"Uğurlu sosial siyasət yeni-yeni nailiyyətlər qazandıracaq”

Olaylar.az-a Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bilidirib ki, 2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən cənab  İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib. Azərbaycanın bu uğurları beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Bu dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma nail olunub. Dövlət başçısının imzaladığı fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz artıb.  Aparılan sosial-iqtisadi islahatlar son 4 ildə məcburi sosial sığorta daxilolmalarının da 84,3 faiz və ya 1757,68 milyon manat artması ilə nəticələnib. Özünüməşğulluq proqramına cəlb olunanların sayı da 13,8 dəfə artaraq ötən il 16232-ə çatıb. Son 4 ildə və bu ilin ilk rübündə 44 mindən çox şəxs bu proqrama cəlb olunaraq kiçik ailə təsərrüfat və müəsissələrini qurub. İşsiz və işaxtaranların məşğulluq imkanlarını artıran ödənişli ictimai işlər proqramı isə xeyli genişlənib və  proqram üzrə 56 min şəxs işlə təmin edilib. Qeyd olunan rəqəmlər Azərbaycanın bu sahədə böyük uğurlarından xəbər verir.  Şəhid ailələri və müharibə əlillərinə, digər həssas qruplara qayğı da dövlət siyasətində prioritet istiqamətlərindən birini təşkil edib. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Mənzillə təminat proqramı Vətən Müharibəsi Qəhrəmanları, digər həssas qruplardan olanları (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da əhatə edib. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olaraq Abşeron rayonunda yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələrinin məzunlarına verilib. Həmin binalarda  365 məzun mənzillə təmin olunub. Son illərdə müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də dövlət uşaq müəssisələrinin məzunlarının  mənzillə təminatı həyata keçirilir. Bu da sosial proqramların əhatə dairəsinin daha da genişləndiyini göstərir. Son 4 ildə daha 1450-dək müharibə əlili minik avtomobili ilə təmin edilib və avtomobillə təmin edilən müharibə əlillərrinin sayı 7400-ə çatıb.Həmçinin Həssas qruplarla bağlı yeni sosial dəstək proqramları qəbul edilib. Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı 2018-ci ilin aprelində dövlət başçısı seçildikdən sonra ilk imzaladığı Fərmanın məhz şəhid ailələri ilə bağlı olmasında bir daha özünü göstərdi. Cənab Prezidentin həmin Fərmanı ilə şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olundu: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edildi. Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə  də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə bu ilin ilk rübündə 44 günlük Vətən müharibəsi iştirakçıları ilə bağlı da sosial dəstək proqramına başlandı və uğurla icra edildi: "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı prosesi həyata keçirildi.

Azərbaycanın bu uğurları Beynəlxalq səviyyədə də yüksək qiymət alıb. Son 4 ildə aparılan mühüm sosial islahatların ciddi nailiyyətlərindən biri də Prezident İlham Əliyevin 2018-ci il 9 avqust Fərmanı ilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və DOST mərkəzlərinin yaradılmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası artıq Azərbaycanın yeni brendi kimi tanınır. Dövlət sosial xidmətlərinin (156 növdə xidmət) "bir pəncərə"dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verən DOST konsepsiyasına beynəlxalq səviyyədə də yüksək dəyər verilir. Bunun təsdiqi kimi, DOST Agentliyi 2022-ci ilin fevralında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BSTA) fəxri fərmanına, bu günlərdə isə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb. Nazirliyin Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən "Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat" müsabiqəsinin "2022-ci ilin Beynəlxalq Dövlət Qurumu" ali mükafatına layiq görülüb. Eyni zamanda, ümumilikdə, son 4 ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) Həmin BSTA-nın xüsusi mükafat və təltiflərini qazanıb.Onu da qeyd edək ki, Ötən 4 ilin sosial uğurlarına həmçinin  nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsinin müasir tələblərə uyğun qurulmasını, sosial xidmətlərin əhatə dairəsinin dəfələrlə genişlənməsini aid etmək olar. 

Eyni zamanda, qeyd olunan dövrdə həssas qruplar üçün daim genişlənən inklüziv imkanlar yaradılıb. Ölkəmizdə həssas qruplar üçün inklüziv imkanların genişlənməsi baxımından da son illərdə əhəmiyyətli nailiyyətlər əldə olunub. Xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il Bakıda yaradılan  DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Beləliklə, tam əminliklə deyə bilərik ki, 2018-ci il aprelin 11-də andiçmə mərasimində çıxışında Prezident İlham Əliyevin söylədiyi "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" sözləri ötən 4 ildə yüksək səviyyədə öz əməli təsdiqini tapıb. Ölkə vətəndaşının rifahı naminə mühüm sosial irəliləyişləri təmin edən uğurlu sosial siyasət qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazandıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31