"Talibanı o vaxt ABŞ yaratmışdı, indi isə müharibəni dayandırmaq üçün onunla razılığa gəlir"
4 Mart 2020 16:48 SiyasətBildirilir ki, ABŞ prezidenti Donald Tramp Əfqanıstan Taliban hərəkatının liderlərindən olan Molla Əbdülqəni Bəradər ilə telefonla danışıb. Bu, ötən həftə ABŞ və Taliban arasında əldə olunmuş sülh sazişi ilə bağlı olub.
Taliban dünyada terror təşkilatı kimi tanınır və hələ də Əfqanıstanda seçilmiş hökumətə qarşı davamlı terror aktları həyata keçirən ən böyük qruplaşmadır. ABŞ prezidentinin belə bir təşkilatın lideri ilə telefonla danışması siyasi təcrübədə varmı? Ümumiyyətlə, Taliban leqallaşdırılması Əfqanıstan və regiona nə vəd edir?
Bununla bağlı Sonxeber.az-a danışan politoloq Mübariz Əhmədoğlu üç gün bundan əvvəl Qətərin paytaxtı Dohada Taliban hərəkatının lideri Bəradərlə ABŞ-ın dövlət rəsmisi, Əfqnıstan üzrə xüsusi nümayəndə arasında müqavilə imzalandığını bildirdi. Politoloq müqavilənin imzalanmasında dəvət olunanların iştirak etmədiyinin deyildiyini də bildirib. Buna səbəb kimi isə dünyanı qorxuya salan koronavirus epidemiyası göstərilib:
"Mən elə başa düşürəm ki, əgər dövlət başçıları ora nümayəndə göndərmək istəsəydilər, göndərərdilər. BMT-nin siyahısında, dünya miqyasında Taliban rəsmən terrorçu təşkilatlar sıyahısındadır. Talibana qarşı ABŞ-ın belə mövqedə dayanması və müqavilə imzalanandan sonra
ABŞ prezidenti Donald Trampın verdiyi açıqlalamalar hüquqdan daha vacib siyasi məsələlərin olduğunu göstərir".
Politoloq sözügedən məsələnin təxminən İŞİD terror qruplaşmasının yaranmasına bənzər hadisə və ya ehtimalı gündəliyə gətirdiyini açıqlayıb:
"80 -ci illərdə SSRİ Əfqanıstanda olarkən Taliban hərakatı yarandı. Deməli, Talibanı o vaxt ABŞ yaratmışdı ki, indi də də Talibanla Əfqanıstanda müharibənin dayandırmaqla bağlı razılığa gəlir. Bununla da ABŞ qoşunlarını oradan çıxarmaq istəyir".
Politoloq Mübariz Əhmədoğlu həmçinin müqavilənin imzalanması və Trampın sözügedən telefon danışığını dünyanın iri, ciddi dövlətləri arasında rast gəlinməyən təcrübə kimi dəyərləndirib:
"Düşünürəm ki, əsas siyasi məsələ bundan sonra başlayacaq. Yəni, ABŞ BMT-yə Talibanın terrorçu təşkilatlar sırasından çıxarılmağı üçün müraciət edib. BMT-də qərarlar Təhlükəsizlik Şurasının beş üzvünün razılığı ilə qəbul edilir. Rusiyanın buna yenidən razılıq verməyəcəyi hiss olunur. Rusiya özü Əfqanıstanın daxilində müəyyən iştirak payına sahib olmaq istəyirdi. Ona görə BMT-nin belə bir qərar qəbul edəcəyi təqdridə, Rusiyanın sakit dayanacağını düşünmürəm. Həm də Taliban Əfqanıstanda bundan sonra sabitliklə bağlı heç bir arzusunu rellaşdıra bilməyəcək. Çünki Talibanın özünün də daxilində müxtəlif qüvvələr var".