33 il sonra Qarabağa...- Abid Tahirli yazır

1989-cu ilin oktyabr ayı. Qarabagda erməni vəhşilikləri tüğyan edir. Hər gün bir-birinin ardınca həyəcanlı xəbərlər gəlir. Növbəti dəfə Qarabağa , Şuşaya ezam olunuram. Çətin və ağır keçən səfərin nəticələri haqqında "Odlar yurdu" qəzetinin oktyabr tarixli 20-21 nömrələrində dərc etdirdiyim "Cavabsız min bir sual" adlı məqalədə geniş söz açıram.

33 il sonra yenidən Qarabağa, Şuşaya yola düşürəm. Bu dəfə vətənimizin baş tacı azad Şuşaya, əziz, müqəddəs, ulu Şuşaya sevinc və fərəh hissi ilə gedirəm.

... Gözümə yuxu getmir. Şuşanın füsunkar təbiətini, əzəmətli dağlarını, zəngin mənəviyyatlı sakinləri, dəyərli ziyalıları ilə söhbətlərimi xatırlayır, o ağır günlərə qayıdıram. Bu səadəti- azad Şuşanı bizə qanı, canı bahasına bəxş etdiyi üçün müzəffər Ordumuzun şəninə ən xoş kəlmələri söyləyirəm. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə imza atan ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, onun xanımı və silahdaşı Mehriban xanım Əliyevaya ən səmimi duyğularımı izhar edirəm.

Bir azdan yola çıxacağam. Uzaqlara, qürbətə sarı boylanıram, xəyalən istiqlal aşiqləri, millət və vətən sevdalıları Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Hilal Münşi, Abay Dağlı .... ilə söhbət edir, sonda "Şuşaya- dünyaya gəldiyiniz doğma diyara gedirəm, mənə sözünüz varsa, buyurun"- deyirəm. Onlar bir ağızdan söyləyir: - Müqəddəs Şuşanı ziyarət etmək səadətdir. Hər kəsə bu xoşbəxtlik nəsib olsun! Sizlərin ayağı o torpaqdadırsa, sizlər o hava ilə nəfəs alırsınızsa, o sudan içirsinizsə, bizim ruhumuz da şad olur, rahatlaşır.

12.04.2022.

Saat: 01.00.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31