İkinci Qarabağ savaşı əsil vətənpərvərlik nümunəsidir
28 Yanvar 2021 16:50 SiyasətVətənpərvərlik insanın daxilində olan bir hissdir. Bu hiss olmasa, nə Vətəni, nə torpağı, nə də valideyni sevmək mümkün deyil. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Hər bir insan vətənpərvərliyi əməlləri, gördüyü işlərlə sübut etməlidir. Elə İkinci Qarabağ müharibəsində olduğu kimi. Bizim üçün Vətən müharibəsi kimi tarixə düşən bu savaşda Azərbaycan oğulları öz canları, qanları ilə sözün həqiqi mənasında vətənpərvər olduqlarını sübut etdilər. Sübut etdilər ki, bütün sevgilərin əzəli, bünövrəsi Vətən sevgisi, insanlığa, haqqa, ədalətə və sülhə olan sevgidir. Bu sevgi qanlarına hopmuş insanlar üçün öz şəxsi arzuları ikinci dərəcəli olur. Onlar öz sevdiklərinə qovuşmaq həsrətilə qovrulsalar da, xalqının, millətinin, Vətəninin rifahı onlar üçün hər şeydən irəlidə olur. Məhz bu ruhda böyümüş, Vətən eşqilə alışıb-yanan qəhrəman oğullarımız Vətən müharibəsində öz sözlərini dedilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində hərbçilərlə görüşdə qeyd edib ki, bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir: "Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Onları məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar, rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq. Müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan, dərhal öhdəlik götürün. Özü də demişdim ki, bu öhdəliyi Ermənistan rəhbərliyi götürməlidir, deməlidir, tarix verməlidir ki, filan tarixdə mən torpaqlardan çıxıram, mən də müharibəni dayandırıram. Əks-təqdirdə, sona qədər gedəcəyik. Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu".
Müdriklərimiz deyib ki, iki cür əməl var, bir insanlara qarşı əməl, bir də Vətən qarşısında əməl. Vətən qarşısında nə qədər yaxşı əməl sahibi olsan, bu torpağa nə qədər dərin köklərlə bağlansan, bu torpaq üzərində yaşayanlar da səni unutmayacaq. Bu həyatda isə istənilən məsələni çox asanlıqla həll etmək mümkündür. Ən önəmli olan tərəf isə ondan ibarətdir ki, bütün məsuliyyətlərin və zəhmətlərin fövqündə bir müqəddəs ad yaşamalıdır. Bu ad bizim üçün dünyanın ətrafında fırlandığı orbit olmalı, kimliyindən asılı omayaraq, hər birimizin ruhunda yaşamalı və hər kəs də onu yaşatmalı, qorumalı və inkişaf etdirməlidir. Bu ad Azərbaycandır. Bu adın qarşısındakı məsuliyyətin bütün amallardan yüksəkdə dayandığını dərk edən gənclərimiz hər addımında məhz bu əqidəyə xidmət etdiklərini Qarabağda sübut etdilər. Məhz bu baxımdan Qarabağ savaşı izim üçün əsil vətənpərvərlik nümunəsidir. Dövlət başçısının qeyd etdiyi kimi bu müharibə bizim tariximizdə əbədi yaşayacaq: "Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. "Vətən Müharibəsi Ordeni" Azərbaycanın ən ali hərbi ordenidir. "Zəfər" ordeni, "Qarabağ" ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib. Ordumuz Şuşaya qədər qələbə yolu ilə, uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini, Qubadlı, Zəngilan rayonlarını azad edib və noyabrın 8-də Şuşa şəhərini azad edib. Noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib".
Sirr deyil ki, milli mənlik şüuru formalaşmış, bu ruhda tərbiyə olunmuş hər bir gənc öz xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, ona düzgün qiymət verir. Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən kənarda baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün artibutlara: milli bayrağa, gerbə, himnə, dini etiqada və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər. Torpaq, vətən insanın yaşayış və əbədiyyət məskəni, ulularımızın müqəddəs məbədidir. Bu ideyalar, gəncləri ruhlandıran, onlarda vətənpərvərlik hissini formalaşdıran fikirlər dövlət rəhbərliyi tərəfindən səsləndirildikdə daha yüksək naliyətlər əldə etmək mümkün olur. Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı zamanı söyləriyi fikirlər gənclərə daha da ruh və inam verdi: "Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!" Bu fikirlər bir daha təsdiq edir ki, vətənpərvərlik Vətənə olan ülvi məhəbbətdir. Hər bir gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır. Bu hiss insanın daxilində yaranmayıbsa, o zaman nə Vətənini, nə torpağını, nə də valideynlərini sevə bilməz. Başqa sözlə, "vətənpərvərəm" deməklə iş bitmir. Hər bir gənc vətənpərvərliyi əməlləri, gördüyü işlər ilə sübut etməlidir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, onu da müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə, milli mənlik şüurunun möhkəmlənməsinə yönəltmək lazımdır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan qidalanır, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, Vətəni qorumağa çağırır. Beləliklə, əsl vətənpərvər Vətənin gələcəyi naminə çalışan, Vətənin mənafeyini şəxsi mənafeyindən çox-çox yüksəkdə tutan, dar gündə əldə silah sərhədlərimizin keşiyini çəkmək üçün yollanmağa hazır olan gənclərdir. Bir sözlə, əsl vətənpərvər əsl vətəndaşdır. Artıq qətiyyətlə demək olar ki, bu gün Vətənimizin gələcək taleyi əsl vətənpərvərlərin əlindədi.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir