şəhər və rayonlarımızda da İslam dininə aid olan ibadət məkanları ilə digər dinlərə məxsus ibadət yerlərinin təmir və yenidənqurması paralel şəkildə həyata keçirilir.
Bu gün Azərbaycanda dini baxımdan kadr hazırlığı da həyata keçirilməkdədir. Etiraf edək ki, müstəqilliyin ilk illərində bu sahədə ciddi boşluqlar, problemlər var idi. Xarici dini sektalar, hətta ekstremist qüvvələr din pərdəsi altında Azərbaycana asanlıqla sirayət edə, gəncləri öz məkirli planlarının alətinə çevriə bilirdilər. Müxtəlif şirnikləndirici vədlərlə gəncləri xarici ölkələrə dini təhsil almağa aparan həmin qruplar sonradan onları dövlətimiz üçün potensial təhlükə mənbəyinə çevirirdilər. Bu baxımdan Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı xüsusi əhəmiyyət daşıyırdı. Həmin sərəncam əsasında Azərbaycan İlahliyyat İnstitutunun yaradılması xalqın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanması baxımından səmərəli addımlardan idi.
Bu sərəncam həm də Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından əhəmiyyətli oldu. Eyni zamanda bu dövlətimizin, dövlət başçısının dini sahəyə, bu sahədə xidmət edəcək milli kadrlara olan diqqətinin göstəricisi idi.
Günümüzdə də Azərbaycan dövləti və şəxsən dövlət başçısı tərəfindən qeyd etdiyimiz sahəyə, milli dini kadrların hazırlanmasına xüsusi önəm verilir. Bir sıra ölkələrdə gündən-günə artan İslamafobiyaya qarşı fikirlərə fanatikcəsinə, zor gücünə deyil, məhz elmlə, biliklə cavab vermək zamanı yetişib. Bu baxımdan hər bir sahədə olduğu kimi dini sahədə də elmli, bilikli, ən əsası milli kadrların yetişməsi günün tələbidir. Elə bu günlərdə Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı da bu tələbdən irəli gələn addımdır. Eyni zamanda bu hadisə ölkəmizdə dini təhsilin inkişafına xüsusi diqqət və qayğının mövcudluğunu, bunun milli təhlükəsizliyin vacib elementi kimi nəzərdən keçirildiyini göstərir.
Füzuli