Politoloq: “İranın və Ermənistanın Azərbaycandan öyrənəcəyi çox şey var”
28 Yanvar 2021 16:56 Siyasət"İrəvanda Ara Ayvazyanla görüşündə "Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir" deyən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif baş nazir Nikol Paşinyanla görüşündə daha korrekt davranıb. Sitat: "Əlbətdə, siz İranın münaqişə ilə bağlı mövqeyini bilirsiniz. Bu, beynəlxalq hüquqa əməl edilməsi, xalqların, o cümlədən azlıqların qorunması, həmçinin ərazi bütövlüyü və güc tətbiq edilməməsidir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Zərifin birbaşa olmasa da dolayısıyla Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanaşması onun Ermənistana münasibətdə Ara Ayvazyanla görüşündə səsləndirdiyi "qırmızı xətt"li cümlə kimi imperativ olmasa da, beynəlxalq hüquqa söykənən bir mövqe kimi normal qəbul edilə bilər: "Amma İranlı nazirin "azlıqların qorunması" ilə bağlı tövsiyyə xarakterli mülahizəsi, əslində İranın özünə və Ermənistana daha çox aiddir. Çünki region dövlətlərindən azlıqların hüquqlarına ən çox sayğısız münasibəti İran və Ermənistan sərgiləyir". Onun sözlərinə görə, Ermənistan mono dövlətdir: "Bu ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri çərçivəsində, öz ata-baba yurdlarında yaşayan 200 min azərbaycanlı 1988-89-cu illərdə ölkədən zorla qovulublar. Hazırda Ermənistan əhalisinin 98%-i bu ölkənin rəsmi statistik məlumatlarına görə ermənilərdən ibarətdir. Yerdə qalan 2%-ni isə əsasən yezidi kürdlər və azsaylı rus, yunan, gürcü icmaları təşkil edir. Qeyd edim ki, bu, Ermənistanın təqdim etdiyi rəsmi statistik göstəricilərdir və hazırda bu ölkədə azsaylı yezidi kürdlərdən başqa hər hansı bir etnik qrupun nümayəndələrinin yaşaması ilə bağlı fakt yoxdur.İrana gəldikdə isə, bu ölkədə nəinki etnik azlıqların, hətta Harvard Universiteti, Kennedi dövlət idarəçiliyi məktəbi və UNPO-nun hesabatlarına görə ölkə əhalisinin 40%-ni təşkil edən Azərbaycan türkləri milli mədəniyyətlərinin, dillərinin qorunması, tədrisi ilə bağlı hər kəsə bəlli olan çoxsaylı problemləri var. Azərbaycanlılarla yanaşı İranda yaşayan digər xalqlara heç bir mədəni hüququ tanınmadığı halda, sayı təxminən 100 min nəfər olan ermənilərin öz dillərində məktəbləri var və mədəniyyətlərini inkişaf etdirməkdə tamamilə sərbəstdirlər. Məhz bu baxımdan, regionda azlıqların qorunması ilə bağlı ən sonuncu söz sahiblərinin Ermənistan və İran olduğunu desəm, düşünürəm ki, yanılmaram. Həm Ermənistanın, həm də İranın etnik qruplar və dini konfessiyalarla bağlı Azərbaycandan onillər boyu öyrənəcəkləri, əxz edəcəkləri çox şey var. Güc tətbiq etməməyə gəldikdə isə, bu məsələdə də ən son söz sahibləri yenə də İran və Ermənistandır. Əgər İran işğalçıya qarşı güc tətbiqindən başqa hansısa mexanizmlərin olduğunu bilirsə, o zaman bunu öz sərhədlərindən kənarda iştirak etdiyi münaqişələrə də tətbiq etsin. İranın mövcud siyasəti "geosiyasi impotensiya"dan başqa bir şey deyil. Rəsmi Tehran heç bir fundamental əsas və üstün imkanlar olmadan regionda əsas söz sahibi olmaq iddiasını güdür. İranın mövcud məzhəbçiliklə kamuflaj edilmiş panfarsist siyasi baxışlarına görə, regiondakı proseslərdə ona əlini ağdan qaraya vurmadan pay ayrılmalıdır. Vaxtilə, heç bir hüquqi əsas olmadan Xəzərdən 20% pay istədikləri kimi, bölgədəki bütün proseslərdən pay umurlar. Təqdim edəcəkləri nə bir ciddi texnologiya, nə də təhlükəsizlik mexanizmləri var..."